“Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyinin Gəncə hadisəsi ilə bağlı BƏYANAT YAYDI
11 İyul 2018 14:55 Siyasət"İyulun 10-da Gəncə şəhərində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxsin şəhərin İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhdi Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş cinayət əməli, Vətənimizə, Dövlətimizə, Prezidentimiz İlham Əliyevə qarşı açıq xəyanətdir. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keşikçilərinə müqavimət göstəriblər. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər. Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib". Bu fikirləri Olaylar.az -a açıqlamasında "Mədəniyyətin və Milli Ənənələrin Təbliği" İctimai Birliyinin sədri Bülur Cavadqızı bildirib.
"Təəssüf ki, qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar".
Büllur Cavadzadə "Mədəniyyətin və Milli Ənənələrin Təbliği" İctimai Birliyi adından şəhid olan Azərbaycan polislərinin ailələrinə, bütövlükdə Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir.
"Biz əminik ki, bu qanunazidd hərəkətlərdə məqsəd Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edən ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaq, Azərbaycanın zəifləməsini arzulayan daxili və xarici qüvvələrinin əvvəlcədən planlaşdırılmış növbəti uğursuz cəhdi idi. Gəncə şəhərində törədilmiş cinayətlərin, həmçinin xalq-iqtidar birliyini pozmağa yönəlmiş bu xəyanətkar planın bütün təşkilatçıları və iştirakçıları məsuliyyətə cəlb edilməli və layiqli cəzalarını almalıdılar".
Bəyan edirik ki, Azərbaycanın vətəndaş cəmiyyətinin bir hissəsi olaraq "Mədəniyyətin və Milli Ənənələrin Təbliği" İctimai Birliyi 10 iyul 2018-ci il tarixdə Gəncə şəhərində törədilmiş cinayəti qətiyyətlə pisləyir, Azərbaycanda dövlətçiliyin, inkişafın və sabitliyin qarantı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti dəstəkləyir, bu həssas dönəmdə Azərbaycan cəmiyyətini dövlətimiz və dövlətimizin başçısı ətrafında sıx birləməyə çağırır.