"Paşinyan xalqa arxalanaraq parlamentə qarşı getdi" - MÖVQE

"Ermənistanın baş naziri Nikol Paşinyan "Frans 24" telekanalına müsahibəsində bildirib ki, oktyabrın 16-dək istefa verməyə hazırlaşır: "Əslində, mən ilkin olaraq deyə bilərəm ki, növbədənkənar parlament seçkiləri bir neçə gün xətası ilə 9-10 dekabrda keçiriləcək. Bu səbəbdən də, mən oktyabrın 16-dək istefa verməliyəm". Belə çıxır ki, Paşinyan bu gün istefa verəcək ki, dekabrda keçirməyi planlaşdırdığı növbədənkənar parlament seçkilərinə hazırlaşsın. Təbii ki, Paşinyanın bu addımı atmağa vadar edən səbəb İrəvan meri seçkilərində namizədinin böyük səs faizi ilə qalib gəlməsi və 2 oktyabr tarixində parlamentdə ona qarşı əks-inqalabın baş verməsi ilə əlaqədardır".

Bunu  politoloq Ehtiram Aşırlı deyib.

Onun sözlərinə görə, Paşinyan, Levon Ter Petrosyandan sonra xalq tərəfindən ən böyük dəstəyi alan ikinci bir şəxsdir: "Ehtimal ki, bu növbədənkənar parlament seçkilərində də Paşinyanın ən böyük dəstəkçisi xalq olacaq. O, xalqa arxalanaraq parlamentə qarşı getdi və xalqın gücü ilə hələ ki istədiklərinə nail ola bilir. Dekabrda keçirilməsi planlaşdırılan növbədənkənar parlament seçkilərində Paşinyan xalqın dəstəyini arxasına alaraq qələbə qazanması ehtimalı olduqca yüksəkdir. Keçirilməsi planlaşdırılan seçkilərdə Paşinyana ən böyük dəstək Qərbdən gələcək. Xüsusilə, Avropa və ABŞ-da yaşayan erməni lobbilərinin dəstəyi Paşinyandan yana olacağını ifadə edə bilərik. Daxildən isə "Respublikaçılar" partiyası xaric parlamentdə fəaliyyət göstərən "Çiçəklənən Ermənistan" partiyası, "Daşnaksütyun" və "Yelk" bloku tərəfindən dəstəyin gəlməsi ehtimalı mövcuddur.

Bu seçkilərdə qalib gələcəyi təqdirdə Paşinyan öz hakimiyyətinin legitimliyini elan edəcək və bununla kifayətlənməyib həmçinin hakimiyyətdə mövqeyinin də güclənməsinə nail olacaq. Qələbə qazandıqdan sonra ehtimal ki, köhnə hökumət nümayəndələrini bir-bir parlamentdən uzaqlaşdıracaq, xüsusilə də Ermənistan "Respublikaçılar" partiyasının üzvlərinin parlamentdəki üstünlüyünü əlindən almağa çalışaraq onları milli məclisdən uzaqlaşdıracaq. Hökumətdə öz kadrlarını yerləşdirərək mövqeyini daha da möhkəmlətmiş olacaq. Digər tərəfdən köhnə hökumət nümayəndələrinə qarşı korrupsiya ilə mübarizə adı altında cinayət işlərini davam etdirərək Robert Köçəryan, Serj Sərkisyan, Mikael Harutyunyan, Yuri Xaçatrurovun həbs edilməsi prosesini daha da genişləndirəcəyini söyləyə bilərik. Bir sözlə, Paşinyanın seçkiləri qazanması onun siyasi əlinin daha da güclənməsi deməkdir".

sia

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31