Rumıniya ilə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
17 Oktyabr 2018 16:03 SiyasətAzərbaycanla Rumıniya arasında strateji tərəfdaşlıq iki ölkə arasında ticarət-iqtisadi, elmi-texniki, əmək və sosial müdafiə sahələrində əməkdaşlığın inkişafı üçün də əlverişli zəmin formalaşdırıb. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan Respublikasının Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri Sahil Babayev Rumıniyanın ölkəmizdəki səfiri Dan İanku ilə keçirdiyi görüşdə bildirib.
D.İanku ölkəsinin ticarət-iqtisadi, elmi-texniki sahələrdə Azərbaycanla əməkadaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu deyib. Səfir, eyni zamanda, əmək, məşğulluq və sosial müdafiə sahələrində ikitərəfli əlaqələrin qurulması və getdikcə genişləndirilməsi, fəal təcrübə mübadilələrinin aparılması üçün müvafiq səylərin göstəriləcəyini bildirib.
Görüşdə Müştərək Komissiyanın gələcək fəaliyyəti, ticarət-iqtisadi, elmi-texniki, əmək və sosial müdafiə sahələrində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.