“Bakıda və digər şəhərlərdə bütün qanunsuz tikililərə son qoyulmalıdır”

İlham Əliyev: "Qanunsuz tikililərə şərait yaradan dövlət məmurları çox ciddi cəzalandırılacaqlar"

Prezident İlham Əliyevin sədrliyi ilə  Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda dövlət başçısı bir sıra məsələlər toxunub, mövcud nöqsanlarla bağlı tapşırıq və tövsiyələrini verib. Dövlət başçısı xüsusilə qanunsuz tikililərlə əlaqədar fikrini açıqlayıb: "Qanunsuz tikililərə şərait yaradan dövlət məmurları çox ciddi cəzalandırılacaqlar. Mən deyirəm, bunu hamı bilsin. Çünki bir çox hallarda bu işləri bir-birinin üstünə atırlar. Şəhər icra hakimiyyəti bələdiyyələrin üstünə, bələdiyyələr şəhər icra hakimiyyətinin üstünə. Amma faktiki olaraq bələdiyyələr şəhər icra hakimiyyətinin icazəsi olmadan belə hərəkət edə bilməz. Ona görə burada vahid bir nəzarət mexanizmi olmalıdır. Bir daha demək istəyirəm ki, ilk növbədə, Bakıda və digər şəhərlərdə bütün qanunsuz tikililərə son qoyulmalıdır. Bundan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi, icazəsi olmadan ölkəmizdə bir dənə də bina tikilməməlidir. Kim bunu edəcəksə, dərhal mənə məlumat verilsin. Həmin o adamları ən ciddi cəzalar gözləyir". Milli Məclisin (MM) İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, dövlət başçısı bir daha göstərdi ki, qazanılan, əldə edilən nailiyyətlərlə, uğurla kifayətlənmək, arxayınçılığa, səhlənkarlığa yol vermək olmaz, daha çox , daha keyfiyyətli və daha məsuliyyətli çalışmaq lazımdır: "Prezident İlham Əliyevin sədrliyi ilə  Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası çox əhəmiyyətli və müsbət hadisə kimi qiymətləndirirəm. Bu, ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında çox mühüm əhəmiyyətə malikdir. Çünki burada ölkənin 6 ayda keçdiyi yola bir daha nəzər salınır, müsbət tendensiyalar vurğulanır, harada çatışmazlıqlar, problemlər var, onlar deyilir və nöqsanların aradan qaldırılması, çıxış yolları göstərilir". Komitə sədrinin sözlərinə görə, bu tipli iclaslarda ölkənin bütün sahələrinə sərt-nəzər yetirilməklə yanaşı, daha çox sosial-iqtisadi sferada, iqtisadiyyatda baş verən hadisələrə diqqət yetirilir və ölkə iqtisadçıları, iqtisadi mərkəzlər, bu sahə ilə əlaqəli olan ekspertlər də gələcək fəaliyyətlərindəbundan bir növ özləri üçün nəticələr çıxarır, deyilənləri öz fəaliyyətlərində, çıxışlarında, elmi araşdırmalarında nəzərə alırlar: "Odur ki, təkcə bir millət vəkili, parlamentin  müvafiq komitə sədri kimi yox, həm də iqtisadçı alim olaraq bu iclaslar məni də çox maraqlandırır, gələcək fəaliyyətimə, yoluma obrazlı desək, bir işıq salır. Şəxsən bir alim olaraq da bu tipli iclasları, müşavirələri çox vacib və son dərəcədə önəmli sayıram".

Komitə sədrinin sözlərinə görə, belə bir iclasın ölkənin enerji sistemində yaranmış vəziyyətdən, yəni, 3-4 iyul olaylarından, bu yöndə prezidentin məlum müşavirəsindən cəmi 4 gün sonra keçirilməsi də mühüm, yerinə düşən  məqamlardan sayıla bilər: "Bildiyiniz ki, 3-4 iyul tarixlərində Mingəçevirdə yerləşən "Azərbaycan" İES-də baş verən qəza ilə bağlı ölkənin enerji sistemində, cəmiyyət həyatında bir qədər xoş olmayan, dövləti də, cəmiyyəti də narahat edən məqamlar yaşandı. Dövlət başçısı da hər zaman olduğu kimi, yenə xalqı və dövlətinin yanında oldu, vəziyyətə nəzarəti dərhal öz üzərində götürdü, qısa zamanda hər şey yoluna qoyuldu, ölkədə xaos olmasını istəyənlərin arzuları yenə gözlərində qaldı. Xüsusilə də, 4 iyul müşavirəsi elə bilirəm ki, hələ uzun illər yaddaşlardan silinməyəcək. Çünki bu müşavirədə ölkə prezidenti nöqsanlarla, qüsurlarla, buna yol verənlərlə bağlı barışmayacağını, öz işinin öhdəsindən layiqincə gəlməyənlərə qarşı sərt mövqe nümayiş etdiriləcəyini bir daha qətiyyətli şəkildə ortaya qoydu. Bu müşavirə bütövlükdə Azərbaycan cəmiyyətində böyük rezonans doğurdu, insanlar bir daha Azərbaycan dövlətinin, ölkə prezidentinin qətiyyətinə, iradəsinə şahidlik etdilər və dövlətlə, prezidentlə birgəliklərini göstərdilər. Bundan cəmi 4 gün sonra isə ölkə prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin iclasının keçirilməsi, orada dövlət başçısı tərəfindən iqtisadi inkişafımızla, sosial rifahımızla, ölkəmizin gələcək "yol xəritəsi" ilə bağlı dəyərli fikirlərin səsləndirilməsi, ciddi tapşırıqların verilməsi də çox əhəmiyyətli, təqdirəlayiq məqamlardandır". Z. Səmədzadə bildirib ki, ümumiyyətlə, son 6 ayın gedişatı, əldə olunan uğurlar, nəticələr onu deməyə əsas verir ki, Azərbaycanın dinamik, sürətli inikafı bu dövrdə də davam edib: "Təsadüfi deyil ki, Ümumi Daxili Məhsul (ÜDM) 1,3 faiz təşkil edilib, infilyasiya birrəqəmli olub, 3 faiz olub. Ölkənin valyuta ehtiyatları artıb, 45 milyard dollara yaxınlaşıb və ilin sonuna qədər bir az da artması gözlənilir. Ölkə iqtisadiyyatına qoyulan sərmayənin həcmi 6 milyard dolar olub. Qeyri-neft sektorunda 2 faizlik artıma nail olunub və bu onu göstərir ki, ölkədə iqtisadiyyatın neftdən asılılığına son qoyulması üçün ciddi addımlar atılır, böyük əzm, iradə nümayiş etdirilir.Bununla yanaşı,  ölkədə daha 67 min iş yeri yaradılıb ki, bunun da 58 minə yaxını daimi iş yerləridir. Bununla yanaşı, sənaye istehsalı 1 faiz artsa da, bu da məqbul rəqəmdir. Qeyri-neft sənayemiz 8,8 faiz artıb. Bu, onu göstərir ki, qeyri-neft sektoruna qoyulan investisiyalar, sahibkarlara göstərilən dəstək öz bəhrəsini verir. Kənd təəssüratı 7,6 faiz artıb. Xarici ticarət dövriyyəsi 35 faiz artıb. İxrac 34 faiz, o cümlədən qeyri-neft ixracı 20 faiz artıb. Xarici ticarətin müsbət saldosu 4,2 milyard dollardır və sair. Həmçinin, bu ilin 6 ayı ərzində Ələt Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verilib. Cənub Qaz Dəhlizinin reallaşmasında da çox böyük addımlar atılıb. May ayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı olub.  İyun ayında isə TANAP-ın rəsmi açılışı oldu. Beləliklə, Cənub Qaz Dəhlizinin dörd layihəsindən üçü artıq reallaşıb - "Şahdəniz-2", Cənubi Qafqaz Kəməri və TANAP layihəsi. Dördüncü layihə - TAP  da qrafik üzrə icra edilir. Dövlət başçısı da çıxışında bu məqamlara geniş toxundu və bildirdi ki, ölkə iqtisadiyyatı daha da inkişaf etdirilməli, islahatlar daha da dərinləşdirilməli, iqtisadi dayanıqlılıq, şəffaflıq daha da yüksək səviyyədə təmin olunmalıdır. Həmçinin, qeyd etdi ki, vergi, gömrük orqanlarından böyük gözləntilər var və bu orqanlar, vergi, gömrük sistemi dünyanın ən müasir standartlarına cavab verən səviyyəyə qaldırılmalıdır. Korrupsiyaya son qoyulmalıdır, sahibkarlar vergidən başqa ödənişlər etməməlidirlər və vergilərdən yayınmamalıdırlar. Heç kəs güzəşt gözləməməlidir, hamı qanun qarşısında bərabər olmalıdır. Dövlət başçısı həmçinin, ünvanlı sosial yardımlar məsələsinə toxunaraq dedi ki, bu yardımlar imkanlı adamlara verilməməlidir, onlar özləri bundan imtina etməlidirlər, yardımlar daha çox ehtiyacı olan insanlara verilməlidir. Bir sözlə, dövlət başçısı bir daha göstərdi ki, qazanılan, əldə edilən nailiyyətlərlə, uğurla kifayətlənmək, arxayınçılığa, səhlənkarlığa yol vermək olmaz, daha çox , daha keyfiyyətli və daha məsuliyyətli çalışmaq lazımdır. Bunlar çox vacib elementlərdir və elə hesab edirəm ki, ilin sonunadək, yəni, qarşıdakı 6 aylıq dönəmdə də deyilənlər, səslənənlər iradlar, verilənlər tapşırıqlar mütləq nəzərə alınacaq, daha ciddi nəticələr çıxarılacaq və daha gözəl nəticələr əldə ediləcək".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31