Qarabağ klanı Paşinyana qarşı ittifaq yaradır
Nikolun kreslosu ləngər vurur Artıq bir ilə yaxındır ki, Dağlıq Qarabağ probleminin həlli istiqamətində heç bir ciddi addım atılmır və görüş keçirilmir. Ən son keçən ilin oktyabr ayında Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevlə işğalçı ölkənin devrilmiş sabiq prezidenti Serj Sərkisyan arasında baş tutan görüşdən sonra belə bir formatda yüksək səviyyəli görüşün keçirilməməsi bunu deməyə əsas verir.
16 Avqust 2018 12:46 SiyasətNikolun kreslosu ləngər vurur
Artıq bir ilə yaxındır ki, Dağlıq Qarabağ probleminin həlli istiqamətində heç bir ciddi addım atılmır və görüş keçirilmir. Ən son keçən ilin oktyabr ayında Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevlə işğalçı ölkənin devrilmiş sabiq prezidenti Serj Sərkisyan arasında baş tutan görüşdən sonra belə bir formatda yüksək səviyyəli görüşün keçirilməməsi bunu deməyə əsas verir. Düzdür, ötən bir ilə yaxın müddətdə həmsədrlər bir neçə dəfə regiona səfər edərək tərəflərin yüksək səviyyəli görüşünün keçirilməsinə çalışsalar da, lakin dövlət başçıları səviyyəsində danışıqlar prosesi bu günə qədər mümkün olmayıb. Ən son Brüsseldə Avropa İttifaqının və NATO-nun sammiti ərəfəsində Azərbaycan və Ermənistan prezidentlərinin bir araya gələcəyi barədə xəbərlər yayılsa da, lakin bu da özünü doğrultmadı, Bu müddət ərzində bir neçə dəfə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri səviyyəsində görüşlər keçirilsə də, lakin həmin görüşlərin də heç bir nəticəsi olmayıb ki, bunun da bir sıra vacib səbəbləri var. Birincisi, Ermənistan hələ də Dağlıq Qarabağ probleminin diplomatik, sülh yolu ilə həllinə hazır deyil. İrəvanın sülhə hazır olmaması onun nümayiş etdirdiyi aqressiyada özünü açıq şəkildə göstərir. Müntəzəm olaraq cəbhə xəttində həyata keçirilən təxribat əməlləri, erməni rəsmilərinin Azərbaycana qarşı səsləndirdikləri hədə, təhdid dolu açıqlamaları, eləcə də danışıqların formatına zidd təşəbbüs və təkliflərin, şərtlərin irəli sürülməsi deyilənlərin əyani sübutudur.
Ermənistanın Dağlıq Qarabağ probleminin həllinə diplomatik yolla hazır olmamasının digər bir səbəbi isə düşmən ölkədə cərəyan edən proseslərlə bağlıdır. İnqilab yolu ilə hakimiyyəti zəbt edən baş nazir Nikol Paşinyan gözəl bilir ki, hərbi yolla olduğu kimi, diplomatik yolla da problemin yalnız bir variantı var. O da, Azərbaycanın işğal altında olan ərazilərinin boşaldılmasıdır. Artıq bütün dünya, beynəlxalq təşkilatlar bu reallığı anlayır və qəbul edir. Eyni zamanda hər kəs, dünya ictimaiyyəti problemin məhz qeyd edilən prinsiplərlə həllini məqbul sayır. İndiki halda isə Paşinyanın buna getməsi onun qısa müddətdə hakimiyyətdən getməsi ilə nəticələnə bilər. Çünki Nikol inqilaba başlayan zaman Sərkisyan hakimiyyətinin ünvanına səsləndirdiyi iradlardan biri də məhz Qarabağ problemi ilə bağlı idi və özündən əvvəlki rejimi Qarabağ məsələsində səriştəsizlikdə ittiham edirdi. İndi Paşinyan problemin yuxarıda qeyd edilən prinsiplərlə həllinə razılıq versə, onun siyasi gələcəyi heç də yaxşı olmayacaq. Ona görə də indiki halda Paşinyan və onun hökumətinin bir qədər aqressiv mövqedən çıxış etməsi başadüşüləndir. Bir sözlə Dağlıq Qarabağ probleminin həlli istiqamətində ciddi addımların atılmaması və danışqlar prosesinin baş tutmamasının səbəblərindən biri məhz işğalçı ölkədə yaşanan daxili proseslərlə əlaqədardır. Elə əksər ekspertlər də bu qənaətdədirlər. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ermənistanda yaşanan siyasi hadisələr birbaşa Qarabağ konfliktinin tənzimlənməsinə mənfi təsir edir. Onun sözlərinə görə, erməni baş nazir Nikol Paşinyanın Qarabağ klanına qarşı mübarizəsinin nəticəsiz olması, birbaşa bu klanın Robert Köçəryanın rəhbərliyi ilə yenidən siyasi səhnədə aktivləşməsinə səbəbə ola bilər: "Bu da Nikol Paşinyanı nöbvbəti seçkilərdə surprizlərlə üzləşməsi ilə nəticələnə bilən siyasi proseslərə gətirib çıxara bilər. Qeyd edim ki, Robert Köçəryanın həbsdən azad edilməsi, birbaşa Moskvanın təzyiqi ilə əlaqədardır. Bir müddət bundan əvvəl Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturovun həbsi və azad edilməsi, ardınca Rusiyaya getməsi də gedən proseslərin ardıcıllığıdır. Yuri Xaçatuorv Moskvada birbaşa Robert Köçəryanın həbsdən azad edilməsi üçün Kremldə görüşlər və danışıqlar aparıb. Hesab edirəm ki, Robert Köçəryan, Serj Sərkisyan və Yuri Xaçaturov Qarabağ kalnını ətrafnda birləşdirib, Moskvanın təlimatı ilə Nikol Paşinyana yeni cəbhə formalaşdıracaqlar. Serj Sərkisyanın Qarabağda olması birbaşa bu ssenarinin tərkib hissəsidir".
Politoloq deyib ki, Robert Köçəryan-Serj Sarkisyan xalqı, yalnız Qarabağ məsələsi ilə bağlı Nikol Paşinyandan narazı sala bilərlər: "Erməni baş nazir seçkilərdən sonra danışıqlar masası arxasına keçib, Qərbin dəstəyi ilə danışıqlar aparmağı planlaşdırır. Azərbaycanın da Paşinyana seçkilərə qədər vaxt verməsi bununla əlaqədardır. Nikol Paşinyan fikirləşir ki, Qarabağ klanını siyasi səhnədən uzaqlaşdırmaqla, danışıqlarda heç bir daxili təzyiqlə üzləşməyəcək. Göründüyü kimi, Moskanın birbaşa müdaxiləsi və dəstəyi ilə Qarabağ klanı yenidən toparlamaq yolundadır və növbəti danışıqlarda Paşinyana Qarabağ məsələsində ciddi təzyiqlər edəcək. Bu da yenidən münaqişənin uzanmasına və nəticəsiz danışıqlar prosesinə səbəb ola bilər. Ermənistanda Robert Köçəryan və Serj Sərkisyan Rusiyanın yardımı ilə əks-inqilab formalaşdıra bilərlər. Azəbayacanı narahat edən məsələ isə, Ermənistanda baş verən siyasi hadisələrin birbaşa danışıqlara mənfi təsir etməsidir".
Süleyman