Bulanıq suda balıq tutmaq sevdası

Yaxud cəmiyyətdə çaşqınlıq yaratmaq istəyənlərə xalqın layiqli cavabı

Bu günlər Azərbaycan cəmiyyətində müzakirə edilən əsas mövzu bir neçə gün əvvəl ölkənin elektrik enerjisi ilə təminatında yaranmış problemlə bağlıdır. Hadisə baş verən andan etibarən hərə öz yanaşması, mövqeyi ilə məsələyə münasibət sərgilədi, fikir bildirdi. Etiraf etmək lazımdır ki, qısa müddətli olsa da, müəyyən mənada problem yaşandı, paytaxt da daxil olmaqla respublikanın əksər rayonlarının leketrik enerjisi ilə təminatında müəyyən çətinliklər yaşandı. Ancaq dövlətin, onun müvafiq qurumlarının hər bir fövqəladə durumlar və fors-major vəziyyətlərdə atmış olduğu addımlara uyğun olaraq zamanında prosesə edilən müdaxilə problemi aradan qaldırmağa imkan verdi. Artıq ölkənin elektrik enerjisi ilə təminatı yaranmış problemin aradan qalxdığını söyləyə bilərik. Çünki hər şey əvvəlki axarında və vəziyyətdə davam edir. Ancaq hadisənin baş verdiyi ilk gündən bir çoxlarının ona olan münasibəti, ortaya qoyduğu mövqe, yanaşma sözün əsl mənasında təəccüb və təəssüf doğurdu desək yanılmarıq. Kim idi onlar?

Hər fürsətdə yaranmış xırda bir problemi qabartmağa, ondan şuo düzəltməyə çalışanlar. Fövqəladə vəziyyəti belə hakimiyyətin, iqtidarın, dövlətin üstünə atmağı özlərinin ənənəvi peşəsi seçənlər. Hansı ki, bu qüvvələrin uzun illərdir ki, fəaliyyəti məhz bu prizmada qurulub. Nəyin və hansı hadisənin, necə bir situasyada baş verməsindən asılı olmayaraq əsas hədəfi dövlətə, hakimiyyətə qarşı çevirmək. Mingəçevirdəki İstilik Elektrik Stansiyasında baş verən qəza fonunda bunun bir daha əyani şahidinə çevrildik. Maksimum dərəcədə çalışıldı ki, yaranmış vəziyyətdən öz məqsədləri üçün istifadə edərək xalqı hakimiyyətə, dövlətə qarşı çevirsinlər. Cəmiyyəti kəskin etiraza qaldırıb ictimai-siyasi vəziyyəti pozsunlar. Sosial şəbəkədən tutmuş özlərinə yaxın media qurumlarına qədər hər yerdə yalhız bir məsələ qabardıldı. Eyni zamanda iftira atıldı ki, guya dövləti idarə edənlər xalqın taleyinə biganədir. Guya baş verən hadisə hakimiyyətin idarəetmə gücünün zəifliyindən irəli gəlir. Hansı ki, bu qüvvələrin irəli sürdüyü hər bir fikir, mülahizə, yanaşma kökündən yalnış idi. Nəyə görə?

Birincisi, dövləti, hakimiyyəti zəif idarəçilikdə ittiham edənlərin özləri müstəqilliyin ilk illərində hakimiyyətdə idilər və həmin illərdə nəinki əhalinin elektrik enerjisi ilə təminatında problemlər yaranırdı, hətta elə rayon və kəndlər olurdu ki, orada aylarla insanlar işıq üzünə həsrət qalırdı. Ən yaxşı halda günün yalnız bir neçə saatında əhali elektrik enerjisi ilə təmin olunurdu. Həmin illərdə ölkənin elektrik şəbəkəsi ümumiyyətlə çox bərbad durumda idi. Təkcə, elektrik enerjisi deyil, eləcə də əhalinin təbii qaz, içməli su, zəruri ərzaq məhsulları ilə təminatında belə çox ciddi problemlər yaşanırdı. Bütün bunlar yaxın keçmişimizdə baş verdiyi və cəmiyyətin hər bir üzvünün onun canlı şahidinə çevrildiyi halda bu qüvvələrin bu gün hakimiyyəti günahlandırması absurd və yersizdir. 

İkincisi, hakimiyyəti əhalinin durumuna, vəziyyətinə biganə qalmaqda ittiham etmək də çox qərəzli yanaşma və iftiradır. Eyni zamanda siyasi riyakarlıqdır. Bu gün hakimiyyəti cəmiyyətin probleminə biganə qalmaqda ittiham edən həmin şəxslərin, qüvvələrin gözünün qarşısında baş verdi hər şey. Dövlət, onun müvafiq qurumlarının çevik və təxirəsalınmaz müdaxiləsi nəticəsində baş vermiş qəza aradan qaldırıldı. Əlternativ vasitələrlə əhalinin elektrik enerjisinə olan tələbatı təmin edildi. Elektrik enerjisinin olmadığı saatlarda əhalinin metrodan istifadəsi mümkünsüz olsa da, digər ictimai nəqliyyat vasitələri ilə əhali pulsuz olaraq mənzil başına çatdırıldı. Məgər bütün bunlar hakimiyyətin baş verən bu və ya digər hadisəyə çevik müdaxiləsi, eyni zamanda dövlətin ayrı-ayrı qurumlarının yüksək peşəkarlığının göstəricisi deyildimi? Əlbəttə elə idi. Bəs onda bütün bu yalan, iftiralar, şər-böhtan, şou nəyə lazım idi? Təbii ki, hər zaman olduğu kimi dövlətə, dövlətçiliyə zərbə vurmağa, Azərbaycan barədə mənfi rəy formalaşdırmağa, xalqı ayağa qaldırmağa və ölkədə ictimai-siyasi sabitliyi pozmağa. Şükürlər olsun ki, xalq bu dəfə də Azərbaycan dövlətçiliyini hədəf seçənlərə dəstək nümayiş etdirmədi. Çünki cəmiyyət onların səhv yolda olduğunu uzun illərdir ki, bilir və görür. Ona görə də heç zaman xalq bu qüvvələrə dəstək nümayiş etdirmir.

Ölkədə ictimai-siyasi sabitliyi pozmağa, bununla da öz planlarını həyata keçirməyə çalışanlara xalq dəstək verməməklə bir daha onu sübuta yetirdi ki, hakimiyyətin, ən əsası dövlətin və dövlətçiliyin yanındadır və bulanıq suda balıq tutmaq istəyənlərin niyyətləri yersizdir. Ölkədə xalq-iqtidar birliyi, həmrəyliyi var. Xalq-iqtidar birliyi olan yerdə isə kənar təsirlər hər zaman sabun köpüyü effekti verir.

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31