Müəyyən mərkəzlərin Azərbaycana qarşı siyasi, zorakı təxribatı
11 İyul 2018 15:21 SiyasətƏksəriyyət Gəncədə baş verənləri belə dəyərləndirir
Bu günlər respublikada yaşanan olaylar, xüsusilə Gəncə şəhərində bir-birinin ardınca törədilən təxribat hərəkətləri hər bir azərbaycanlı tərəfindən ciddi narahatçılıq, təşviş hissi ilə qarşılanır, izlənilir. Siyasi mövqeyindən, proseslərə yanaşmasından asılı olmayaraq əksəriyyət birmənalı olaraq bu hadisələri pisləyir, dövlətə, dövlətçilik əleyhinə yönəlmiş addımları kəskin tənqid edərək günahkarların cəzalandırılmasını tələb edir.
Millət vəkili Adil Əliyev hesab edir ki, bu gün Azərbaycan dövlətini çökdürmək üçün bu cür xain qüvvələr ortaya çıxarılır və peşka kimi istifadə olunurlar. Millət vəkilinin sözlərinə görə, onların nə milləti, nə də dini var: "Onları bir maraq birləşdirir:"Dövlətçiliyə qarşı çıxmaq və xain planı icra etmək". Neçə gündür ki, sosial şəbəkələrdə Gəncə insanını təxribata çəkmək üçün təbliğat aparılırdı. Hay-küylü təbliğat puç oldu. Gəncə insanı onlara dəstək vermədi. Gəncəlilər həmişə dövlətçiliyin yanında olublar". Adil Əliyev deyib ki, Gəncə tarixi bir diyarımızdır: "Azərbaycan Xalq Cümhuriyyəti öz tarixi mövqeylərini bərpa etmək üçün Gəncədən başladı. Çünki Gəncə həmişə milli məfkurənin, millli ideologiyanın mərkəzi olub. Şeyx Nizaminin, Cavadxanın və başqa qəhrəmanların yurdu olan Gəncədə radikal qüvvələrə yer yoxdur və onların sosial baza qazanması mümkün deyil. Bunu dünənki hadisələr bir daha təsdiqlədi. Həlak olan polislərimizə Allahdan rəhmət,ailələrinə səbr diləyirəm".
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə isə deyib ki, Gəncədə baş verənlər müəyyən mərkəzlərin Azərbaycana qarşı siyasi, zorakı təxribatıdır: "Gəncə təsadüfü seçilməyib. Çünki, burada dindarlar var, onların dinə münasibəti həssasdı. Amma, bu olaylardan gəncəliləri istifadə edirlər. Təxribatlara getmək lazım deyil, gənclər sosial şəbəkədə maksimum təmkin göstərməlidir. Baş verənlər, xüsusilə Gəncə olayları heç də dini və sosial məsələlərdən narazılıqla əlaqədar deyil. Ona qalarsa, ölkənin regionlarında iqtisadi və sosial vəziyyət çətindi. Burada kirli siyasət var. Ölkəmizi və suverenliyimizi hədəfə alırlar. Bu siyasi təxribatlar, böyük siyasi oyunların getdiyindən xəbər verir". Partiya rəsmisi qeyd edib ki, Azərbaycan xalqı bu təxribatlara qarşı kəskin mövqe tutmalı, ölkədə bu olaylara rəvac verənlər aşkar olunub cəzalanmalıdır: "Xaricdə fəaliyyət göstərən separat ünsürlərin sosial şəbəkədə çağırışlarına əhəmiyyət verməmək lazımdır. DTK bununla bağlı xaricdə həmin dairələri zərərsizləşdirməlidir. Görünür xaricdə həmin separatçı və ölkəmizə qarşı iş aparan qüvvələr daxildə bəzi güclü qrupların maraqlarına xidmət edir. Azərbaycanda bu hadisələrin baş verməsi, planlı və əvvəlcədən hazırlanmış, xalqa və dövlətə yönələn zorakı siyasətdir. Hazırda proseslər hakimiyyətin nəzarətindədir. Gəncə hadisələri heç də əhalinin narazı kütləsinin etirazı deyil. Əgər, proseslər nəzarətdə olmasaydı, dövlət başçısı Brüsselə NATO zirvə görüşünə qatılmazdı". Məhəmməd Əsədullazadə hesab edir ki, ölkəmizə qarşı bu siyasi terrorun arxasında Rusiya və İranın müəyyən dairələrinin də rolunu istisna etmək lazım deyil: "Çünki, bir neçə gün bundan əvvəl İran haqqqıda yazdığım şərhdə İranın Yaxın Şərqdə apardığı dini və ideoloji hərbi fəaliyyətin Azərbaycanı da təhdid etdiyini qeyd etmişdim. Bundan əlavə, Rusiya daima ölkəmizə qarşı təxribatların planlaşdırıldığı ölkə olub.
Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Cingiz Bayramov isə bildirib ki, Gəncə şəhəri Azərbaycanımızın ürəyidir və Ermənistan xüsusi xidmət orqanları başda olmaqla, bir cox xarici qüvvələrin öz çirkin əməllərini həyata keçirmək üçün məhz Gəncə şəhərini seçməsi heç təsadüf deyildir: "Gəncə şəhəri tarixən Azərbaycan dövlətçiliyinin əsasının qoyulduğu və dövlətimizin ilk paytaxtıdır.
Milli və mənəvi dəyərlərə bağlı olan qədim Gəncə şəhərində dini radikal ünsürlər dövlətimizin polisinə əl qaldırılması və iki qəhrəman polisimizi şəhid etməsi ən böyük cinayətdir. Bu hadisədə yaxından və ya uzaqdan əli olan hər bir kəs məsuliyyətə cəlb olunmalı və hüquqi müstəvidə layiqli cəzasını almalıdır. Azərbaycan dövlətçiliyini qorumaq hər bir Azərbaycan vətəndaşının təbii borcudur".
Müstəqil ekspert Əlabbas Məhərrəmli isə qeyd edib ki, Gəncə iğtişaşını planlaşdıran mərkəz tezliklə üzə çıxarılacaq. Onun sözlərinə görə, ölkənin ikinci böyük şəhəri olan Gəncədə meydana gələn iğtişaşlar Azərbaycanda son bir həftədə yaranmış vəziyyət fonunda dövlətin dayanıqlılığının sarsıdılmasına yönəlmiş ciddi təxribat cəhdidir: "Əslində, bu, Mingəçevir İES-də baş verən qəza və Gəncənin icra başçısına sui-qəsddən sonra məlum dövlətlərin xüsusi xidmət orqanlarının Azərbaycanda dini zəmində təxribatlara hazırlıq gördüklərinə dair məlumatların əsassız olmadığını göstərdi. Azərbaycanda vicdan azadlığı və dindarların ibadət sərbəstliyinin təmin olunması beynəlxalq səviyyədə etiraf olunan faktdır. Buna baxmayaraq, bir qrup dini fanatikin iştirakı ilə milli ənənələrin beşiyi sayılan Gəncədə qanlı təxribatın törədilməsi ölkəmizə qarşı təşkil edilmiş xain qəsddir. Çox təəssüf ki, bu təxribat nəticəsində Gəncə polisinin iki yüksək rütbəli zabiti vəzifə borcunu yerinə yetirərkən qətl edildi. Allah onlara rəhmət eləsin. Şübhə yoxdur ki, bu hadisələr ətraflı surətdə araşdırılacaq və Gəncə təxribatının planlaşdırıldığı mərkəz üzə çıxarılacaq. Mənə görə çox müsbət haldır ki, sosial şəbəkələrdə bu hadisələrə münasibət bildirən vətəndaşlarımız təxribatın sifarişçilərini və icraçılarını birmənalı olaraq, hədəfə götürüblər. Hətta ölkədə yaşayan və mühacirətdə olan kəskin müxalif mövqeli insanların çoxu da Gəncə iğtişaşlarını pisləyir, dövləti təmsil edən polis zabitlərinin şəhid edilməsini lənətləyirdilər. Bu, siyasi baxışlarından asılı olmayaraq, vətəndaşlarımızın zəruri vəziyyətlərdə dövlətin ətrafında sıx birləşdiklərinin göstəricisidir". Ekspertin sözlərinə görə, hər kəsin mövqeyi bundan ibarətdir ki, dövlət belə hallarda öz güc və qətiyyətini göstərməlidir: "İnanıram ki, hüquq-mühafizə və təhlükəsizlik orqanları Gəncədə baş vermiş qanlı təxribatın təkrarlanmaması üçün bütün vacib tədbirləri həyata keçirəcəklər".
Füzuli