Dərs kimi müşavirə
5 İyul 2018 15:51 Siyasət"Güman ki, məmurlar dövlət başçısını xəbərdarlığından nəticə çıxaracaqlar"
"Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar prezident İlham Əliyevin yanında ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar müşavirə keçirilib. Dövlət başçısı müşavirədə qəzanın baş vermə səbəblərinin araşdırılması məqsdilə tapşırıq verməklə yanaşı, bu məsələdə günahı olanların cəzalandırılacağını da bildirib. Millət vəkili Qənirə Paşayeva deyib ki, prezidentin müşavirəsində başını aşağı salıb duran bəzi məmurlar çox güman ki, dövlət başçısının sərt tənqid və xəbərdarlığından nəticə çıxaracaq. Cənab prezident xalqın həmin məmurlara demək istədiklərinin hamısını onlara ciddi narazılıq və sərt xəbərdaqlıqla söylədi. O, hər zaman söylədiyi "biz hamımız, məmurlar, millət vəkilləri xalqın xidmətçiləriyik" yanaşmasını bu müşavirədə də ortaya qoydu". Onun sözlərinə görə, görünən budur ki, məsələ təkcə tənqidlə bitməyəcək, ölkənin enerji sistemində yaranan problemin səbəbkarları qanun qarşısında cavab verəcəklər: "Cənab prezident bunu çox ciddi məsələ kimi qeyd etdi və irəli sürülən səbəbləri əsaslı hesab etmədiyini açıq şəkildə bildirdi. "Azərenerji" prezidentinin qəzanın səbəbləri ilə bağlı açıqlamasına isə ən gözəl cavabı cənab prezident verdi, "utanmalısınız xalq və ölkə qarşısında", "xalqa nə qədər əziyyət verdiyinizdən utanmalısınız" dedi. Cənab prezident vətəndaşlara təşəkkürü xüsusi vurğuladı. Kritik zamanda öz işinin öhdəsindən peşəkarlıqla gələn qurumları da vurğuladı. Çox ciddi mesajlar vardı. Bu müşavirə əslində bütün qurumlara bir xəbərdarlıq idi. Cənab prezidentin insanlarımızın qəza ilə bağlı üzləşdiyi problemlərin qısa zamanda həlli tapşırıqlarını bəzi qurumların tezliklə həll etməsi lazımdır. Özəlliklə isti yay günlərində bəzi yerlərdə su təhcizatı və elektrik enerjisi ilə bağlı yaranmış problemlər tez bir zamanda öz həllini tapmalıdır. Təşəkkürlər, cənab prezident.Hər zaman olduğu kimi, bu müşavirədə də xalqın mənafeyinin hər şeydən üstün olduğunu ortaya qoydunuz". Millət vəkili Eldəniz Səlimov qeyd edib ki, Azərbaycan prezidenti bir daha Azərbaycan xalqı ilə birgə olduğunu, onun problemlərinə çox həssaslıqla və çox diqqətlə yanaşdığını, ortaya çıxan məsələləri anındaca həll etdiyini sübut, nümayiş etdirmiş oldu: "O, bir daha hələ 15 il öncə ilk prezidentliyinə başlayan-and içən zaman söylədiyi tarixi fikrinə, hər bir azərbaycanlının prezidenti olacağam, bəyanatına sədaqətini əyani şəkildə ortaya qoymuş oldu. Göstərdi və sübut etdi ki, onun başlıca qayəsi və amalı Azərbaycan dövləti, Azərbaycan xalqı, ölkə vətəndaşlarının təhlükəsizliyi, rifahıdır. İyulun 4-də ölkənin enerji sistemində vəziyyətlə əlaqədar keçirdiyi müşavirə, orada söylədiyi fikirlər, verdiyi mesajlar, səsləndirdiyi sərt iradlar, tapşırıqlar bir daha İlham Əliyevin Azərbaycan xalqı və dövləti naminə titanik fəaliyyətinin bariz nümunəsinə çevrildi". Millət vəkilinin dediyinə görə, belə bir müşavirənin keçirilməsi gözlənilən və həm də arzuolunan idi: "Baş vermiş hadisə və onun ətrafında yaşananlarla bağlı Azərbaycan xalqı, Azərbaycan vətəndaşları ölkə başçısının belə bir tədbir, müşavirə keçirməsini arzulayırdı və bilirdi ki, məhz belə də olacaq. Hər zaman olduğu kimi, yenə də Azərbaycan prezidenti dövləti və insanları yaxından və ciddi narahat edən məsələlərin həlli ilə əlaqədar təcili müşavirəsini keçirdi və əhalidə bir daha böyük inam və yüksək əhval-ruhiyyə yaratdı. Göstərdi ki, hər şey Azərbaycan dövlətinin və şəxsən onun nəzarətindədir, Azərbaycanda heç nə nəzarətdən çıxa bilməz, ölkədəki sabitliyə, əmin-amanlığa da heç bir təhlükə yoxdur. Azərbaycan dövləti, onun sükanı etibarlı əllərdədir". Millət vəkili həmçinin bildirib ki, dövlət başçısı çıxışında son iki gündə iki dəfə baş vermiş qəzanın çox ciddi şəkildə araşdırılmasının, günahkar şəxslərin müəyyənləşdirilərək, cəzalandırılmasının vacibliyini vurğulayıb: "Dövlət başçısı çox haqlı olaraq bildirdi ki, bir stansiyada baş vermiş qəza bütün enerji sistemimizə çox böyük zərbə vurdu və ona görə də çox ciddi araşdırmalar aparılmalıdır, günahkarlar məsuliyyətə cəlb edilməlidir. O, eyni zamanda bəyan etdi və tapşırıq verdi ki, elə bir tədbirlər planı hazırlanmalıdır ki, gələcəkdə biz bu qəzalardan və qəzaların törədə biləcəyi fəsadlardan özümüzü qoruya bilək. Hesab edirəm ki, bunlar da olduqca vacib və mühüm məsələlərdir. Çünki söhbət ölkənin, insanların taleyindən gedir. Belə məsələlərdə kimsəyə də güzəşt ola bilməz. Hər kəs öz hərəkətinin, öz davranışlarının cavabını almalıdır və alacaq. Buna da kimsənin şübhəsi olmasın. Çünki Azərbaycan dövlətinin, Azərbaycan prezidentinin iradəsi ortadır. Heç bir güc, heç bir qüvvə də bu iradəni sarsıda bilməz və heç sarsıtmaq iqtidarında da deyil. Azərbaycan dövlətinin və ölkə prezidentinin iradəsi hər zaman ortada olub və bundan sonra da ortada olacaq. Bu, birmənalıdır!".
Millət vəkili Azər Badamov isə deyib ki, ölkə başçısı vətəndaşlara göstərdiyi səbrə görə təşəkkürünü bildirməklə, əsl dövlət rəhbəri kimi problemin baş verməsi səbəblərinin arasdırılaraq, ona məruzə olunmasını tapşırdı: "Müşavirədən də göründüyü kimi dövlət başçısı her zaman xalqın yanındadır. Eyni zamanda, fövqəladə hallar hər bir ölkədə baş verə bilər və bundan heç kim sığortalanmayıb. Amma məsələ ondadır ki, hər bir fövqəladə hal baş verəndə ondan minimum zərərlə çıxmaq məsələsi ortada olmalıdır. Vəziyyət isə onu göstərdi ki, ölkəmizin enerji sistemi belə hallara hazır deyil. Prezident müşavirədə əlaqədar təşkilatlara iradlar bildirməklə, gələcəkdə belə bir halın təkrarlanmaması üçün dərhal qabaqlayıcı tədbirlərin görülməsi tapşırığını verdi. Dövlət başçısı bas vermiş olayla baglı çox narahatdır. Bu narahatlıq hər bir məmurda da olmalıdır. Əlaqədar təşkilatlar öz işlərini tələblər səviyyəsində qursaydılar, belə hallar baş verməzdi". Millət vəkili ümid edir ki, günahkar şəxslər öz cəzalarını alacaq və son hadisə gələcəkdə hamı üçün bir dərs olacaq.
Millət vəkili Əli Məsimli deyib ki, Mingəçevirdəki İstilik Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində ölkəmizin enerji təchizatında yaranmış ciddi problemlərlə bağlı xüsusi Dövlət Komissiyası yaradılıb. Həmin komissiya məsələni araşdırıb,qəzanın səbəblərini aşkar etməlidir. Geniş elektik stansiyaları şəbəkəsinə malik bir ölkədə bir qəza nəticəsində demək olar ki, bütün enerji sistemi sıradan çıxması çox ciddi suallar yaradır və aydınlaşdıılacaq. Bununla belə, millət vəkili qeyd edib ki, prezidentin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar keçirilən müşavirə Mingəçevirdəki İstilik Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində ölkəmizin enerji təchizatında yaranmış ciddi problemlərə xeyli aydınlıq gətirdi: "Səbəb çoxdur. Amma indidən belə aydındır ki, başlıca səbəblər içərisində energetika sahəsinə ayrılan vəsaitdən istifadənin səmərəlilik dərəcəsini aşağı olması, məsuliyyət hissinin olmaması, səhlənkarlıq,biganəlik daha çox xüsusi çəkiyə malikdir. Məsuliyyət hissinin olmaması enerji sistemi ilə yanaşı metroda və bir sıra xəstəxanalarda generatorların olmaması ya da işlək vəziyyətdə olması faktlarında da daha qabarıq göründü. Mingəçevirdəki İstilik Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində ölkəmizin enerji təchizatında yaranmış problemlərin aradan qaldırılmasında böyük peşəkarlıq və fədakarlıq göstərən qurumlar və şəxslərə, bir-birlərinə kömək göstərən vətəndaşlara xüsusi təşəkkür düşür. Azərbaycan prezidentinin yanında keçirilən müavirdə bir sıra vacib məsəlılər qaldırıldı. Qəza nəticəsində dəyən çoxşaxəli ziyan hesablanacaq. "Azərbaycan" İES-in tam təftişi və auditinin aparılması, bütün enerji sisteminin beynəlxalq aparıcı hesab edilən qurumlar tərəfindən təhlil edilməsi və təkliflərin hazırlanması mühüm aktuallıq kəsb edir. Belə bir obyektiv təftiş və təhlil bu işdə günahı olanların da obyektiv meyarlar üzrə aşkarlanması üçün də çox vacibdir. Təbii ki, elektrik enerjisinin verilməsində yaranan problemə görə bu işdə günahı olanlar cəzalanmalıdır. Bu sahədə obyektiv qəraraların qəbul edilməsi məmurların məsuliyyət hissini bir qədər artırmış olar. Əsas məsələ isə problemi köklü sürətdə həll etməkdən ötrü və gələcəkdə belə qəzaların təkrarlanmaması üçün tədbirlər planı hazırlaması və sistemli şəkildə həyat keçirilməsidir. Həmin proqramın hüquqi təminatı kimi 10 ildən artıqdır ki, dediyimiz "Dövlət maliyyə nəzarəti haqqında" model qanun və ondan irəli gələn digər qanunlar qəbul edilməlidir.Dövlət vəsaitindən öz təyinatına və səmərəli istifadəyə görə nəzarət mexanizmi hazırlanıb həyata keçirilməlidir. Strateji əhəmiyyət kəsb edən obyektlərin tikintisinə və onun mötəbərliliyinin yoxlanılmasına dünyada məşhur olan qurumların və mütəxəssislərin cəlb edilməsi praktikasından geniş istifadə olunmalııdır. Məmurların bir hissəsi öz vəzifələrini ləyaqətlə yerinə yetirir, bu kateqoriya aid məmurlar hər vasitə ilə təşviqləndirilməli və irəli çəkilməlidir. Məmurların digər hissəsi isə ona tapşırılan vəzifəni "avtopilot"a qoyub öz şəxsi işləri ilə, bilavasitə və ya əlaltıları ilə dolayı yollarla öz bizneslərini idarə etmək, genişləndirmək, öz fəaliyyət sahəsi ətrafında görünməmiş acgözlüklə əcaib monopoliyalar yaratmaq və həm həmin sahənin gəlirlərinin daha çox hissəsini sümürməklə, həm də o sahənin rəqabətqabiliyyətli səviyyədə inkişafını tormozlamaqla məşğuldurlar. Ona görə də bir sıra sahələrdə vacib dövlət işləri arxa planda qalır. Bu isə ekstremal şəraitlərdə ortaya çıxır. Bu özünü Mingəçevirdəki İstilik Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində ölkəmizin enerji təchizatında yaranmış ciddi problemlər zəncirinin bütün həlqələrində çox aydın göstərdi. Bu hadisələr bir daha göstərir ki, məmurun fəliyyəti şəxsi maraqlarının gerçəkləşdirilməsi vasitəsi kimi mədddahlıq məharəti ilə yox, dövlətçilik təfəkkürü, səriştəsi ilə, gördüyü işin keyfiyyəti və səmərəlilik dərəcəsi ilə ölçülməli,bütün sahələrdə şəffaflıq və məsuliyyət artırılmalı, dövlət adamı ona tapşırılan sahə və fəaliyyət növünə görə gerçəkdən şəxsən məsuliyyət daşımalıdırlar".
Zəka