Ölkədə “suyu bulandırmaq istəyən” qüvvələr fəallaşıblar

Gəncəni yenə siyasi anarxiyanın episentrinə çevirməyə can atırlar

Ölkədə baş verən son hadisələr, xüsuslilə də Gəncə və Mingəçevirdə müşahidə olunan qeyri-qanuni əməllər antiAzərbaycan qüvvələrinin fəallaşmasına şərait yaradıb. Belə ki, "qış yuxusundan" ayılan milli satqınlar xaricdəki havadarlarının dəstəyi ilə ölkədə xaos yaratmaq istəyinə düşüblər. Məlumat üçün qeyd edək ki, iyulun 3-də Rusiya Federasiyası vətəndaşı Yunis Səfərovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və onun mühafizəçisi Qasım Aşbazova qarşı törətdiyi məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı ilə əlaqədar bəzi kütləvi informasiya vasitələrinin vəzifəli şəxsləri, həmçinin ayrı-ayrı şəxslər tərəfindən internet informasiya resursları vasitəsi ilə həqiqətə uyğun olmayan təxribat xarakterli məlumatlar yayılmaqdadır. Ancaq birmənalı şəkildə demək olar ki, həmin məlumatlar ictimai rəyi çaşdırmaq, ölkədə mövcud olan ictimai-siyasi sabitliyi pozmaq niyyəti güdür. Yeri gəmişkən qeyd edək ki, bəzi antiAzərbaycan qüvvələri əllərinə düşən şansı giravə vermədən belə təxribat xarakterli məlmatlar yaymaqla "bir güllə ilə bir neçə quşu vurmaq" cəhdində bulunmaqdadırlar. Belə ki, Gəncə hadisəsini Mingəçevirdə baş verən enerji qırılması ilə əlaqələndirən milli satqınlar xislətlərindən əl çəkməyərək bu məsələlərə dini don da geyindirməklə açıq çağırışlarla vətəndaşları itaətsizliyə dəvət ediblər. Heç şübhəsiz ki, terrorçuluğu dəstəkləyən kəsimlərin belə çağırışda bulunmaları vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaqla hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə hesablanıb. Məhz bu amillər nəzərə alınmaraq ölkənin Baş Prokurorluğu tərəfindən bəzi profillər vasitəsi ilə sosial şəbəkələrdə müxtəlif məzmunlu paylaşımlarda və ya şərhlərdə terrorçuluğa açıq çağırışlar edilməsi faktları üzrə Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar) maddəsi ilə cinayət işləri başlanıb. Həmçinin sosial şəbəkələrdə müxtəlif məzmunlu paylaşımlar etməklə insanları qanunsuz etiraz aksiyaları təşkil edərək hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar edilməsi faktı ilə bağlı isə Cinayət Məcəlləsinin 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddəsi ilə cinayət işi başlanıb. Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev qeyd edib ki, Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd ətrafında kimlərinsə suyu bulandırmaq, bu hadisəni daxili siyasi proseslərə proeksiya edərək divident qazanmaq, yaxud manipulyasiya etmək, ictimai rəyi yanıltmaq cəhdləri açıq hiss olunur: "Çox təəssüf ki, keçmişin dərslərindən ibrət götürülmür və siyasi həvəskarların, ölkə kənarından hər fürsətdə işarə gözləyənlərin, situasyadan asılı olaraq, Şimal yaxud Cənuba istiqamətlənənlərin, sərbaz, yaxud kazak çəkməsi həsrəti yaşayanların illüziyalarının bu ölkəyə necə baha başa gəldiyi unudulur. Kölgəsiz yaşaya bilməyənlər, əcnəbi əsgərin süngüsünü, diplomatın bəyanatını özü üçün ən yaxşı dayaq hesab edənlər yenə iş başındadır. Azərbaycan tarixi ibrət götürməli epizodlarla o qədər zəngindir ki, yalnız əbləhlər bunu qulaqardına vura bilər. Bu əbləhlər Gəncəni yenə siyasi anarxiyanın episentrinə çevirməyə can atırlar. Amma unudurlar ki, anarxistlər, yadellilər, sui-qəsdçilər hər zaman elə Gəncədə məğlub olublar. Gəncə elə vahid, bölünməz, ən başlıcası suveren Azərbaycan ideyasının rəmzlərindən biridir. Gəncəlilər də Azərbaycanın müstəqilliyinin ən sadiq, cəsur, mərd fədailərdir. Gəncə, gəncəlilər dövlət və dövlətçiliyin qorunması, kənar müdaxilələrə qarşı müqavimətdə ən möhkəm sipərdi. Heç şübhə etimirik ki, bu dəfə də onlar tarixi missiyalarına sadiq qalaraq dövlətçilik ənənələrinə necə bağlı olduqlarını hər kəsə sübut edəcəklər. Azərbaycan cəmiyyəti vaxtaşırı ölkədə sabitliyi pozmağa çalışanların, dövlətimizin asılı vəziyyətə düşməsini arzulayanların, dövləti yox, hakimiyyəti əsas görənlərin həmlələrinə layiqli cavab verib. İstər meydanlarda, istər KİV-də, istərsə də, daxili siyasi proseslərdə, hər zaman dövlətin, dövlətçilik maraqlarının yanında olub. Məhz bu cür yanaşma dəfələrlə kənardan Azərbaycana eksperimentlərin ixracının qarşısını almağa imkan verib. Bütün bu səylər bu xalqın müdrikliyinə məğlub olub. Şübhə etmirik ki, bu dəfə də siyasi şarlatanların aksiya, filan keçirilməsi çağırışları yalnız xalqın, gəncəlilərin ironiyası ilə cavablandırılacaq. Xalqımız bu cür insanlara hər zaman gülüb və onlara layiqli qiymətini verib. Yəqin ki, zəngin siyasi lətifə irsimiz özünəməxusus yumoru ilə seçilən gəncəlilərin yaradıcılığı sayəsində yeni "qəhrəmanlar"la zənginləşəcək". Əmək Hüquqları Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov bildirib ki, Gəncədə terror baş verib. Terrora məruz qalan ölkənin ikinci böyük şəhərinin rəhbəridir: "Bu siyasi bir postdur. Bu vəzifəni daşıyana münasibətin necə olmasının məsləyə heç bir dəxli ola bilməz. Terror törətməkdə təqsirləndirlən şəxsə dəstək məqsədi ilə (təqsirləndirilən şəxsin prosessual hüquqların müdafiəsi istisna olmaqla) hər hansı aksiya (təbliğat, toplantıya çağırış və s.) terroru ən azı dolayı yolla dəstəkləməkdir. Ölkədəki bəzi siyasi qüvvələr açıq dəstək bildirməsə belə, bunu üzvləri vasitəsi ilə edirlər. Bu yaxşı nümunə deyil yumuşaq desək. Proseslərin, o cümlədən aksiyalara çağırışların spontan olmaması da aşkar görünür. Əksinə, burada təşkilatlanmış qrupun (daxildə və xarici ölkələrdə) və ya qrupların sistemli fəaliyyətinin əlamətləri var".

Bütün sadalananlara baxmayaraq, qətiyyətlə demək olar ki, yenə də Azərbaycanı istəməyən qüvvələrin bütün cəhdləri boşa çıxacaq, nəinki gəncəlilər, eləcə də bütün azərbaycanlılar dövlətə, dövlətçiliyə sadiq qalaraq pis niyyətli insanların məkirli planlarının reallaşmasına imkan verməyəcəklər. Digər tərəfdən, vətəndaşlar əmin olmalıdırlar ki, ölkədə cinayətkarlığa qarşı mübarizə sahəsində fəalığı ilə seçilən hüquq mühafizə orqanlarımız mövcuddur və onlar həmişə ayıq-sayıqlıqları ilə fərqləniblər.  

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31