"Dövlət başçısı torpaqlarımızın qeyd-şərtsiz azad olunması ilə bağlı sərt ismarışlar verdi” - Millət vəkili

Prezident bu ilin I yarısının yekunlarına dair iclasda bütün müsbət məqamları diqqətə çatdırmaqla bərabər, bir sıra nöqsanları da dilə gətirdi.

Bunu  Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söylədiyi nitqi şərh edən Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Millət vəkili ümumiyyətlə 2018-ci ilin birinci yarısının yekunlarını müsbət qiymətləndirib:

"ÜDM, qeyri-neft sektoru və ölkəyə investisiya yatırımında artım var. Prezident ilin altı aylıq yekunlarına dair hökumətin hesabatını dinlədikdən sonra öz qərarını verir. O üzdən ölkə rəhbəri bütün müsbət məqamları diqqətə çatdırmaqla bərabər, bir sıra nöqsanları da dilə gətirdi. Düzdür, Azərbaycanda son vaxtlar korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparılsa da, bu, effektli deyil. Bu barədə ciddi fikirləşmək lazımdır. Dövlət başçısı da məhz buna görə ASAN Xidməti, quruma bir neçə milyona yaxın insanın müraciət etməsini və orada rüşvətin olmamasını nümunə göstərdi. Ona görə də bu sistem genişləndirilməli, o cümlədən rüşvət və korrupsiyaya qarşı bütün mərhələlərdə ciddi mübarizə aparılmalıdır. Dövlət başçısı artıq bununla bağlı mühüm göstərişlər verdi.

Bundan başqa, prezident Mingəçevir İES-də yaranmış hadisənin ciddi araşdırıldığını və təqsirkarların tezliklə cəzalandırılacağını bir daha diqqətə çatdırdı. O qeyd etdi ki, baş vermiş olayda təqsiri olmayan insanlara toxunulmayacaq. Cənab prezidentin bunu diqqətə çatdırması çox önəmli idi.

Üçüncüsü, ölkə rəhbəri məmur-xalq münasibətlərinə də toxundu və bir sıra sahələrdə çox ciddi problemlərin olduğunu vurğuladı. Hazırda sosial sahələrdə yoxlamalar gedir və bunun nəticəsi açıqlanacaq.

Ümumiyyətlə, dövlət başçısı Azərbaycanın ictimai-siyasi həyatına, əhalini narahat edən vacib məsələlərə, o cümlədən Dağlıq Qarabağ probleminin həllinə toxundu və BMT-nin dörd qətnaməsinin yerinə yetirilməsi, torpaqlarımızın qeyd-şərtsiz azad olunması ilə bağlı sərt ismarışlar verdi".

Millət vəkili bildirib ki, Azərbaycanda son zamanlar çox ciddi kadr islahatları həyata keçirilir və bu proses hazırda da davam etdirilir:

"Cənab prezident qeyd etdi ki, enerji sistemində struktur islahatlarına ehtiyac var. Bu, doğurdan da belədir. Eyn zamanda, dövlət başçısı şəhərdə tikinti ilə əlaqədar yaranmış biabırçı vəziyyətə də çox ciddi toxundu. O, şəhər və rayon icra hakimiyyətlərinə xəbərdarlıq etdi ki, bu cür tikintilərə yol vermək olmaz, çünki şəhərin görünüşü pozulur. Bundan sonra bütün bu işlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən razılaşdırılacaq və tikintiyə yeganə orqan olaraq bu qurum icazə verəcək. Bu, tamamilə düzgün addımdır. Çünki son vaxtlar Bakı şəhərində binaların tikilişində çox ciddi problemlər var. Bir-birinin içərisində, həyətləri, qarajları olmayan evlər tikilir. Bunun qarşısı ciddi şəkildə alınmalıdır".

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31