Deputat: “Anti-Azərbaycan qüvvələrinin cəhdləri nəticəsiz qalacaq”
“Anti-Azərbaycan qüvvələrin ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaq, insanlar arasında çaxnaşma yaratmaq, siyasi hakimiyyətə təzyiqlər etmək kimi cəhdləri iflasa məhkumdur”. Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
11 İyul 2018 13:48 Siyasət"Anti-Azərbaycan qüvvələrin ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaq, insanlar arasında çaxnaşma yaratmaq, siyasi hakimiyyətə təzyiqlər etmək kimi cəhdləri iflasa məhkumdur".
Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Deputatın sözlərinə görə, çünki, Azərbaycanda ictimai-siyasi sabitliyin, əmin-amanlığın, dinamik inkişafın qarantı xalq-iqtidar birliyidir, vətəndaşlarımızın Prezident İlham Əliyevə olan sevgisi, dəstəyidir: "Biz bunu təəssüflə haqqında danışdığımız Gəncə hadisələri zamanı da gördük". Sədaqət Vəliyeva bildirib ki, Gəncədəki təxribat xarakterli hadisələrin nəticəsində həm radikal müxalifət, həm radikal dindarlar, həm də onların havadarları bir daha Azərbaycan xalqının iqtidarına olan etimadını, dəstəyini, eyni zamanda, ölkənin ictimai sabitliyini, insanların təhlükəsizliyini təmin edən polisimizin şücaətini, qətiyyətini gördü: "Azərbaycanda xaos yaratmağa cəhd edənlər birdəfəlik anlamalıdırlar ki, çox çətin sınaqlardan qətiyyətlə çıxmış xalq-iqtidar birliyini sarsıtmaq mümkün deyildir. Çünki Azərbaycan xalqı xaosu, özbaşınalığı, dağıdıcılığı hələ 1992-ci ildə AXC-Müsavat hakimiyyəti illərində görüb. Elə Gəncə əhalisi də 1993-cü ildə anti-milli ünsürlərin fəaliyyəti nəticəsində küçə döyüşlərinin, silahlı hücumların, vətəndaş müharibəsinin şahid olublar. Lakin xüsusi məqam kimi qeyd edilməlidir ki, Azərbaycan xalqı hər zaman anti-Azərbaycan qüvvələrinin təxribatlarına getməyib, iqtidarla birliyini nümayiş etdirib, ictimai-siyasi sabitliyi qoruyub". Millət vəkili əlavə edib ki, Gəncədə də təxribat törətməyə çalışan bir qrup anti-milli ünsürə insanların dəstək verməməsi, onları etdikləri hərəkətlərə görə qınaması isbatladı ki, gəncəlilər Heydər Əliyev siyasətinə sadiqdirlər, cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşiblər: "Gəncə daim vətənpərvər insanların yurdu olub və tarixdən də görürük ki, düşmənlərimizin ən çox məğlub olduğu yer məhz Gəncə olub. Bu səbəbdən də, düşünürəm ki, daim dövlətlə və dövlətçiliklə birgə olan Gəncə sakinləri bu proseslərdən də qətiyyətlə çıxacaq, sabitliyi pozmağa çalışan qüvvələrə yox deyəcək və bununla da anti-Azərbaycan qüvvələrinin cəhdləri nəticəsiz qalacaq".