Çox çətin sınaqlardan qətiyyətlə çıxmış xalq-iqtidar birliyini sarsıtmaq mümkün deyil - MÖVQE

Azərbaycanda ictimai-siyasi sabitliyin, əmin-amanlığın, dinamik inkişafın qarantı xalq-iqtidar birliyidir

Azərbaycanda ictimai-siyasi sabitliyin, əmin-amanlığın, dinamik inkişafın qarantı xalq-iqtidar birliyidir

Hər bir ölkənin sosial-iqtisadi inkişafı ilə yanaşı siyasi-ictimai sabitliyinin qorunub saxlanılması da mühüm şərtdir. Bu gün dünya ölkələrində baş verən hadisələrin fonunda əminliklə deyə bilərik ki, Azərbaycan dünyanın ən sabit ölkələrindən biridir. Elə bunun göstəricisidir ki, mühüm beynəlxalq platformalar, toplantı və konfransların məhz Bakıda keçirilməsi məqsədəuyğun hesab edilir.

Elə millət vəkili Sədaqət Vəliyeva da bu qənaətdədir.

Onun sözlərinə görə, Azərbaycanın bu uğur və nailiyyətinə kölgə salmaq, burada xaos, anarxiya yaratmaq istəyən qüvvələr müntəzəm şəkildə ölkədə sabitliyi pozmağa çalışsalar da, lakin onların məkirli planları baş tutmur. Çünki Azərbaycanda sözün həqiqi mənasında xalq-iqtidar birliyi mövcuddur: "Bu gün hər kəs anlayır ki, Azərbaycan dövlətinin və xalqının uğurlarına sevinən dostlarımız, müttəfiqlərimiz olduğu halda, inkişafımıza kölgə salmağa çalışan xarici və daxili qərəzli qüvvələr də var. Həmin qərəzli dairələr erməni lobbisinin və radikal dini qruplaşmaların təsiri altında olan dairələrdir və onlar hər vəchlə çalışırlar ki, Azərbaycanın demokratik imicinə xələl gətirsinlər, ölkəmizin, xalqımızın mənafelərinə zərbələr vursunlar. Xüsusilə də, mühüm siyasi yaxud, ictimai-mədəni tədbirlər ərəfəsində fəallaşan anti-Azərbaycan qüvvələri şər, böhtan, reallığı əks etdirməyən fikirlərlə, müxtəlif təxribatlarla ictimaiyyəti çaşdırmağa çalışırlar. Lakin bütün bunlara baxmayaraq, bu cəhdlər nəticəsiz qalır. Çünki, Azərbaycanda xalq-iqtidar birliyi güclüdür, xalq hakimiyyəti dəstəkləyir və müdafiə edir, bundan sonra da belə olacaq. Azərbaycanda xaos yaratmağa cəhd edənlər birdəfəlik anlamalıdırlar ki, çox çətin sınaqlardan qətiyyətlə çıxmış xalq-iqtidar birliyini sarsıtmaq mümkün deyildir. Çünki Azərbaycan xalqı xaosu, özbaşınalığı, dağıdıcılığı hələ 1992-ci ildə AXC-Müsavat hakimiyyəti illərində görüb. Amma xüsusi məqam kimi qeyd edilməlidir ki, Azərbaycan xalqı hər zaman anti-Azərbaycan qüvvələrinin təxribatlarına getməyib, iqtidarla birliyini nümayiş etdirib, ictimai-siyasi sabitliyi qoruyub. Bu mənada əminliklə deyə bilərəm ki, Azərbaycanda ictimai-siyasi sabitliyin, əmin-amanlığın, dinamik inkişafın qarantı xalq-iqtidar birliyidir, vətəndaşlarımızın Prezident İlham Əliyevə olan sevgisi, dəstəyidir". Millət vəkili deyib ki, aprel zəfərindən sonra Şərur rayonunun Günnüt kəndinin və əlavə olaraq 11 min hektardan çox ərazinin 26 ildən sonra işğaldan azad edilməsi Azərbaycan cəmiyyətində böyük ruh yüksəkliyi yaradıb və xalqda tezliklə işğal altında olan digər ərazilərimizin də azad olunacağı əminliyi yaranıb: "Bu gün Azərbaycan cəmiyyətində böyük ruh yüksəkliyi hökm sürür. Çünki, 2016-cı ilin aprel ayında erməni kəşfiyyat-diversiya qruplarının xəyanətkarcasına etdiyi basqınların qarşısını alan, hətta, onları ağır itki verərək geri çəkilməyə məcbur edən və strateji yüksəklikləri geri alan ordumuz 2018-ci ildə Şərur rayonunun Günnüt kəndini və əlavə olaraq 11 min hektardan çox ərazini 26 ildən sonra işğaldan azad etməsi, həmçinin Bakıda keçirilən möhtəşəm hərbi parad bir daha onu isbatladı ki, Azərbaycan artıq 1992-ci ildə olduğu kimi rəhbərsiz və ordusuz deyil. Azərbaycan bütün hərbi imkanlara, ən əsası isə xalq-ordu-Ali Baş Komandan birliyinə, istənilən hərbi əməliyyatı reallaşdıra biləcək gücə, qüvvəyə malikdir. Xalq Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə inanır və güvənir. Ona görə də, tam əminliklə deyə bilərəm ki, Ermənistan yenidən münaqişənin həlli prosesini dalana dirəyərsə, qeyri-konstruktivlik nümayiş etdirərsə, o zaman Ali Baş Komandanımızın torpaqlarımızın işğaldan azad edilməsi üçün hərbi əməliyyatların keçirilməsi barədə əmr verdiyi andan milli-etnik, dini mənsubiyyətindən, sosial statusundan asılı olmayaraq, hər bir azərbaycanlı döyüşə gedəcək, işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad edəcək. Cənab Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq və ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Başqa cür də mümkün deyildir. Çünki, Azərbaycan heç bir halda imkan verməyəcək ki, ərazisində ikinci erməni dövləti yaradılsın". Sədaqət Vəliyeva deyib ki, bu gün Ermənistan Azərbaycan qarşısınsda şərt irəli sürə biləcək vəziyyətdə deyildir: "Ermənistan Robert Köçaryanın, Serj Sarkisyanın qeyri-konstruktiv mövqeyi və təcavüzkar siyasəti nəticəsində bütün regional layihələrdən kənarda qaldı, təcrid vəziyyətində yaşadı və reallıq budur ki, hər il bu ölkəni on minlərlə insan birdəfəlik tərk edir. Sosial-iqtisadi vəziyyəti həddindən artıq ağır olan Ermənistan hərbi sahədə də Azərbaycan qarşısında duruş gətirə bilmir. Elə 2016-cı ilin aprel döyüşləri zamanı həm Ermənistan dövləti, həm də sadə ermənilər gördülər ki, Azərbaycan istənilən an müharibə ilə torpaqlarını işğaldan azad edə bilər. Lakin Azərbaycan dövləti regional inkişafa və sabitliyə xələl gəlməsin deyə, hələ ki sülh variantına üstünlük verir. Ona görə də, Ermənistan, başda Paşinyan olmaqla bundan səmərəli istifadə etməli, heç bir şərt irəli sürmədən danışıqlar masasına əyləşməlidir. Əks təqdirdə Paşinyanı Sarkisyandan da pis aqibət gözləyə bilər. Bu səbəbdən də, Paşinyan dərisi boğazından çıxarılmış qardaşından dərs almalıdır".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31