Azərbaycan-Ermənistan sülhünün "seçki düyünü": Proseslər niyə ləngiyir? – ÖZƏL

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası prosesi beynəlxalq hüququn prinsipləri əsasında davam etsə də, icra sürəti olduqca zəif qiymətləndirilir. Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin ötən həftə Ermənistana etdiyi səfər 1066 kilometrlik ümumi sərhədin hələlik cəmi 13 kilometrinin delimitasiya olunduğunu bir daha diqqətə çatdırıb.

Bəs bundan sonra nə olacaq? Delimitasiya prosesi necə aparılacaq? 

"Azərbaycan və Ermənistan arasında münasibətlərin qurulması prosesi artıq başlayıb. İqtisadi-ticari münasibətlər tədricən formalaşmaqdadır. Növbəti mərhələdə isə siyasi və diplomatik münasibətlərin qurulması prosesinə də başlanılması gözlənilir. Ancaq hələlik bütün bu proseslər, o cümlədən delimitasiya prosesi gözlənildiyindən daha ləng inkişaf edir. Bunun da bir sıra səbəbləri mövcuddur. Həmin səbəblər sırasında yekun sülh sazişinin hələ də imzalanmaması xüsusi yer tutur".

Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, Paşinyan hakimiyyətinin ölkə daxilindəki vəziyyəti də mövcud situasiyaya birbaşa təsir göstərir. Böyük ehtimalla, Paşinyan hakimiyyəti növbəti parlament seçkilərini riskə atmaqdan çəkinir. Çünki Ermənistanda Rusiyaya bağlı revanşist və radikal qüvvələr hələ də kifayət qədər ciddi təsir imkanlarına malikdirlər. Buna görə də Paşinyan hakimiyyəti delimitasiya prosesində, eləcə də Azərbaycanla bağlı digər məsələlərin sürətli həllində ehtiyatlı mövqe tutmağa məcbur qalır. Böyük ehtimalla, əgər Paşinyan hakimiyyəti növbəti parlament seçkilərində qalib gələrsə, o zaman bu proseslər daha sürətli xarakter ala bilər. Yəni seçkilərdə qələbə qazandıqdan və siyasi baxımdan nisbətən rahat vəziyyətə keçdikdən sonra Paşinyan hakimiyyəti Ermənistan Konstitusiyasında dəyişikliklər etməli olacaq. Bundan sonra isə Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması mümkün görünür. Məhz yekun sülh sazişinin imzalanmasından sonra həm Azərbaycan və Ermənistan arasında siyasi-diplomatik münasibətlərin qurulması prosesi başlaya, həm də delimitasiya və demarkasiya prosesi daha sürətli xarakter ala bilər. Bu isə onu göstərir ki, bir çox məsələlərin həlli Ermənistanda keçiriləcək növbəti parlament seçkilərinin nəticələrindən asılıdır. Növbəti parlament seçkilərinin Paşinyan hakimiyyətinin qələbəsi ilə yekunlaşması olduqca vacib hesab olunur. Çünki yalnız bu halda Azərbaycan və Ermənistan arasındakı sülh prosesi pozitiv nəticələrlə yekunlaşa bilər. Bu isə ümumilikdə Cənubi Qafqaza sülh və sabitlik gətirə, eyni zamanda region ölkələri üçün yeni inkişaf perspektivləri aça bilər.

Ekspertin sözlərinə görə, əgər Rusiyaya bağlı qüvvələr hakimiyyət uğrunda üstünlük əldə edərlərsə, o zaman sülh sazişinin imzalanması ehtimalı ciddi risk altına düşə bilər. Belə olan halda, Rusiyanın təsiri altında fəaliyyət göstərən qüvvələrin Cənubi Qafqazda yeni hərbi gərginlik yaratmaq üçün müəyyən təxribatlara əl atması ehtimalı da istisna olunmur. Bu baxımdan, Ermənistanda keçiriləcək növbəti parlament seçkiləri regionda baş verəcək proseslərə daha geniş miqyasda aydınlıq gətirə biləcək mühüm siyasi hadisə hesab olunur.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31