Ölkənin sabitliyini hər vasitə ilə pozmaq istəyirlər - ŞƏRH
31 İyul 2018 12:40 SiyasətHacı Ceyhun Şükürov: "Həm sosial şəbəkələrdə, həm "çayxana" kimi gənclərin mütəmadi cəmləşdiyi yerlərdə heç bir dövlət qeydiyyatı olmayan, heç bir dini idarə və qurumda tanınmayan bir "dindar molla" gənclərin beynini dinin tələbinə müxalif şəkildə yumaqla məşğuldur"
Azərbaycan bu gün bir çox müsbət xüsusiyyətləri ilə dünya ölkələri arasında seçilir, təqdir olunur. İstər iqtisadi inkişaf tempi, istər mövcud olan siyasi sabitlik, istər tolerantlıq və multikulturalizm ənənələrinin keçmişdən bu günə uğurla davam etdirilməsi kimi elementləri özündə cəmləşdirən Azərbaycan hətta bütün bu göstəricilərə görə əksəriyyət ölkələrə nümunə olaraq da göstərilir. Ancaq təəssüflər olsun ki. Azərbaycanı malik olduğu bu müsbət xüsusiyyətlərə görə qısqananlar, ölkəmizin bu sahələrdə əldə etdiyi uğurları gözü götürməyənlər də var. Və bir mənfi tendensiya da ondan ibarətdir ki həmin dairələr, qüvvələr müntəzəm olaraq müxtəlif cəhdlərdə bulunaraq Azərbaycana təsir, təzyiq göstərməyə, onu yolundan döndərməyə çalışırlar. Və hər dəfə də antiAzərbaycan qüvvələr məsələlərə müxtəlif prizmalardan yanaşaraq dövlətimizi ləkələməyə, mövcud olan ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirlər. Bu mənada antiAzərbaycan şəbəkənin ənənəvi olaraq əl atdığı, istifadə etdiyi faktorlardan biri də dindir. Müntəzəm olaraq belə bir rəy formalaşdırılmağa, mənfi imic yaratmağa çalışılır ki, guya Azərbaycanda dini dözümlülük yoxdur, insanlar öz dini dünyagörüşlərinə görə təqib olunur hətta həbsə atılır, yaxud onlara öz dini inanclarını icra etmək üçün şərait yaradılmır. Son günlər isə bu istiqamətdə ölkəmizi gözdən salmağa, onu ləkələməyə yönəlik fəaliyyətlər daha da intensivləşib. Xüsusiləş bir müddət əvvəl Gəncədə baş verən məlum hadisələrdən sonra məlum şəbəkə Azərbaycanda dini zəmində qarşıdurma yaratmağa yönəlik fəaliyyətlərini artırıb. Artıq sosial şəbəkələr vasitəsilə də bu kimi fəaliyyətlər özünü göstərir. Ancaq reallıq və Azərbaycandakı dini sahədə mövcud vəziyyət tamamilə fərqlidir və ölkəmiz bu gün dünyada dini cəhətdən tolerant bir dövlət kimi tanınır. Təbii ki, bu cür tanıtımda dövlətin bu sahədə atmış olduğu məqsədyönlü addımların da mühüm rolu var. Elə ilahiyyatçı Hacı Ceyhun Şükürov da bu qənaətdədir. Onun sözlərinə görə, Azərbaycanda son dövrlər dövlət tərəfindən həyata keçirilən balanslaşdırılmış və dindarların tətbiqinə xüsusi həsasslıq göstərdikləri tolerantlıq prinsipləri xüsusilə dini ictimaiyyət arasında aparılan təbliğat və təşviqatlar onu göstərir ki, düzgün istiqamətdə atılmış dini maarifləndirmə öz müsbət tövhələrini verməkdədir. Hacı Ceyhun Şükürov bildirib ki, müxtəlif məzhəb və təriqətlərə mənsub insanlar birgə ibadətlərini eyni məkanda və zamanda həyata keçirirlər: "Daha əvvəllər eyni məsciddə müxtəlif məzhəb mənsubları ibadətləri yerinə yetirmirdilərsə, indi artıq bu bütün məscidlərdə kütləvilk halını alıbdır. Bu vəziyyət həm dost və qardaş ölkələrdə, həm də digər dövlətlərdə müsbət hal kimi dəyərləndirilir. Ölkəmizə səfər edən beynəlxalq nüfuza malik din xadimləri, ictimaiyyət nümayəndələri, dövlət adamları respublikada dövlət səviyyəsində aparılan tolerantlıq və multikultural dəyərlərin xüsusi əhəmiyyətinə çox diqqət edirlər. Azərbaycanda həm müxtəlif dinlərin, həm də İslam məzhəblərinin bir-birilərinə qarşı örnək davranışları təqdirəlayiqdir. Amma buna baxmayaraq bəzi qəlbi qara, niyyəti pozuq, dini yalnız öz məqsədləri üçün sui-istifadə edənlər bu məsələyə dırnaq arası baxır, yeri düşdükcə öz məkirli planlarından da geri qalmırlar". İlahiyyatçı deyib ki, xarici kəşfiyyat qurumlarının əlində oyuncağa çevrilən bu şəxlər vətən, millət, ümmət anlayışından tamamilə uzaq olan, terroru öz çirkin məqsədləri üçün bir vasitə edənlərdir: "Bu adamlar hər bir vəchlə dindarlar arasında çaşqınlıq yaratmaq istəyir, dini əhkam və vəcibələrin ülvi məqsəddən kənar işlərə tərcih edərək insanları yanlış yönlərə istiqamətləndirirlər. Baxmayaraq ki, mütəşəkkil formada bütün məscidlərdə xütbə və moizələrdə bu kimi neqativ halların qarşısını almaq üçün çıxışlar edilir və mən bunun yetərsiz olduğunu güman edirəm. Çünki həm sosial şəbəkələrdə, həm "çayxana" kimi gənclərin mütamadi cəmləşdiyi yerlərdə heç bir dövlət qeydiyyatı olmayan, heç bir dini idarə və qurumda tanınmayan bir "dindar molla " gənclərin beynini dinin tələbinə müxalif şəkildə yumaqla məşğuldur. Baxmayaraq ki, gənclərin dini vəcibələrini məscidlərdə öyrənmək üçün hər bir şərait vardır, amma nədənsə yasaq meyvə daha şirin olur. Bunun üçün dini maarifçilikdən uzaq mütamadi şəkildə çayxana və kafelərdə aparılan zərərli təbliğatların qarşısı alınmalıdır. Heç şübhəsiz ki, zərərli təbliğatlar başqa məqsədlərin, xüsusilə ölkəmizə xas olmayan xaricdən dəstəklənən "dinin" və ya "təriqətin" emissarlarının istədiklərini həyata keçirmək üçün bir vasitədir. Bu "qüvvələr" ölkəmizdəki həm siyasi, həm iqtisadi sabitliyi həzm edə bilmirlər. Ölkənin sabitliyini hər bir vasitə ilə pozmaq istəyirlər. Xarici kəşfiyyat orqanlarının dini amildən istifadə etmələrinin yeganə səbəbi vardır ki, dini zəmində yaradılan stabillik, tolerantlıq prinsiplərinin tətbiqi kimlərisə dərindən narahat edir. Bunun üçün də terrorçuları dini motivdən istifadə edərək həm dövlət məmurlarına qarşı çıxışlar edir, həm də məzhəblərarası iğtişaşların alovlanmasını istəyən bu canilər bütün günü sosial şəbəkələrdə planlarının həyata keçməsi üçün dəridən qabıqdan çıxırlar". İlahiyyatçı deyib ki, Azərbaycanın artan hərbi qüdrəti, siyasi sabitliyi, qadaş ölkələr ilə yaxından əməkdaşlığı onların gözünə ox kimi batır: "Bunun üçün istər hüquq-mühafizə orqanları, istərsə digər güc strukturları , həmçinin ictimai nüfuza malik bütün şəxlər əl-ələ verib bu kimi neqativ halların qarşısını almaq üçün mütəşəkkil iş aparılmalıdır. Bu cür neqativ halların ortadan qalxması üçün hər kəs əlini daşın altına qoymalıdır".
Süleyman