Baş redaktorlar “Media Klubu”nun iddiasına cavab verdilər MÜNASİBƏTLƏR

Prezident İlham Əliyev milli mətbuatın yaranmasının 143-cü ildönümü ərəfəsində nəşr olunan qəzetlərə maddi yardım edilməsi ilə əlaqədar Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1 milyon manat ayrılıb. Amma təəssüf ki, "Media Klubu" adlı qurum və onun təmsilçiləri dövlətin çap mediasına ayırdığı maddi yardıma ehtiyacın olmadığını, hətta qəzetlərin fəaliyyətlərinin dayandırılmasını iddia edirlər. SİA-nın əməkdaşı media nümayəndələrinin də münasibətini öyrənib.

"Paralel" qəzetinin baş redakatoru Tapdıq Abbas:

- Azərbaycan dövləti hər zaman mediaya öz diqqət və qayğısını göstərib və bu faktor ənənə şəklini alıb. Dövlətin ayırdığı vəsaitlər eyni zamanda çap mediasının inkişafı, ayaqda qalması üçün çox əhəmiyyətli rol oynayır. "Media Klubu" kimi bir qurumun bu və ya digər şəkildə bəlli iddialarla çıxış etmələri heç bir məntiqə sığmayan bir olaydır. Maraqlısı da budur ki, bu gün orada olanların özləri zamanında dövlətdən maliyyə yardımları alıblar. İndi necə olur ki, dövlətin ölkə mətbuatına göstərdiyi ənənəvi qayğısı bunları narahat etməyə başlayıb? Hesab edirəm ki, Azərbaycan ictimai rəyi bu cür məsələləri ciddi qəbul etmir və tarixi mətbuatımıza, qəzetçiliyə qarşı çıxış edənlərin dediklərini hiddətlə qarşılayır. Bu klubun təmsilçilərinin müxtəlif xarici qurumlardan aldıqları maddi vəsaitlərin hara və necə xərclənməsi barədə heç nə danışmayanlar, dövlətin yazılı mediaya verdiyi dəstəyi baltalamaqla, düşmən dəyirmanına su tökməyə cəhd edirlər. Ancaq onlar aldıqları sifarişlərini heç vaxt yerinə yetirə bilməyəcəklər. Çünki Azərbaycan mediasının əhəmiyyətli hissəsi məhz dövlət maraqlarının yanındadır. Ona görə də belələri hər dəfə bənzər çıxışlar etdikləri zaman öz qaranlıq fəaliyyətlərini üzə çıxarmış olurlar.

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı:

- Əslində, dövlətin mediaya, eləcə də çap mediasına ayırdığı növbəti maliyyə yardımı, eləcə də çap mediasının dayandırılması ətrafında edilən çağırışlar, ümumiyyətlə, klassik medianın ənənələrinə qarşı deyilən fikirləri əlbəttə ki, qəbul edilməz hesab edirəm. Yəni doğru yanaşma kimi qəbul etmirəm. Azərbaycan dünyanın kiçik bir hissəsidir və dünyada baş verən media prosesləri şübhəsiz ki, Azərbaycana da təsir edir. Dünyada bu gün klassik media, çap media dəyərləri qorunursa Azərbaycanda nəyə görə qorunmamalıdır?

İkinci bir tərəfdən, çap mediasının özəlliyi ondan ibarətdir ki, bu yeni, müasir medianın sütunudur. Bu sütunu götürmək ətrafında çağırışlar edənlər anlamalıdırlar ki, belə olarsa, ölkədə uğursuz bir media sistemi yaranar. Hər halda hesab edirəm ki, bu cür yanaşmalar doğru deyil, məqbul qarşılana bilməz, ümumiyyətlə, qəbulolunmazdır.

"Ekspress" qəzeti Qəzənfər Bayramov:

- Bu kimi iddiaların heç bir əsası yoxdur. Belə ki, bu gün "Media Klubu"nda olanlar da keçmişdə qalan insanlardır. Ümumiyyətlə, mən belə fikirləşirəm ki, dövlətin mediaya maddi dəstəyi, eləcə də çap mediasının mövcudluğu zəruridir və vacibdir. Çünki dövlət özü bu kimi medianın ayaqda qalmasına, inkişaf etməsində maraqlıdır. Çap mediası olmasa, digər media sahələri ayaqda dura bilməz. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyev cənabları bu ənənəni yaradıb və davam etdirir.

Qarşı tərəfin iddiaları isə sanki Azərbaycan mediasının düşmənləridirlər, halbuki oradakılar da çap mediasından çıxmış insanlardırlar. Düşünürəm ki, onlar müəyyən sifarişlər əsasında suyu bulandırmağa çalışırlar və bulanıq suda kimlərinsə havası altında oynamaq istəyirlər. İllah da ki, Azərbaycan mətbuatının növbəti ildönümü ərəfəsində onların bu cəhdlərinin heç bir faydası yoxdur. Sağlam düşüncəli insanlar, oxucu kütləsi ümumiyyətlə, belə iddiaları ciddi olaraq qəbul etmir və etməyəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31