"Prezidentin tənqidindən onlar nəticə çıxarmayacaq" – Deputat

Ölkə prezidenti bu məsələdə hamıdan çox narahatlıq keçirən şəxsdir. Çünki ən kiçik elektrik stansiyasının açılışında belə prezident özü iştirak edərək, enerji sahəsinə nə qədər böyük diqqət yetirdiyini göstərib.

"Olaylar" xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib. O bildirib ki, prezident bərpa olunan enerjinin yaradılması istiqamətində addımlar atır, layihələrin həyata keçirilməsinə vəsait ayırır:

"Amma bu sahəyə uyğun olmayan adamların çoxu bu vəsaitin real sektorda tətbiqinə mane olur. Buna görə də bu gün enerji sahəsində olan natamamlıqların, problemlərin olmasına da birinci hiddətlənən ölkə prezidenti oldu. Prezident müşavirədə sərt şəkildə öz fikirlərini dilə gətirdi. Fikrimcə, bu müşavirədən sonra artıq işin işbilənlərə tapşırılması prosesi başladılacaq. Ölkədə müəyyən dərəcədə ixtisaslaşmış yanaşma özünü göstərməlidir".

Millət vəkili vurğulayıb ki, Azərbaycanda hamı bir-biri ilə bağlıdır, hamı hamının eyibini ört-basdır etməklə məşğuldur:

"Ona görə də həqiqətləri ortaya çıxarmaq çətindir. Hesab edirəm ki, bu hadisə ölkədə ciddi silkələnmənin baş verməsinə gətirib çıxarmalıdır".

Millət vəkili qeyd edib ki, bu hadisə Azərbaycanda böyük bir kadr dəyişikliyinin başlanğıcı ola bilər:

"Sahəni bilməyən adamların əlindən o vəzifələr alınmalıdır. Sahənin mütəxəsisləri, ixtisasına uyğun, peşəsinə uyğun adamlar vəzifəyə gətirilməlidir. Doğrusu, Prezidentin sərt sözlərindən və çağırışından bəzilərinin nəticə çıxaracağını gözləmirəm. Çünki onlar məsuliyyət hiss etsəydilər, vəzifələrinin məsuliyyətini daşıyardılar və bu hadisə də baş verməzdi. Ona görə hesab edirəm ki, qəza ilə bağlı yaradılan dövlət komissiyasının araşdırmasının ardından ciddi dəyişiklikləri müşahidə edəcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31