Qarabağ məsələsində İranın dəstəyi Azərbaycan üçün faydalı olar

Zaman-zaman Dağlıq Qarabağ probleminin həllində qonşu ölkələrin, xüsusilə İran, Türkiyə və hətta Gürcüstanın vasitəçilik etməsi ilə bağlı təşəbbüslər, təkliflər səsləndirilib, irəli sürülüb. Lakin onu da qeyd etmək lazımdır ki, həmin təşəbbüslərin heç biri bu günə qədər reallaşmayıb.

Zaman-zaman Dağlıq Qarabağ probleminin həllində qonşu ölkələrin, xüsusilə İran, Türkiyə və hətta Gürcüstanın vasitəçilik etməsi ilə bağlı təşəbbüslər, təkliflər səsləndirilib, irəli sürülüb. Lakin onu da qeyd etmək lazımdır ki, həmin təşəbbüslərin heç biri bu günə qədər reallaşmayıb.  Bu günlərdə isə yenidən cənub qonşumuzun Qarabağ danışıqlarında vasitəçi olması ilə bağlı təşəbbüslər, hətta fəaliyyətlər belə nəzərə çarpır. Hələlik bu fəaliyyətlər, təşəbbüslər qeyri-hökumət təşkilatları səviyyəsində özünü göstərir. Hər halda Qarabağ Azadlıq Təşkilatının cənub qonşumuzda keçirdiyi görüşlər belə deməyə əsas verir.  Belə ki, Qarabağ Azadlıq Təşkilatı İranda Qarabağın azad olunmasıyla bağlı konfrans və görüşlər keçirir. Azərbaycan hakimiyyəti Qarabağ Azadlıq Təşkilatının Bakıdakı mitinqlərinə mənfi yanaşsa da, başqa ölkələrdə keçirdiyi tədbirlərə mane olmur. Əksinə Qarabağ Azadlıq Təşkilatının İrandakı görüşləri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsi əsasında reallaşdırılır. Yəni təşkilatın bu layihəsini dövlət maliyyələşdirir.

Cənub qonşumuzda Qarabağla bağlı keçirilən görüşlər və tədbirləri şərh edən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Qarabağ məsələsinin həllində İranın dəstəyi Azərbaycan üçün faydalı ola bilər. Ancaq bir şərtlə ki, cənub qonşumuz bu prosesdə səmimi və ciddi olsun: " Qarabağ Azadlıq Təşkilatının rəhbəri Aki Nağının İrandakı çıxışlarının əsas leytmotivi belə idi: "Qarabağla bağlı vəziyyəti geniş auditoriyaya yaymaq istəyirik", "Qarabağ məsələsində İranın Azərbaycana dəstək verməsini istəyirik". Haqlı istəklərdir. Ancaq Qarabağ Azadlıq Təşkilatının rəhbərinin İranda səsləndirdiyi bu sözlər də diqqəti çəkdi: "ABŞ-ın Ermənistandakı səfirliyində 2 mindən artıq əməkdaşı var. ABŞ Ermənistanda möhkəmlənmək istəyir. Orda möhkəmlənəndən sonra ABŞ Türkiyə və İranı hədəfə götürəcək, bunu unutmaq olmaz". Görünür, Akif Nağı bu ifadə ilə demək istəyib ki, İran-Ermənistan əlaqələri İranın özünün elan etdiyi ideloji xəttə ziddir, çünki İrəvan Tehranın şeytan adlandırdığı ölkə ilə sıx əməkdaşlıq edir. Bu sözlərin İran auditoriyasına nə dərəcə təsir etdiyini söyləmək çətindir. Çünki, İran Ermənistanla əlaqə qurarkən Ermənistan-ABŞ münasibətlərini nəzərə almır, dindən yox özünün formalaşdırdığı regional maraqlarından çıxış edir. Ona qalsa Azərbaycan da ABŞ-la sıx əməkdaşlıq edir". Politoloq deyib ki, konfranslarda çıxış edən iranlı din alimlərin və ekspertlərin fikirlərini isə belə ümumiləşdirmək olar. Birincisi, "Qarabağ islam torpağıdır. Bunu İranın ali dini lideri Əli Xamaneyi də daima bildirir". İkincisi,  "İran Qarabağ uğrunda ölənləri şəhid sayır". Üçüncüsü, "İran üçün Qarabağ Fələstin və Qüds qədər əzizdir". Dördüncüsü, "Qarabağı və Qüdsi mömin dindar gənclər azad edəcəklər". Nəhayət. Beşincisi, "İsrail və Səudiyyə Ərəbistanı şərə xidmət edirlər". İranlı alimlər və ekspertlər Qarabağ məsələsində İranın Azərbaycana dəstək verdiklərini və verəcəklərini söyləsələr də bir əlavəni də unutmurdular: "Azərbaycan İsraillə əməkdaşlığını gözdən keçirməlidir". Məsələn, Təbrizin imamı, İranın ali dini liderinin Təbrizdəki nümayəndəsi Ali Haşim Qarabağ Azadlıq Təşkilatının nümayəndə heyəti ilə görüşdə Qarabağla bağlı danışdıqdan sonra İsraillə əməkdaşlığın risqli olduğunu bu sözlərlə izah etdi: "İsrail Azərbaycan Respublikası müsəlmanları ilə bizim aramızda nifaq salmaq istəyir. Biz nəinki Qarabağ torpaqlarının, həmçinin bütün dünyadakı işğaldakı torpaqların azad olunmasını, müsəlmanların rahat yaşamasını arzulayır. Allah imkan versin, bütün dünyada müsəlmanlar bir-birinə daha da yaxın olsunlar".

Politoloq deyib ki, Qarabağ məsələsində İranın dəstəyi Azərbaycan üçün faydalı olardı: "Bu baxımdan Qarabağ Azadlıq Təşkilatının İrandakı görüşləri də buna xidmət edir. Ancaq həmin görüşlərdə ABŞ, İsrail və Səudiyyə Ərəbistanı şər üçbucağı adlandırılır. Azərbaycan isə bu 3 ölkə ilə tərəfdaşdır və rəsmi Bakı İranın istəyi ilə bu 3 ölkə ilə əməkdaşlıqdan imtina etməyəcək. Bu isə o deməkdir ki, iranlı din adamları nə qədər "Qarabağ İslam və Azərbaycan torpağıdır" desələr də, ABŞ, İsrail və Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq edən Azərbaycana Qarabağın azad olunmasında Qarabağ Azadlıq Təşkilatının arzuladığı şəkildə dəstək verməyəcəklər".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31