İctimai şuraların yaradılmasına kim maneə olur?
7 Sentyabr 2018 13:36 SiyasətAzərbaycanda vətəndaşların dövlətin idarə olunmasında iştiraka cəlb edilməsi, mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi məqsədilə "İctimai iştirakçılıq haqqında" qanun qəbul edilib. İnsafən desək, sözügedən qanun mahiyyət və fəlsəfi baxımdan təkmilliyi ilə seçilir. Qanun ölkə vətəndaşlarının dövlət idarəetməsinin həyata keçirilməsinə cəlb edilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. Qeyd edək ki, ölkədə ictimai ictimai iştirakçılığı təmin etməkdə məqsəd vətəndaşların dövlətin idarə olunmasında iştiraka cəlb edilməsi, mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması, dövlət siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması və əsas insan və vətəndaş hüquqlarının müdafiəsindən iarətdir. Sadalanan vəzifələrin həyata keçirilməsi məqsədilə mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının nəzdində İctimai Şuralar yaradılır. İctimai şura 5-15 üzvdən ibarət tərkibdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əsasnaməyə uyğun olaraq vətəndaş cəmiyyəti institutları tərəfindən seçilir. Azərbaycan Respublikasının 16 yaşına çatmış hər bir vətəndaşı ictimai şuranın üzvü ola bilər. Çox təəssüf ki, ölkədə ictimai nəzarəti həyata keçirmək məqsədilə qanunvericilikdə kifayət qədər imkanlar yaradılmasına baxmayaraq əksər mərkəzi və yerli icra hakimiyyəti orqanları belə Şuraların yaradılmasını təmin etməyiblər. Maraqlıdır, nədən icra strukturları belə şuraların yaradılmasında maraqlı deyillər?
Yeri gəlmişkən qeyd edək ki, hazırda bir sıra mərkəzi və yerli icra hakimiyyəti orqanlarında İctimai Şuralar yaradılıb və olduqca səmərəli fəaliyyət göstərməkdədir. İctimai Şuraların həyata keçirdikləri fəaliyyət növlərinə nəzər salmaq belə bir qurumun yaradılmasının vacibliyini gündəmə gətirir. Məsələn, Ədliyyə Nazirliyində məhkumların islah edilməsində ictimaiyyətin iştirakı və cəzanı icra edən müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi məqsədilə İctimai Komitə yaradılıb. Xatırladaq ki, belə bir ictimai nəzarətin məqsədi məhkumların islah edilməsində ictimaiyyətin iştirakı və penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarət təyin olunmuş cəzanın məqsədlərinə nail olunması və bu müəssisələrin fəaliyyətinə kömək göstərilməsindən ibarətdir.
İctimai Komitə məhkumların islah edilməsində və penitensiar müəssisələrin işinə ictimai nəzarətin həyata keçirilməsində qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin geniş dairəsinin iştirakını təmin etmək məqsədilə əsasən hüquq müdafiə, hüquq maarifçiliyi, təhsil, səhiyyə sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və onların birliklərinin, dini qurumlar və onların birliklərinin nümayəndələrindən, habelə görkəmli alimlərdən, mədəniyyət və digər ictimai xadimlərdən ibarət tərkibdə təşkil olunur. Təkcə bu Komitənin fəaliyyət dairəsinə nəzər yetirdikdə ictimai nəzarətin vacibliyi önə çıxır. Belə ki, Komitə məhkumların islah edilməsində aşağıdakı formada iştirak edir. Məhkumların ümumi təhsil almalarına, peşə hazırlığına kömək göstərilməsi; məhkumların asudə vaxtının səmərəli təşkilinə, onların ictimai faydalı əməyə cəlb olunmasına kömək göstərilməsi; penitensiar müəssisələrdə əxlaqi, hüquqi, əmək, fiziki və başqa tərbiyə tədbirlərinin həyata keçirilməsi; məhkumların vicdan və dini etiqad azadlığının təmin olunmasına yardım göstərilməsi; məhkumlara hüquqi yardım göstərilməsi; məhkumlarla hüquqi maarifləndirmə işinin aparılması; məhkumların ailə üzvləri, yaxın qohumları ilə görüşlərin keçirilməsi; məhkumların görkəmli dövlət, elm, mədəniyyət, incəsənət xadimləri və idmançılarla görüşlərinin keçirilməsi; məhkumların bədii özfəaliyyətlə məşğul olmasına kömək göstərilməsi; məhkumlar üçün konsertlərin və digər mədəni tədbirlərin təşkil edilməsi; cəzanın icrası qaydalarını qərəzli pozan məhkumlarla fərdi tərbiyə işinin aparılması; əcnəbi, vətəndaşlığı olmayan və ya qaçqın statusuna malik olan məhkumlara mənsub olduqları dövlətlərin Azərbaycan Respublikasındakı diplomatik və ya konsulluq nümayəndəlikləri və ya bu şəxslərə himayədarlığı üzərinə götürülmüş milli, yaxud beynəlxalq təşkilatlara müraciət etmək üçün kömək göstərilməsi; qanunla qadağan olunmamış mənbələrdən maliyyələşdirilən, penitensiar müəssisələrin fəaliyyətinə uyğun olan və məhkumların islahına xidmət edən digər layihələrin həyata keçirilməsi; məhkumların maddi-məişət və tibbi-sanitariya təminatının yaxşılaşdırılmasına kömək göstərilməsi; məhkumlara və ya onların yaxın qohumlarına mənəvi, maddi və s. kömək göstərilməsi; məhkumların azadlığa hazırlanması, onların cəza çəkməkdən azad edildikdən sonra yaşayış yeri, işlə təmin olunma, tibbi və sosial təminat, sosial-psixoloji reabilitasiya üzrə məsələlərin həllinə kömək göstərilməsi; penitensiar müəssisələrin maddi-texniki bazasının gücləndirilməsinə kömək göstərilməsi. Göründüyü kimi ictimai şuralar təkcə mərkəzi və yerli icra strukturlarının fəaliyyətinə nəzarət etmir, eyni zamanda onların həyata keçirdikləri vəzibələrin icrasında yardımçı olurlar. Belə halda icra strukturları ictimi şuraların yaradılmasında maraqlı olmalıdırlar.
Nurlan