Azərbaycan düşmən ölkəni bütün beynəlxalq layihələrdən təcrid edib - ŞƏRH

“Azərbaycan Prezidentinin siyasətinin əsasında məhz vətəndaş amili dayanır”.

"Azərbaycan Prezidentinin siyasətinin əsasında məhz vətəndaş amili dayanır".

Olaylar.az Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səslənən fikirlərə ekspertlərin münasibətini öyrənib:

Cənab prezident Ermənistan dövlətinin belə ağır vəziyyət gəlib düşməsində Azərbaycan dövlətinin məqsədyönlü şəkildə apardığı izalyasiya siyasətinin böyük nəticələr və böyük rol oynadığını cəsarətlə açıq şəkildə dünyaya bəyan etdi

"Azərbaycanın sosial-iqtisadi inkişafının yekunları ilə bağlı 6 aylıq hökümət müşavirələri artıq illərdir, ölkəmizdə ənənəvi xarakter alsa da amma biz hər dəfə bu muşavirlərdə yeni faktlarla rastlaşırıq. Ölkəmizin həmin an üçün sosial-iqtisadi vəziyyətini əks etdirən təhlil və rəqəmləri görürük. Bu müşavirələrdə arxada qoyduğumuz 6 ay ərzində Azərbaycanın daxili və xarici siyasətdə əldə etdiyi nəticələr, üzləşdiyi problemlər və sabaha olan ümidlər, prespektivlərlə bağlı çox aydın mesajlar almaq mümkündür. Müşavirədə cənab prezidentin çıxışı ölkə iqtisadiyyatının bütün sektorlarının real mənzərəsini, Azərbaycanın xarici siyasətdə əldə etdikləri nəticələri Azərbaycan ictimaiyyətinin müzakirəsinə təqdim edir, ölkədə ictimai-siyasi sabitliyin əsasları il bağlı xalqa aydın mesajlar verilir, Azərbaycan dövlətinin regional və beynəlxalq qlobal siyasəti ilə bağlı əsas istiqamətlər haqqında dünya ictimaiyyətinə lazımlı ismarıclar göndərilir".

Bu sözləri Olaylar.az-a "Bakı-Xəbər" qəzetinin baş redaktoru, ekspert Aydın Quliyev deyib.

Ekspert bildirib ki, ən əsası xüsusi qeyd etmək istədiyim məqam, istiqamət budur ki, cənab prezident müşavirədə Azərbaycan dövlətinin gücünü, potensialını və inkişaf təmayüllərini göstərən təhlil və mahiyyətlərlə bərabər Ermənistan dövlətinin bugünki vəziyyətinin də düzgün xarakteristikasını verə bildi: "Ermənistan dövlətinin korrupsiyalaşmış, cinayətkar, işğalçı, təcavüzkar həm başqa xalqalara təcavüz edən həm də öz xalqının qəsdinə durmuş bir hakimiyyət bir dövlət forması aldığı çox inandırıcı şəkildə sübut olunub. Qürurverici bir haldır ki, Azərbaycan diplomatiyasının baş rəhbəri, Azərbaycan diplomatiyasının müəyyənləşdirici siması olan cənab prezident Ermənistan dövlətinin belə ağır vəziyyət gəlib düşməsində Azərbaycan dövlətinin məqsədyönlü şəkildə apardığı izalyasiya siyasətinin böyük nəticələr və böyük rol oynadığını cəsarətlə açıq şəkildə dünyaya bəyan etdi."

Aydın Quliyev son olaraq vurğuladı ki, Ermənistanda bu gün yaşanan siyasi, xaus siyasi böhran, Ermənistanda hakimiyyət dəyişikliyinin əsas səbəbi olan xalq, hakimiyyət ziddiyyətləri və Ermənistan iqtisadiyyatının çökmüş vəziyyətdə olması məhz Ermənistanın özünün Azərbaycana qarşı apardığı təcavüzkar siyasətin həmçinin Azəraycanın Ermənistana qarşı apardığı regional izalyasiya siyasətinin birbaşa nəticələridir: "Düşünürəm ki, müşavirədə Azərbaycan prezidentinin həm ermənistan dövlətinin bugünki vəziyyəti həm onun gələcək prespektivləri ilə bağlı həm də azərbaycan dövlətinin bugünki inkişafı və gələcək prespektivləri ilə bağlı göstərdiyi istiqamətlər tam reallıqdır bütün dünyaya, xalqımıza verilmiş tarixi əhəmiyyətli mesajlardır".

Ölkəmizdə həyata keçirilən siyasət nəticə etibarilə insanların sosial rifah halının yaxşılaşdırılmasına istiqamətlənib

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında hər zaman olduğu kimi mühüm məsələlərə toxunaraq, ölkəmizin bütün sahələrində əldə olunan nailiyyətləri ictimaiyyətin diqqətinə çatdırmış oldu". Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Bəhruz Quliyev  deyib.

Müşavirədə səslənən mühüm məqamlara toxunan siyasi ekspert bildirib ki, Azərbaycanda əldə olunan bütün nailiyyətlər təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, hazırda dövlət başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasətlə yanaşı, xalq-iqtidar birliyinin təzahürüdür: "Prezident İlham Əliyevin toplantıda bildirdi ki, Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan xalqın iqtidara dəstəyinə görə dünya miqyasında 20-ci yerdədir. Təbii ki, bu birlik 2018-ci ildə keçirilən Prezident seçkilərində də özünü göstərmiş oldu. Xalq birmənalı olaraq əsası 1993-cü ildə qoyulan və son 15 ildə yüksək şəkildə davam etdirilən siyasətə dəstək çıxaraq Prezident İlham Əliyevə səs vermiş oldu".

Bəhruz Quliyev söyləyib ki, müşavirədə əsas məqamlardan biri Prezidentin Azərbaycan və Ermənistanda keçirilən seçkiləri müqayisə etməsidir: "Dövlət başçısının da qeyd etdiyi kimi  Azərbaycanda seçkilər xalqın iradəsini, Ermənistandakı seçkilər isə bu ölkənin iflasını nümayiş etdirmiş oldu. Nə qədər ki, Azərbaycan torpaqları işğal altındadır Ermənistanın vəziyyəti daha da acınacaqlı olacaq. Çünki, Azərbaycan düşmən ölkəni bütün beynəlxalq layihələrdən təcrid edib".

Azərbaycan ordusunun işğal altında olan torpaqlarımızı azad etməyə qadir olduğunu deyən ekspert vurğulayıb ki, dövlət başçısı müşavirədə Azərbaycan və  Ermənistan ordusunu müqayisə edərək ölkəmizin ordu quruculuğu istiqamətində inamla irəlilədiyini bir daha diqqətə çatdırdı: "Prezident toplantıda Azərbaycan ordusunun uğurlarına da diqqəti çəkərək, 2016-cı ildə aprel döyüşləri, 2018-ci ildə Naxçıvan əməliyyatı zamanı işğal altında olan minlərlə hektar torpağımızın geri qaytarılmasını xüsusi vurğuladı. Dövlət başçısı Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini ifadə edərək, problemin yalnız ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü xalqın diqqətinə çatdırdı ".

Bəhruz Quliyev qeyd edib ki, müşavirədə bir çox sahələrdə görülən işlərlə yanaşı, qarşıya qoyulan məqsədlər göstərdi ki, ölkəmizdə həyata keçirilən siyasət nəticə etibarilə insanların sosial rifah halının yaxşılaşdırılmasına istiqamətlənib: "Prezident İlham Əliyevin müşavirənin sonunda rüşvətxorluq, korrupsiya hallarının aradan qaldırılması, sosial problemlərin həlli, özünəməşğulluq imkanlarının, sahibkarlara yaradılan şəraitin, turizm imkanlarının daha da genişləndirilməsi, nəqliyyat, infrastruktur, tikinti və digər sahələrlə əlaqədar verdiyi tapşırıqlar vətəndaşlarımızın daha da inkişaf etmiş rahat, sabit və güclü iqtisadiyyata malik ölkədə yaşamasına yönəlib. Bütün bunlar sübut edir ki, Azərbaycan Prezidentinin siyasətinin əsasında məhz vətəndaş amili dayanır.

Xalqımız öz Liderinə inanır və həyata keçirilən uğurlu siyasəti dəstəkləyir

"Artıq 2018-ci ilin 6 ayı geridə qalıb. Ötən dövrə nəzər yetirdikdə Azərbaycanın son illərdə əldə etdiyi dinamik inkişafın ötən 6 ayda da davam etdirildiyinin şahidi oluruq. Bunu görülən işlər, həyata keçirilən uğurlu islahatlar, eyni zamanda, statistik rəqəmlər də təsdiq edir. İyulun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı dövlətimizin başçısı əldə olunan uğurlu nəticələrlə bağlı konkret faktları diqqətə çatdırıb. Qeyd olunub ki, ötən altı ayda ümumi daxili məhsul 1,3 faiz, sənaye istehsalı 1 faiz, qeyri-neft sənayesi 8,8 faiz, kənd təsərrüfatı 7,6 faiz, xarici ticarət dövriyyəsi 35 faiz, ixrac 34 faiz, o cümlədən qeyri-neft ixracı 20 faiz artıb. Bununla yanaşı, bitkiçilik 14 faizdən çox artıb, 67 min yeni iş yeri yaradılıb. Onlardan 58 mini daimidir. İqtisadiyyata isə 6 milyard dollar sərmayə qoyulub, əhalinin pul gəlirləri 9,3 faiz artıb. Rəqəmlərdən də göründüyü kimi, ölkəmiz öz inkişaf tempini qoruyub saxlayıb."

Bu fikirləri KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, bu ilin ən mühüm hadisələrindən biri aprel ayında keçirilən prezident seçkiləridir: "Azərbaycanda mükəmməl qanunvericilik bazası formalaşdırılıb. Sözsüz ki, bu amil seçki sistemində də özünü büruzə verir. Təsadüfi deyil ki, artıq uzun illərdir, ölkəmizdə ədalətli, demokratik və şəffaf şəkildə keçirilən prezident, parlament, bələdiyyə seçkiləri, eyni zamanda, referendumlar beynəlxalq standartlara cavab verir və dünya birliyi tərəfindən təqdir edilir. Hətta ölkəmizin bu sahədəki təcrübəsi nümunə kimi göstərilir. Bu mənada 2018-ci ilin aprel ayında keçirilən prezident seçkilərini demokratik inkişaf yolunda əldə olunan növbəti uğur kimi qiymətləndirmək lazımdır. Bütün beynəlxalq standartlara, norma və prinsiplərə, seçki qanunvericiliyinə uyğun keçirilən prezident seçkiləri cənab İlham Əliyevin möhtəşəm qələbəsi ilə yadda qaldı. Xalqımız yenidən öz Liderinə etibar edərək, etimad göstərərək Onu növbəti dəfə ölkə Prezidenti seçdi. Bununla insanlar Azərbaycanı işıqlı gələcəyə aparan siyasətə səs vermiş oldular. Seçkilərin nəticələri bir daha göstərdi ki, xalq-iqtidar birliyi ən yüksək səviyyədədir. Xalqımız öz Liderinə inanır və son 15 ildə həyata keçirilən uğurlu siyasəti dəstəkləyir. "Seçkilərdə qazandığım inamlı qələbə onu göstərir ki, son 15 il ərzində görülmüş işlər Azərbaycan xalqı tərəfindən çox yüksək qiymətləndirilir. Bu böyük dəstək bizə imkan verəcək ki, bundan sonra da ölkəmizi inkişaf yolu ilə inamla irəliyə aparaq" deyən möhtərəm Prezidentimiz Nazirlər Kabinetinin iclasındakı nitqində antimilli ünsürlərə, ölkəmizin uğurlarını gözü götürməyən dairələrə də lazım olan mesajları verib.

Bildirib ki, Azərbaycanın inkişafına, gələcəyinə qarşı olan bütün çirkin niyyətlər və əməllər iflasa məhkumdur. Dövlətimizin başçısının "Bizim siyasətimiz müstəqillik siyasətidir, inkişaf siyasətidir. Məhz bizim apardığımız siyasət nəticəsində Azərbaycan son 15 il ərzində çox böyük və şərəfli yol keçmişdir, bütün göstəricilərə görə dünya miqyasında çox yüksək yerlərdədir" fikirləri isə bu cür qərəzli dairələrə veriləcək ən tutarlı cavabdır." YAP Siyasi Şurasının üzvü vurğulayıb ki, Azərbaycan Prezidenti iclasda çıxış zamanı Dağlıq Qarabağ münaqişəsi, ordumuzun döyüş hazırlığı ilə bağlı mühüm bəyanatlar verib: "Azərbaycan uzun illərdir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlarda problemin sülh yolu ilə həlli variantına üstünlük verir. Baxmayaraq ki, beynəlxalq hüququn əsas prinsiplərinə görə ölkələrin, xalqların öz müqəddəratlarını təyin etmək, ərazi bütövlüyünü təmin etmək hüquqları var. Ancaq göründüyü kimi, Ermənistan konstruktiv mövqe nümayiş etdirməkdən, dolayısı ilə işğal altında olan torpaqlarımızı sülh yolu ilə azad etməkdən boyun qaçırır. Buna görə də zaman-zaman Dağlıq Qarabağ münaqişəsinin həllində hərb variantı önə çəkilir. Bunun üçün Azərbaycanın güclü potensialı, ordusu var. Elə 2016-cı ilin Aprel döyüşləri, bu ilin Günnüt zəfəri göstərdi ki, güclü Ordumuz hər an torpaqlarımızı işğaldan azad etmək iqtidarındadır. "...Aprel döyüşləri də Ermənistanın o çürük və laxlamış sütunlarını daha da sarsıtdı. Aprel döyüşləri Sarkisyan rejiminə elə böyük zərbə oldu ki, onlar iki il ərzində bu zərbədən özünə gələ bilmədilər və əlbəttə, uzun illər yaratdıqları mif, - guya onların ordusu güclü ordudur, - darmadağın edildi" deyən cənab Prezidentimiz iclasdakı nitqində bir daha Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini xatırladıb, həmin qətnamələrin qüvvədə olduğunu və icrasının vacibliyini bəyan edib".

"İki sahil" qəzetinin baş redaktoru əlavə edib ki, bu ilin ən önəmli hadisələrindən biri də "Cənub Qaz Dəhlizi" layihəsinin açılış mərasiminin keçirilməsi, eyni zamanda, TANAP-ın işə salınması oldu: "Qeyd etdiyimiz bu mühüm hadisələr regional müstəvidən çıxaraq qlobal xarakter daşımağa başlayıb. Azərbaycan-Türkiyə qardaşlığının, birliyinin məhsulu olan bu layihələr Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm əhəmiyyət kəsb edir. Ölkəmizin təşəbbüsü və iştirakı ilə icra edilən, XXI əsrin layihəsi adlandırılan "Cənub Qaz Dəhlizi" və onun əsas seqmenti olan TANAP bütün dünyanın diqqət mərkəzindədir. Bu layihələrin tam şəkildə işə düşməsi nəticəsində nəinki Azərbaycan və Türkiyə, qonşu ölkələr, eyni zamanda, Avropa dövlətləri qazanc əldə edəcəklər. Bir sözlə, Azərbaycanın müəllifi olduğu layihələr hər zaman olduğu kimi, yenə də regiona və dünyaya, inkişaf, sülh və sabitlik vəd edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı qeyd edib ki, həm "Cənub Qaz Dəhlizi"nin, həm TANAP layihəsinin istifadəyə verilməsi tarixi hadisələrdir. Bunlar dünyada da çox böyük əks-səda yaradan layihələrdir".

Vüqar Rəhimzadə onu da bildirib ki, dövlətimizin başçısı iclasdakı çıxışı zamanı sosial siyasət sahəsində qarşıda duran vəziflələr, həmçinin korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin daha ciddi şəkildə aparılmalı olduğunu vurğulayıb: "Bu gün ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Möhtərəm Prezidentimiz də bütün çıxışlarında bunu bəyan edir. Ona görə də bu gün ölkəmizdə mühüm sosial islahatlar həyata keçirilir. Eyni zamanda korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparılır. Dövlətimizin başçısı bildirib ki, aprel ayında formalaşmış yeni hökumətin qarşısında bu vəzifə çox kəskin qoyulub. Bu xoşagəlməz hallara tamamilə son qoyulmalıdır."

Nigar Orucova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31