Ötən illər ərzində Azərbaycan qədər sürətli inkişaf yolu ilə gedən ikinci ölkə olmayıb

Bütün bunlar Azərbaycan xalqının, dövlətinin nailiyyətləridir

Düzgün müəyyən edilmiş strategiya, həyata keçirilən uğurlu siyasət Azərbaycanın davamlı inkişafının qarantı rolunu oynayır. Son illərdə iqtisadi sahədə əldə etdiyimiz nailiyyətlər, qazanılan uğurlar fonunda bunu aydın görmək mümkündür. Elə bir müddət əvvəl 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin hesabat xarakterli çıxışından da eyni nəticə hasil olurdu. Cari ilin birinci yarısının yekunları ölkə iqtisadiyyatı üçün yadda qalan və uğurlu olduğu üçün, qarşıdakı müddət üçün ümidlər müsbətdir və ilin sonuna qədər Azərbaycan iqtisadiyyatının bir qədər də inkişaf edəcəyi istisna edilmir. Onu da qeyd edtmək yerinə düşər ki, Azərbaycan Respublikasının Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında əldə edilən uğurlar və nailiyyətlər ilə yanaşı, nöqsanlar da nəzərə çatdırıldı. Eyni zamanda Prezident İlham Əliyev bütün sahələrdə islahatların davam etdirilməsinin, daha da dərinləşməsinin vacibliyini vurğulayaraq Azərbaycanın hərtərəfli inkişaf etdirilməsi üçün həlli vacib olan məsələlərlə bağlı da ciddi tapşırıqlar verdi.

Əldə edilən nəticə və ortada olan statistika onu deməyə əsas verir ki, ötən altı ay ərzində ölkədə müəyyən edilən strateji xəttə uyğun dayanıqlı iqtisadi inkişaf təmin olunub, kompleks islahatların həyata keçirilməsi nəticəsində makroiqtisadi sabitlik möhkəmləndirilib, biznes və investisiya mühiti daha da yaxşılaşdırılıb, iqtisadiyyatın şaxələndirilməsi, regionların və sahibkarlığın inkişafı sürətlənib, qeyri-neft ixracı artıb. Görülən işlərin nəticəsidir ki, valyuta ehtiyatlarımız 44,3 milyard dollara yüksəlib, ölkə iqtisadiyyatına 6 milyard dollar sərmayə qoyulub, ümumi daxili məhsul 1,3 faiz, qeyri-neft sektoru 2, qeyri-neft sənayesi 8,8, kənd təsərrüfatı 7,6 faiz artıb, inflyasiya cəmi 3 faiz təşki edib, xarici ticarət dövriyyəsi 35 faiz, ixrac 34, qeyri-neft ixracı 20 faiz artıb. Həmçinin, qeyri-neft sektoru üzrə dövlət büdcəsinə 4,1 milyard manat vəsait daxil olub, 611 sahibkara isə 100 milyon manat güzəştli kredit verilib. Eləcə də Mingəçevirdə "ASAN Həyat" kompleksi açılıb, Neftçala Sənaye Məhəlləsində "Xəzər" avtomobil zavodu fəaliyyətə başlayıb, 10 rayonda xalça emalatxanası açılıb, Sumqayıt Polipropilen zavodu açılıb və s. Məhz, yaradılan yeni-yeni müəssisələr hesabına yeni iş yerlərinin açılması, maaş və təqaüdlərin artırılması insanların rifah halının da yüksəlməsinə gətirib çıxarıb. Millət vəkili Sədaqət Vəliyeva deyib ki,  bütün bunlarla yanaşı ötən altı ay ərzində əldə olunan nailiyyətlər hesabına Azərbaycan dünyadakı geosiyasi və geoiqtisadi statusunu da möhkəmləndirib: "Elə "Cənub qaz dəhlizi"nin açılışının olması, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi, TANAP-ın açılışının baş tutması, Bakıda təntənəli hərbi paradın keçirilməsi, aprel zəfərindən sonra Şərur rayonunun Günnüt kəndinin və əlavə olaraq 11 min hektardan çox ərazinin 26 ildən sonra işğaldan azad edilməsi deyilən fikrin əyani təsdiqidir. Eyni zamanda hər bir ölkənin inkişafını göstərən əyani faktorlardan birini də beynəlxalq təşkilatların hesabatları, dəyərləndirmələri təşkil edir. Məhz, dünya ictimaiyyəti tərəfindən ciddi qəbul edilən beynəlxalq təşkilatların hazırladıqları hesabatlara əsasən Azərbaycan dünya miqyasında inkişaf edən ölkələr arasında inklüziv inkişaf indeksinə görə 3-cü, xalqın iqtidara dəstəyinə görə 20-ci, ümumi infrastrukturun inkişafına görə 26-cı, rəqabətqabiliyyətliliyinə görə 35-ci, yol infrastrukturunun inkişafına görə 36-cı yerdədir. Göründüyü kimi, ölkəmizin inkişaf göstəricilərinin beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapması Azərbaycan həqiqətlərini bir daha dünyaya nümayiş etdirmiş olur. Bütün bunlarla yanaşı biz Azərbaycanın inkişafını həyatımızda da hiss edirik. Təkcə ölkəmizin son 15 il ərzində valyuta ehtiyatlarının 24, maaş və təqaüdlərin 8 dəfədən çox artması onu göstərir ki, ötən illər ərzində sosial-iqtisadi islahatlar baxımından Azərbaycan qədər sürətli inkişaf yolu ilə gedən ikinci ölkə olmayıb. Məhz, bütün bunlar Azərbaycan xalqının, dövlətinin nailiyyətləridir və bunu qorumaq hər bir azərbaycanlının müqəddəs borcudur. Bugünkü inkişaf edən Azərbaycan hər bir azərbaycanlının qorumalı olduğu sərvətdir". Millət vəkili deyib ki, Azərbaycan hökuməti bu uğurlarların davamlı olmasını əsas götürərək daha da inkişaf etmək, yeni-yeni uğurlara, nailiyyətlərə sahib olmaq üçün qarşıda duran başqa vəzifələri də ardıcıl olaraq reallaşdıracaq: "Bu mənada təkcə bu ilin sonunadək 137 modul tipli məktəbin tikilməsi, 20 min məcburi köçkünün yeni evlərlə təmin edilməsi, 2 "ASAN xidmət" mərkəzinin açılması, 2 şəhərdə olimpiya idman mərkəzlərinin istifadəyə verilməsi, "SOCAR Polymer" və gübrə zavodlarının açılışının nəzərdə tutulması, Masallı sənaye məhəllələsinin fəaliyyətə başlaması, 14 aqroparkın istifadəyə verilməsi, üçüncü peykimizin orbitə buraxılması və s. nəzərdə tutulur".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31