“Təxribatçıların niyyəti hakimiyyətlə xalqın birliyi sayəsində puç oldu” - Mahirə Əmirhüseynova

"Azərbaycanın inkişaf səviyyəsindən, güclənməsindən narahat olan antimilli qüvvələr təxribatlar törətməyə, insanlar arasında hakimiyyətə qarşı inamsızlıq yaratmağa, dövlətçiliyin əsaslarını sarsıtmağa çalışırlar. Gəncədə törədilən cinayət hadisəsi də bu niyyətlə törədilib və birbaşa terror aktı kimi qiymətləndirilməlidir".

Bunu "XXI Əsrin Qadınları " İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova deyib.

İctimai Birliyin sədri bildirib ki, terror hadisəsindən sonra ölkəmizə qarşı düşmən mövqedə olan daxili və xarici qüvvələrin vahid mövqedən çıxış edərək cəmiyyətdə ictimai-siyasi sabitliyin pozulmasına yönələn çağırışlar etməsi təsadüfi sayıla bilməz: "QHT təmsilçisi olaraq dövlət rəsmisinə qarşı törədilmiş terror aktını qəti şəkildə pisləyirik. Vətəndaş cəmiyyətinin təmsilçiləri olaraq, hər zamankı kimi ölkəmizdə ictimai-siyasi sabitliyi pozmağa çalışan bütün qüvvələrin qarşısında, dövlətçiliyimizin isə keşiyində olduğumuzu bəyan edirik".

M.Əmirhüseynova qeyd edib ki, həmvətənlərimizi təxribatçı çağırışlara uymamağa, xarici dairələrin əlində alət olan şəxslərin əməllərini birmənalı pisləməyə çağırırıq: "Təxribatçıların niyyəti hakimiyyətlə xalqın birliyi sayəsində puç oldu və inanırıq ki, bu kimi əməllər müdrik xalqımızın öz Prezidentinin yanında olduğu müddətdə daim iflasa uğrayacaq".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31