Azərbaycan xalqı dövlətlə həmrəydir - ŞƏRH

Ölkədə artıq ciddi sınaqlardan çıxmış xalq-iqtidar birliyi mövcuddur

Bir qrup radikal dini təmayüllü şəxsin Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binası qarşısında ictimai asayişi pozmaq cəhdi insan tələfatı ilə nəticələnib. Belə ki, kənardan idarə olunan radikal "dindarlar"ın azğınlığı xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının həyatına son qoyub. Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, iyulun 10-da saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib. Məlumata görə, xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər. Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib. Təəssüflə qeyd edirik ki, qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini,  polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar. Maraqlıdır, Azərbaycan dövlətinə qənim kəsilən, dövlətçiliyə, xalqa qarşı qisas hissi ilə yaşayan bu insanlar haradan idarə olunur, maddi və "mənəvi" dəstəyi haradan alırlar?

Əvvala qeyd edək ki, baş verən hadisə bir daha onu göstərdi ki, Azərbaycan xalqı dövlətlə həmrəydir və heç bir qüvvə bu həmrəyliyi sarsıtmaq imkanında deyil. Başqa sözlə, Azərbaycanı qan çanağına çevirmək hansısa radikal kəsimin gücü xaricindədir. Odur ki, din və "dindar" adından istifadə edib Azərbaycanda sabitliyi pozmaq fikrinə düşənlər, eləcə də dinə və dindarlara qarşı içindəki kin-küdurəti ortaya püskürüb nifaq salmaq istəyənlər yaxşı bilməlidirlər ki, dövlət yolunda şəhid olmağa hazır olan polisimiz və sıravi vətəndaşlarımız var. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, baş verən hadisə antiazərbaycançı güc mərkəzləri tərəfindən təşkil edilmiş məqsədyönlü terror hadisəsidir və Azərbaycanda ictimai-siyasi sabitliyi pozulmasına yönəlib. Azərbaycana qarşı bu plan indinin deyil, uzun illərdir ki, ermənilərlə birlikdə fəaliyyət göstərən qüvvələr tərəfindən işlənib hazırlanıb. Azərbaycana qarşı xaricdəki passiv terrorçuların birdən-birə fəallaşması, baş vermiş terror hadisəsindən dərhal sonra sosial şəbəkələrdə və bəzi internet resurslarında terrorçudan zərərçəkən obrazının yaradılmasına cəhdlərin olması bir daha fikrimizi təsdiqləmiş olur. Məsələn, Gəncədəki məlum hadisədən sonra facebook səhifəsində "qardaşlar, silahlanın, polis öldürməyin vaxtı çoxdan yetişib, silahlı birlik yarada bilsək, onda bizi zəfər gözləyir", "yalnız və yalnız bir yumruq kimi birləşib polislərin dərsin vermək lazımdır, ölüb öldürməkdən qorxmaq lazım deyil" yazmış Mahir Bəyalıyev bu yazısından bir gün sonra keçmiş həyat yoldaşı Samirə Bəyalıyevanı Ağsuda kirayə yaşadığı evdə bıçaqla qətlə yetirmişdir. Əslində insanları sosial şəbəkələrdə məmurları öldürməyə, küçələrə tökülüşüb təxribatlar törətməyə çağıranlar bu cür insanlardır. Bu isə o anlama gəlir ki, baş verənlər bir mərkəzdən əlaqələndirilən və ölkəmizdə xaos və qarşıdurma yaratmağı qarşılarına məqsəd qoyan ermənipərəst mərkəzlərin əvvəlcədən planlaşdırdıqları hadisələrdir. Son məqsəd Azərbaycanı Suriyaya döndərmək istəyidir.Ancaq hadisələrin inkişafı göstərdi ki, bu məkrli planı Azərbaycanda həyata keçirmək heç də o qədər asan məsələ deyil. Çünki hər şeydən öncə Azərbaycanda oturuşmuş dövlət institutları, kifayət qədər səmərəli fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanları və nəhayət, əmin-amanlığı təmin etməyə qadir olan hüquq mühafizə orqanları var. Ən əsası isə Azərbaycanda artıq ciddi sınaqlardan çıxmış xalq-iqtidar birliyi mövcuddur.

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri Cavid Şahverdiyev deyib ki, Gəncədə bir qrup "dindar"ın qanunsuz aksiyasının qarşısını almaq, sabitliyi qorumaq istəyən polislərimizdən ikisinin qətlə yetirilməsi Azərbaycanda sabitliyin pozulması və insanlar arasında qorxu, təşvişin yaradılmasına xidmət edir. Bu ssenari din  altında pərdələnən bir neçə şəxsə xaricdən hazırlanıb. Gəncə şəhərinin icra hakimiyyətinin başçısı Elmar Vəliyevin güllələnməsi bu ssenarinin bir hissəsidir: "Dünən radikallar iki polis zabitimizi qətlə yetirərərək ssenarinin digər hissəsini həyata keçirdilər. Polisimizin həmin radikalların qarşısına əliyalın, silahsız çıxması dövlətin qanunlara riayət etməyən vətəndaşlarına belə humanizminin göstəricisidir. Lakin silahsız polislərimizin qətlə yetirilməsi heç bir insanlığa sığmayan haldır, özü də "dindar"lar tərəfindən. Bu hadisə bütün Azərbaycanı təəccübləndirib, təəssüfləndirib. "İnanc" sahibi onu qoruyan polisini qətlə yetirib. Nəyə görə? Ölkədə qarşıdurma yaratmaqda maraqlı olan xarici qüvvələr bilməlidirlər ki, Azərbaycan xalqı dövlətlə həmrəydir. Radikallar heç bir zaman Azərbaycanımızı Suriyaya döndərə bilməyəcəklər. Çünki Azərbaycan etibarlı əllərdədir, qorunur, onun dövləti, dövlətçiliyi və mərd övladları var. Ölkəmizi, dövlətimizi, sabitliyimizi, gələcəyimizi qorumalıyıq. Dini radikalizm və terrora qarşı birləşməliyik. Bu işdə hamımız həmrəy, mübariz olmalıyıq. Radikalların Gəncədə qan tökməsi heç birimizdə təşviş yaratmamalıdır, dövlətimizin gücünü göstərməliyik. Radikalizmə qarşı mübarizədə qətiyyətli olmalıyıq, imkan verməməliyik ki, Azərbaycanda sabitlik, əmin-amanlılıq pozulsun. Azərbaycanımızı, vətənimizi, torpağımızı, millətimizi qorumaq naminə şəhid olmaqdan qürur duymalıyıq".

Millət vəkili Fazil Mustafa qeyd edib ki, aylardır söylədiklətimiz, gözlədiklərimiz, hayqırdıqlarımız Gəncədə baş verdi: "Şəxsimizi söydülər, təhqir etdilər, şəkillərimizi zibil qabına yapışdırdılar. Dəstək vermələri bir yana dursun, bir dövlət qurumundan maraqlanmadılar ki, niyə məsələnin ciddiliyi barədə gündəm yaradırsan? Millətlər var ki, nəsihətlə pisliklərdən uzaqlaşır. Millətlər var ki, nəsihəti sevməzlər, gözlərlər ki, bir müsibət baş versin, sonra nəticə çıxarsınlar. Bizsə nə nəsihətdən, nə də müsibətdən nəticə çıxarana bənzəmirik. Anadolu türklərimizin deyimi var, pərşəmbənin gəlişi çərşənbədən bəllidir. İndi heç olmazsa ölkənin sağduyulu insanlarını, siyasi partiyaları, QHT-ləri, media quruluşlarını səfərbər edərək ölkəmiz üçün düşünülən bu ssenarini pozmağa çalışmalıyıq. Bu yalnız polisin, əsgərin, təhlükəsizlik qurumlarının işi olmamalıdır, bütün ictimai resursları, maarifçilik vasitələrini hərəkətə gətirməliyik".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31