Sabitlik, ictimai asayiş, qanunun aliliyi hər bir dövlətin inkişafının əsas şərtlərindən biridir - ŞƏRH
23 İyul 2018 16:50 SiyasətAzərbaycan son illərdə həm beynəlxalq aləm, həm də ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən tədbirlərə ev sahibliyi edir. Müntəzəm olaraq ölkəmizdə təşkil edilən mədəniyyətlərarası və dinlərarası forumlar, Humanitar Forum, eləcə də bu kimi tədbirlər Azərbaycanın qeyd edilən sahələrdə təşəbbüskarlığını ortaya qoymaqla yanaşı, eyni zamanda ölkəmizin qlobal təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edən məsələlərin müzakirə edildiyi məkana çevrildiyini təsdiqləyir. Bu günlərdə isə Bakı daha bir tədbirə evsahibliyi etdi. Söhbət Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının Bakı iclasından gedir. Əvvəla onu qeyd etmək lazımdır ki, bu kimi mühüm əhəmiyyət daşıyan tədbirlər bir qayda olaraq siyasi cəhətdən sabit, ictimai-siyasi mühitin normal olduğu ölkələrdə keçirilir. Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının iclasının Bakıda keçirilməsi ümumilikdə Azərbaycanda ictimai-siyasi vəziyyətin normal olduğunu, siyasi sabitliyin hökm sürdüyünü təsdiqləyən faktdır. Bu eyni zamanda Azərbaycana MDB məkanında verilən dəyər, qiymətin göstəricisidir. Çünki Azərbaycan özü də MDB çərçivəsində qurumla, bu təşkilata üzv ölkələrlə fəal şəkildə əməkdaşlıq edən ölkədir. Elə bu səbəbdəndir ki, sözügedən qurumda da Azərbaycanın oynadığı rol yüksək qiymətləndirilərək bu kimi əhəmiyyətli tədbirlərin keçirilməsi üçün Bakı münasib məkan hesab olunur. Təsadüfi deyil ki, elə Azərbaycan Respublikasının birinci-vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNSEKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva da Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının iclasının iştirakçılarını qəbul edərkən bu fakta diqqət çəkib. MDB iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının növbəti iclasının Azərbaycanda keçirilməsindən məmnunluğunu bildirən Birinci vitse-prezident Mehriban Əliyeva Şuranın artıq 5-ci toplantısının ölkəmizdə baş tutduğunu qeyd edib. Azərbaycanın MDB-nin fəal üzvlərindən biri olduğunu deyən Mehriban Əliyeva əsas vəzifənin müxtəlif sahələrdə - ictimai-siyasi, iqtisadi, humanitar və təhlükəsizliyin təmin edilməsi sahələrində hərtərəfli əməkdaşlığı, kooperasiyanı inkişaf etdirmək olduğunu vurğulayıb. Bildirdi ki, MDB Daxili İşlər Nazirləri Şurası vətəndaşların normal, dinc həyatını təmin etmək üçün çox mühüm vəzifəni həyata keçirir.
Birinci vitse-prezidentin MDB-dən olan qonaqları qəbul edərkən səsləndirdiyi bir sıra fikirlər xüsusilə diqqət çəkir. Mehriban xanım bildirib ki, sabitlik, ictimai asayiş, qanunun aliliyi hər bir dövlətin inkişafının əsas şərtlərindən biridir.
Diqqət etsək görərik ki, Azərbaycan daim birinci-vitse prezidentin qeyd etdiyi nüanslara xüsusi diqqət edib və bu prinsiplərin qorunması, inkişaf etdirilməsində maraqlı olub. Paralel olaraq rəsmi Bakı bu istiqamətdə davamlı addımlar atıb. Düzdür, müəyyən məkirli qüvvələr, antiAzərbaycan dairələr zaman-zaman ölkəmizdə ictimai asayişi pozmağa, ictimai-siyasi sabitliyi gərginləşdirməyə cəhd göstəriblər. Lakin ölkəmizin hüquq-mühafizə orqanlarının zamanında hadisələrə adekvat reaksiyası Azərbaycanda xaos, anarxiya yaratmaq istəyənlərin planlarını pozub. Bu istiqamətdə atılan ardıcıl addımların nəticəsidir ki, bu gün Azərbaycan ictimai-siyasi cəhətdən sabit ölkələrdən birincisi kimi tanınır. Elə ölkəmizə səfər edən xarici turistlərin sayının ildən-ilə artması da məhz bu sabitliyin nəticəsidir.
Birinci-vitse prezident Mehriban xanım Əliyevanın Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının iclasının iştirakçılarını qəbul edərkən diqqət çəkdiyi məqamlardan biri də qanunun aliliyi ilə bağlı oldu. Hər kəsə məlumdur ki, Azərbaycanda qanunun aliliyi də yüksək səviyyədə qorunur. Vəzifəsindən, cəmiyyətdəki yerindən və nüfuzundan asılı olmayaraq hər kəs qanunlar qarşısında cavabdehdir. Heç kim müstəsna hüquqa malik deyil. Bu prinsipdən kənara çıxan, qanunları pozmağa, onu tapdalamağa çalışan istənilən şəxs, hətta yüksək rütbəli məmurlar belə dərhal qanunun tələb etdiyi formada cəzalandırılır. Elə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də dəfələrlə hər bir kəsi, xüsusilə təyin etdiyi məmurları qanunun aliliyini qorumağa, ona tabe olmağa çağırıb. Dövlət başçısının bununla bağlı tövsiyələrinə əməl etməyən məmurlar isə qısa zamanda öz hərəkətlərinə, vəzifə səlahiyyətlərini aşmalarına görə cəzalandırılıblar.
Bütün bu sadalanan faktorlar təbii ki, Azərbaycanın əməkdaşlıq etdiyi dövlətlər, təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir, təqdir olunur. Elə bu günlərdə Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının iclasının Bakıda keçirilməsi də məhz Azərbaycana verilən dəyər, onun siyasətinə dəstək, eləcə də qeyd olunan istiqamətlərdə Azərbaycanla əməkdaşlıq etmək niyyətindən irəli gəlir.
Süleyman