Məsuliyyətdən yayınmaq olmaz
10 İyul 2018 13:15 SiyasətMillət vəkili: "Prezident müşavirədəki çıxışında birmənalı olaraq bildirdi ki, ciddi araşdırmaların aparılması nəticəsində günahkarlar müəyyən edilərək məsuliyyətə cəlb olunmalıdır"
Ötən həftə ölkə iki arzuedilməz hadisə ilə baş-başa qaldı. Birincisi, Mingəçevir Su Elektrik Stansiyasında baş verən qəza, ikincisi isə Gəncədə dövlətçiliyə qarşı edilən sui-qəsd, ona atılan güllə. Hər iki hadisəni Azərbaycan cəmiyyəti ciddi narahatçılıqla qarşılamaqla yanaşı, eyni zamanda sözügedən proseslərdə bu və ya digər dərəcədə iştirakı və günahı olan şəxslərin məsuliyyətə cəlb olunması, cəzalandırılması tələbini haqlı olaraq ortaya qoydu. Təkcə Azərbaycan cəmiyyəti deyil, eləcə də dövlətin üst qurumları, Prezidentinin belə bu hadisələrə olan münasibət cəmiyyətin mövqeyi ilə üst-üstə düşdü. Mingəçevir İES-də baş verən qəzadan dərhal sonra hökumət üzvləri, aidiyyatı qurumların rəhbərlərinin iştirakı ilə müşavirə keçirən dövlət başçısı ölkənin enerji sistemindəki vəziyyət geniş təhlil etdi və bir sıra ciddi tapşırıqlar verdi.
İstər son günlər yaşanan xoşagəlməz olaylar, istərsə də Gəncədə baş verən məlum hadisələrə ekspertlərin də mövqeyi birmənalıdır və hər iki hal pisilənilir. Millət vəkili Elman Nəsirov deyir ki. Mingəçevir İstilik Elektrik Stansiyasında baş vermiş qəzadan sonra ölkənin energetika sahəsində ciddi problem yaşandı. Lakin müvafiq qurumların proseslərə müdaxiləsi nəticəsində bu, uzunmüddətli olmadı: "Ümumilikdə görülmüş işlər nəticəsində paytaxt Bakı da daxil olmaqla, Azərbaycanın digər ərazilərinə elektrik verilişi bərpa olundu, həyatın bütün sahələrində normal iş fəaliyyəti yenidən öz ahəngində davam etdirildi. Hadisədən dərhal sonra Prezidentin mətbuat xidməti məlumat yayaraq, məsələnin dövlət başçısının daim nəzarətində olduğunu bəyan etdi. Bununla yanaşı, prezident İlham Əliyev "Azərbaycan İstilik Elektrik Stansiyası"nın yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında Sərəncam imzaladı. Dövlət Komissiyasının qarşısında dayanan əsas vəzifə hadisənin baş verməsi səbəblərini araşdırmaq və bu barədə Prezidentə məlumat vermək idi. Eyni zamanda, bu komissiya qəzanın nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirməli və həyata keçirməli, görülmüş işlər haqqında dövlət başçısına mütəmadi məlumat verməlidir. Bununla yanaşı, Baş Prokurorluq baş vermiş hadisənin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə təxirəsalınmaz istintaq tədbirləri həyata keçirəcək. İyulun 4-də isə Prezident İlham Əliyevin yanında ölkənin enerji sistemindəki vəziyyətə dair müşavirə keçirildi, dövlət başçısının sərəncamı ilə yaradılmış komissiyaya daxil olan şəxslərin məruzələri dinlənildi. Ümumi olaraq gəlinən qənaət budur ki, Mingəçevirdəki "Azərbaycan İstilik Elektrik Stansiyası"nda baş vermiş qəzaya həm əlaqədar qurumlar, həm də hökumət və dövlət rəhbərliyi çevik reaksiya verib. Bunun nəticəsində hadisənin fəsadları tez bir zamanda aradan qaldırılıb". Millət vəkili deyib ki, sözügedən müşavirədə "Azərbaycan İstilik Elektrik Stansiyası"da baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyası üzvləri ayrı-ayrılıqda hesabatla çıxış etdilər: "Müşavirənin keçirilməsində başlıca məqsəd qəzanın səbəblərini, nəticələrini araşdırmaqdan, bundan irəli gələn məsələlərin müzakirəsindən ibarət idi. Dövlət başçısı İlham Əliyev son illər ərzində Azərbaycanın enerji sektoruna çox böyük investisiyalar qoyulduğunu vurğuladı. Diqqətə çatdırıldı ki, son 15 il ərzində Azərbaycanda 30 yeni elektrik stansiyası istifadəyə verilib, 2500 meqavat gücündə yeni elektrik stansiyaları tikilib. Bunun nəticəsində Azərbaycanın hazırkı enerji potensialı 6400 meqavata çatdırılıb. Bunun 2500 meqavatı son 15 il ərzində yaradılıb. Ölkə başçısı Azərbaycanın bütün bölgələrində, o cümlədən Bakı, Sumqayıt, Şirvan şəhərlərində, Astara, Xaçmaz, Şəki, Quba rayonlarında yeni elektrik stansiyalarının tikildiyini, həmçinin su elektrik stansiyalarının yaradıldığını söylədi. O qeyd etdi ki, enerji sisteminin dayanıqlılığı təmin edilsin deyə, mühüm işlər görülsə də, bir qəza nəticəsində bütün enerji sistemi sıradan çıxıb. Dövlətimizin başçısı bu məsələnin çox ciddi suallar yaratdığını vurğuladı. O, bu suallara cavab verilməsinin zəruriliyini bildirdi. Dövlət Komissiyasından tələb edildi ki, bu suallara tezliklə cavab tapılsın, ciddi araşdırma aparılsın, indiki vəziyyəti şərtləndirən amillər üzə çıxarılsın. Prezident müşavirədəki çıxışında birmənalı olaraq bildirdi ki, ciddi araşdırmaların aparılması nəticəsində günahkarlar müəyyən edilərək məsuliyyətə cəlb olunmalıdır. Prezident İlham Əliyev yaranmış gərginlik fonunda əhalinin göstərdiyi mövqeyə, səfərbər olmuş cəmiyyətə, vətəndaş həmrəyliyinə və dövlət başçısının siyasi kursunu dəstəklədiyinə görə xalqımıza minnətdarlığını bildirdi. O, baş verənlərin eyni zamanda sınaq olduğunu və Azərbaycan xalqının bu sınaqdan şərəflə çıxdığını dilə gətirdi. Bu, bizim böyük nailiyyətimizdir. Bununla yanaşı, dövlət başçısı hadisə baş verən sektora görə məsuliyyət daşıyan məmurları kəskin tənqid etdi. Bildirdi ki, onların səhlənkarlığı ucbatından bu qəza baş verib. Nəticədə bu isti havada insanlara əziyyət verilib, iqtisadiyyata böyük ziyan vurulub. Bütün bunlar prezidentin baş verənləri şəxsən nəzarətdə saxladığını növbəti dəfə nümayiş etdirdi. Qeyd olundu ki, Dövlət Komissiyası xüsusi tədbirlər planı hazırlamalı, Azərbaycan xalqı gələcəkdə bu qəzalardan və qəzaların törədə biləcəyi fəsadlardan özünü qoruya bilməlidir".
Elman Nəsirov son illərdə Azərbaycanın reallaşdırdığı layihələr barədə də danışıb. Bildirib ki, müstəqil Azərbaycanın sosial və iqtisadi sahələrdə dinamik inkişafı prosesində Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə işləyib hazırladığı neft strategiyasının uğurla həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır: "Ölkəmizdə neft-qaz sənayesinin "Əsrin müqaviləsi" ilə başlayan sürətli inkişafı milli iqtisadiyyatımızın və bütövlükdə, ölkənin inkişafının əsas faktor kimi çıxış edib. "Əsrin müqaviləsi"nin və digər layihələrin uğurla həyata keçirilməsi Azərbaycanın gücünü o səviyyədə artırıb ki, hazırda ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan bir ölkəyə çevrilib. Azərbaycanın fəal iştirakı ilə reallaşdırılan yeni layihələr Avropanın enerji xəritəsini dəyişir ki, bu da olduqca qürurverici haldır. Bilirsiniz ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə son illər böyük layihələr reallaşdırılır. Ötən ay açılışı keçirilən "TANAP layihəsi "Cənub Qaz Dəhlizi"nin mühüm elementidir. Azərbaycanın təşəbbüsü ilə reallaşan bu layihə ölkəmizin beynəlxalq aləmdə, Avrasiyada mövqelərinin möhkəmlənməsinə müsbət təsir göstərir. Bu ilk növbədə enerji təhlükəsizliyinin təmin edilməsinə xidmət edir. TANAP həm də azad rəqabət, enerjinin şaxələndirilməsi layihəsidir. Dövlət başçısı dəfələrlə qeyd edib ki, meqalayihə bütün tərəflərin qazanc əldə etməsinə şərait yaradır. TANAP nəticə etibarı ilə çoxtərəfli əməkdaşlığın formalaşmasına gətirib çıxaran layihədir. Bütövlükdə "Cənub Qaz Dəhlizi" ətrafında Azərbaycan, Türkiyə, Gürcüstan, Bolqarıstan, İtaliya, Yunanıstan və Albaniya kimi ölkələrin sıx əməkdaşlığı formalaşıb. Balkanlardan Bosniya və Hersoqovina, Xarvatiya və Monteneqro da memorandum imzalayaraq, layihənin potensial iştirakçıları olublar. Əlavə olaraq, Rumıniya və Türkmənistan da layihəyə ciddi maraq göstərir. Görünən odur ki, "Cənub Qaz Dəhlizi" öz təsdiqini tapır dünya üçün böyük önəm kəsb edir. TANAP-ın işə düşməsi ilə Azərbaycan qazı Türkiyənin Qara dəniz sahillərinə qədər gətirilir. Bundan sonra isə TAP layihəsi ilə qazın Yunanıstana ötürülməsi reallaşdırılacaq. Beləliklə, Avropanın enerji təhlükəsizliyi üçün mühüm olan layihənin həyata keçirilməsinə vəsiqə verilir. Azərbaycan Avropa üçün yeni alternativ enerji mənbəyi rolunu oynayacaq. 2020-ci ildə 16 milyard qazın satışı gözlənilir. 2026-cı ildən başlayaraq, qazın ixracı daha da yüksələrək, 30 milyard kubmetrə çatdırılması proqnozlaşdırılır". Millət vəkilinin sözlərinə görə, Ermənistan işğalçılıq siyasətini davam etdirdiyi üçün haqlı olaraq bu kimi layihələrdən kənar qalıb: " Ermənistan təcavüzkar siyasəti nəticəsində Azərbaycanın təşəbbüskarı olduğu Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərindən və indi də Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsindən kənarda qaldı. Ermənistanın iqtisadi blokadası güclənəcək və bu ölkədən miqrant axını, eləcə də yerli əhalinin yoxsulluq səviyyəsi daha da artacaq. Təsadüfi deyil ki, Ermənistanda həm enerji, həm də Bakı-Tbilisi-Qars layihəsinin reallaşmasına bir faciə kimi yanaşırlar. Amma əslində bu faciəni özləri yaradırlar. İşğala son qoysunlar, onun nəticələrini aradan qaldırsınlar və bundan sonra Ermənistanın bu layihələrdə iştirakı məsələsinə baxıla bilər. Prezident İlham Əliyevin dediyi kimi, nə qədər ki bu təcavüzə son qoymayıb, Ermənistanın təcrid siyasəti daha da gücləndiriləcək. Biz bu gün onun şahidi oluruq". Paşinyan hökumətinin Dağlıq Qarabağ probleminə olan münasibətinə gəlincə millət vəkili deyib ki, işğalçı Ermənistanın yeni hakimiyyəti Sarkisyanın vəziyyətindən dərs çıxarmalıdır: "Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı fikirləri, onun işğal olunmuş ərazilərimizə səfəri münaqişənin sülh yolu ilə həllinə xidmət etmir. Həmçinin, o, aparılan danışıqlarda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin tərəf kimi iştirakını təklif etməklə özünə dividend qazanmaq istəyir. Əslində, Paşinyan bu sərsəm və absurd fikirləri ilə münaqişənin nizamlanması ilə bağlı danışıqları yubatmaq istəyir. Ermənistan iflas vəziyyətindədir, ölkə onsuz da kifayət qədər zəifləyib, etirazlar dalğasından sonra isə tam çıxılmaz hala düşüb. Belə vəziyyətdə olan Ermənistanla inkişaf etmiş Azərbaycanın danışıqlara getməsi bu ölkə üçün faciəli ola bilər. Ona görə də Paşinyan vaxt udmaq istəyir. Amma başa düşməlidir ki, Ermənistanın gələcəyi işğal siyasətinə son qoyulmasından keçir. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyincə, heç bir perspektivə nail ola bilməyəcək".
Füzuli