Bu hadisə bəzi qüvvələrə Azərbaycan xalqının birliyini bir daha sübut etdi - ŞƏRH

"Günahkarların ən sərt şəkildə cəzalandırılmasını tələb edirik"

İyulun 10-da Gəncədə baş verən təxribat və terror hadisəsi azərbaycanlı olan hər bir  kəsi məyus etdi.

Baş verən hadisə ilə bağlı Olaylar.az -a fikirlərini bildirən "İnformasiya Təşəbbüslərinə Dəstək" ictimai birliyinin sədri Cəsarət Hüseynzadə vurğuladı ki,  məhz Gəncənin icra başçına qarşı törədilən məlum sui-qəsd hadisəsi, birmənalı olaraq xarici qüvvələrin birbaşa planı əsasında həyata keçirilən və Azərbaycan dövlətinə qarşı yönələn terror hadisəsi idi.

Azərbaycanlıların tarixən dinə yaxın olduqlarını bildirən QHT rəhbəri qeyd etdi ki, dini mövhumat hər zaman olub, amma heç vaxt din pərdəsi altında radikalizm olmayıb. Ölkədə dinə və dindara olan münasibət hər kəsə bəllidir. İstənilən din yaxşılığı, mərhəməti, düzlüyü təbliğ edir. Dindar olmaq, əslində yaxşı insan olmaq deməkdir. Dindar olmaq yaxşı ailə başçısı, yaxşı vətəndaş olmaq deməkdir.

"Gəncədə baş verən hadisənin dinlə heç bir əlaqəsinin olmadığı bəlli bir məsələdir. Deyərdim ki, əslində sübuta ehtiyacı olmayan bir aksiomadır. Bununla bağlı hər hansı təhlil aparmağa da ehtiyac yoxdur.

Təəssüf ki, terroru və terrorçunu görmək üçün bəzi insanlara 2 göz azlıq edirdi. Çox təəssüf hissi ilə qeyd etmək lazımdır ki, sayları az da olsa bəzi qüvvələr məsələnin fərqinə varmayaraq terror hadisəsi törədən şəxsin hüquqlarının müdafiəsinə qalxdılar. Həmin inşalara sual olunur: Mütəmadi olaraq dövlətimizə və millətimizə qarşı terror törədən erməni terrorçularının müdafiəsinə qalxacaqsınızmı?

Əlbəttə məlumdur ki, bu hadisələri əvvəlcədən planlayan qüvvələr saxta profillər vasitəsi ilə sosial şəbəkədə təxribat xarakterli təbliğat aparırdı.

Amma təbliğatın nə dərəcədə aparılmasından asılı olmayaraq, birmənalı olaraq heç bir gəncəli çağırışlara istinadən həmin ixtişaşda iştirak etməyib.

Bu hadisənin nə dərəcədə Avropada oturum alan "söyüş müxalifəti" ilə əlaqəsinin olub olmadığı istintaq orqanlarının araşdıracağı bir məsələdir. Amma "avropalılar"ımız yenə fürsəti əldən verməyərək, təxribat xarakterli fəaliyyətləri ilə bu məsələlərə də "tövhə" verməyi özlərinə borc bildilər".

"Hadisənin ertəsi günü Qərb ölkələrinin səfirlikləri bu hadisəni pisləyəcək bəyanat yaymayacaqlarsa, bəs hanı terrora qarşı birgə mübarizə ilə bağlı deyilən sözlər?

Hər dəfə Qərb rəsmiləri görüşlərdə Azərbaycanın terrora qarşı aparılan mübarizədə beynəlxalq əməkdaşlığa verdiyi tövhədən dolayı minnətdarlıqlarını bildirdilər. Bizə lazım olan söz və əməl vaxtı indidir.

Gəncədə ötən gün baş verən hadisə, həmin dediyiniz radikalizm, terror və buna bənzər hadisə deyilmi?

Yoxsa bu qiymətləndirməni aparmaq üçün hadisənin Avropada baş verməsi lazımdır? Biz də Avropayıq. Bütün gücümüz və imkanlarımızla Avropanın alternativ enerji xəritəsində rol oynayan Azərbaycan".

Cəsarət Hüseynzadə qeyd edir ki,  Azərbaycan müstəqilliyini ona görə bərpa etmədi ki, Rusiya imperializmindən çıxıb, Avropa diktəsini qəbul etsin. "Hər bir dövlət kimi, Azərbaycanın da öz milli maraqları digər bütün məqamlardan üstündür. Azərbaycanın bu mövqeyi sizləri qane etmir?

Bu gün Azərbaycan ictimaiyyətinin bütün qüvvələri, çalışdığı sahədən, siyasi baxışından və dini əqidəsindən asılı olmayaraq birmənalı olaraq bu terror hadisəsini pisləyir.

Dövlətdən və onun hüquq mühafizə orqanlarından vətəndaşların və dövlətin təhlükəsizliyinə qarşı törədiləcək hər hansı hadisənin qarşının alınmasını və günahkarların ən sərt şəkildə cəzalandırılmasını tələb edirik".

"Bu Azərbaycan dövlətinə, xalqına xəyanətdir"

Siyasi ekspert, "Səs" qəzetinin baş redaktoru  Bəhruz Quliyev ötən hadisə ilə bağlı Olaylar.az -a açıqlamasında qeyd etdi ki, bir qrup dini radikal şəxs Gəncədə ictimai asayişi pozmağa cəhd edib. "Bu kənardan sifarişçilər tərəfindən idarəolunan qrup üzvləridi. Bunların məqsədi orda ixtişaş yaratmaq və asayişi pozmaq olub. Sözsüz ki, bunun qarşısı ən sərt şəkildə alınmalı idi. Azərbaycan polisi çox rəşadətlə bu hadisənin qarşısını aldı. Hadisə zamanı iki Azərbaycan polisi qəhrəmancasına şəhid oldu".

Bəhruz Quliyev bildirdi ki, Azərbaycanda ictimai asayişi pozmağa cəhd etmək və ya bu istəyi reallaşdırmaq mümkün deyil. Azərbaycan təhlükəsizliyi yüksək səviyyədə qorunduğu üçün xarici qüvvələr tərəfindən dəfələrlə ölkədə asayişi pozmaq cəhdləri boşa çıxıb. "Azərbaycan polisi hər zaman xalqın yanındadır, insanların təhlükəsizliyini qoruyur. Eyni zamanda Azərbaycanda xalq və prezident, hakimiyyət birliyi var. Bir qrup insan buna cəhd eləsə belə bu heç vaxt mümkün olmayacaq. Xalq həmişə dövlətinin yanındadır. Azərbaycan dövlətinə qarşı hər hansı qarşıdurma olarsa, xalq özü həmin qüvvələrin qarşısına çıxacaq. Necə ki, biz ötən gün bunun şahisi olduq. Biz ötən gün bir daha şahid olduq ki, Azərbaycan da ən əsası xalq və hakimiyyət birliyi var".

Siyasi ekspert vurğulayır ki, xaricdən idarəolunan qüvvələr həbs olunmalıdır. Ən ağır cəza ilə cəzalandırılmalıdılar. Bu Azərbaycan dövlətinə, xalqına xəyanətdir. Bu xəyanətin bədəli ödənilməlidir.

Düşünürəm ki, bu hadisə bəzi qüvvələrə Azərbaycan xalqının birliyini bir daha sübut elədi. Azərbaycan dövləti də hər zaman xalqının yanında olduğunu hər kəsə isbatladı.

"Gəncə mənim üçün cümhuriyyətimizin beşiyidir"

Azərbaycan Media Akademiyasının rəhbəri Elçin Əlibəyli gəncəlilərə müraciət edib. Olaylar.az Elçin Əlibəylinin müraciətini olduğu kimi təqdim edir.

"Əziz gəncəlilər! 
Özümdə cəsarət tapıb sizə müraciət edirəm. Gəncə mənim üçün yenilməzlik simvolu, mədəniyyət, elm, təhsil və 100 yaşı olan cümhuriyyətimizin beşiyidir. Tarixi xatırlatmaq istəmirəm, bunu məndən də yaxşı Gəncənin hər sakini bilir. Sonadək rus imperiyasına müqavimət göstərən, cümhuriyyətimizə qollarını açan, bolşevik işğalına üsyan edən, Birinci Qarabağ savaşında qəhrəmanları ilə öndə olan siz gəncəlilər savaşqan ruhunuzla bərabər, çox saf, inanclısınız. Elə bu saflığınızdan istifadə edib 1993-cü ildə yad fitnəsi ilə dövlətçiliyimizə qəsd olundu. Onda sizin vətənpərvərliyinizdən, ölkəni xilas etmək istəyinizdən istifadə edib oyun quranlar əslində dövləti sarsıtmaq istəyirdilər. Heydər Əliyev xalqın tələbi ilə Bakıya dəvət olunanda dərhal vəzifəyə seçilməyə razılıq vermədi, üz tutdu Gəncəyə. Gəldi sizin yanınıza, çünki o sizi çox yaxşı tanıyırdı və bilirdi ki, sizin iradəniz olmasa Azərbaycan olmaz! Siz iradənizi göstərdiniz! Heydər Əliyev tezliklə sizin etimadınızdan istifadə edən insanların əsl simasını göstərdi. Mahir siyasəti, səbri ilə dövləti sarsılmağa qoymadı və bu işdə məhz siz gəncəlilər ona arxa oldunuz! 
Gəncənin mərd oğulları heç vaxt məkrli ermənilərin baş qaldırıb, qan tökməsinə macal verməyib. Elə yaxın 100 ildə məhz sizin döyüşkən türk ruhu erməninin burnunu əzməyə imkan verdi. Qarabağ savaşında ermənilərin hədəfi Gəncə idi. Amma, həmin illər Gəncədə hərə bir qəhrəman oldu və erməni arzusunu ürəyində qoydu. Siz Heydər Əliyevə inanıb döyüşə atıldınız, neçə şanlı şəhidiniz, qaziniz var! Şəhəri də, ona hətta uzaq olan yüksəklikləri ordumuz qorudu. Buna görə bu gün Gəncə sabit, rahat bir yurda çevrilib.
Sizin inanclı olduğunuzu elə-belə vurğulamadım. Qədim şəhər kimi, adətləri qoruyub saxlamısınız, dinə inamı yaşatmısınız. Sovet dönəmində nə repressiyalar, nə qadağalar sizi bu inancdan döndərə bilmədi. Bu gün də siz inancınıza sadiqsiniz və bunu qadağasız, rahatlıqla icra edirsiniz. 
Cümhuriyyətimizin 100 illik ildönümünü qeyd etdiyimiz vaxt, yenə dövlətçiliyimizə, müstəqilliyimizə qara əllər uzanır. Nailiyyətlərimizi və ən başlıcası müstəqilliyimizi həzm edə bilməyən qonşular bizi içdən parçalamaq arzusundadırlar. Neçə gündür şəhərdə baş verən hadisə onun siqnalıdır. İyulun 10-da isə beyni zombiləşmiş, millətindən, dövlətindən iraq düşüb, yadların fitvası ilə oturub duran dəstə ayağa qalxdı. Ən dəhşətlisi, dövlətimizi sarsıtmaq istəyən bu qrupun iki polis zabitini şəhid etməsi oldu. Mən deyilənlərə inanmaq istəmirdim, çünki Gəncədə ağsaqqal sözü, böyük məsləhəti həmişə keçərli olub. Mən inanmıram ki, orada bir ağsaqqal dövlətinin sarsılmağını, polis zabitlərinin bıçaqlanmasını istəyə. Artıq bu zombiləşmiş dəstə sizin yox, sifarişçilərinin sözünü yerinə yetirir. Onların davası din, inanc davası deyil, dərk etmədən bizə qənim olanların əlində alətə çevriliblər. Heç bir din davasından söhbət gedə bilməz, onların çoxu fanatizmin pik nöqtəsinə çatıb və dinimizə zidd əməl olan qan tökməyə əl atıblar. Onların gözünü qan örtüb, onlar bu ölkəni Əfqanıstana çevirmək istəyirlər, amandı yol verməyin!
Bu gün dövlətimizin başında duran İlham Əliyev Gəncəyə çox böyük dəyər verir. O Gəncənin tarixdə, mədəniyyətdə, iqtisadiyyatda və ən başlıcası dövlət bütövlüyümüzdə yerini çox yaxşı bilir. Dəfələrlə səfərə gəlib və hər dəfəsində şəhər üçün əhəmiyyətli bir işin təməlini qoyub. Siz də ona hər zaman dəstək olmuşunuz.
İndi söz sizindir! Yenidən öz iradənizi ortaya qoymalısınız! Ölkəni viran qoymaq istəyənlərə meydan verməyin. Dövlətimizə qəsd edənləri yolundan döndərin! Sizin müdrikliyinizə inanıram. O iki şəhid polis zabiti sizin asayişiniz üçün canından keçdi. Siz imkan verməyin içimizə salınan bu xəstəlik yayılsın. Siz dövlətçiliyimizi beşiyi olan şəhərin sakinlərisiniz, üzərinizdə tarixi, mənəvi yük var! Bu yükü çiyin-çiyinə verib, birlikdə qaldıraq, bizə miras qalan dövlətimizi qoruyaq!"

 

Ay An

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31