Prezident bu müşavirədə vətəndaşların mövqeyindən çıxış etdiyini açıq şəkildə ortaya qoydu
5 İyul 2018 15:43 Siyasət"Dövlətimiz və cəmiyyətimiz bu çətin sınaqdan üzüağ və şərəflə çıxdı"
Prezident İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirənin keçirilməsi göstərdi ki, Azərbaycanın təhlükəsizliyi ilə bağlı bütün məsələlər dövlət başçısının nəzarətindədir.
Olaylar.az Mingəçevirdə yerləşən "Azərbaycan İES"-də baş verən yanğınla bağlı olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar keçirilən müşavirədə, ölkə prezidentinin səsləndirdiyi fikir və iradlara qarşı siyasi ekspertlərin açıqlamalarını təqdim edir.
Şüphəsiz ki, cənab prezidentin səsləndirdiyi bütün fikirlər Azərbaycan vətəndaşlarının düşüncəsini, istək və arzularını ifadə edir

"Bu müşavirədə qəzanın baş vermə səbəblərinin bütün detallarına aydınlıq. gətirildi. Mənzərə hər kəs üçün aydın oldu və kifayət qədər açıq bir müzakirə keçirildi. Bu baxımdan bu müzakirə, müşavirədə səslənən fikirlər həm də bir sıra məqamlara və bundan sonrakı prosseslərə də ciddi şəkildə aydınlıq gətirdi. Hadisənin baş verdiyi dövrdən sonra bəllidi ki, əksər dövlət qurumları öz fəaliyyətlərini yəqin ki yerinə yetiriblər. Prezident bu müşavirədə Azərbaycan vətəndaşlarının yanında olduğunu və sırf vətəndaşların mövqeyindən çıxış etdiyini açıq şəkildə ortaya qoydu". Bu fikirləri "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli Olaylar.az-a açıqlamasında deyib.
Siyasi ekspert qeyd edib ki, şübhəsiz ki, baş verən hadisənin təhlil olunması bundan sonra təkcə bu sahədə deyil, digər istiqamətlərdə mövcud olan və ya prespektivdən mövcud olması gözlənilən problemlərin də aradan qaldırılmasına yardım göstərəcək.
Burada ciddi bir məsələ məmurların prezidentin sərt münasibətindən hansı nəticəni çıxaracaqlarıdır

"Cənab prezidentin qoyulan məsələlərə və birbaşa əlaqədar məmurların çıxışlarına sərgilədiyi münasibət gözlədiyim münasibət idi. Belə bir vəziyyət də ölkənin dövlət başçısı olduğu kimi kəskin, sərt və prinsipial ritorikayla məmurlarla danışmalıydı və danışdı. Çünki illər boyu ölkə prezidenti ölkənin infrasutrukturunun yaradılması, enerji təminatının qurulması və.s sahələr üzrə nə qədər böyük çətinlik olsa da büdcə vəsaitlərinin ayrılmasında bir o qədər səxavətli davranış göstərir. Bütün bu səxavətin arxasında dayanan məqsəd isə ondan ibarətdir ki, mümkün qədər ölkədə əhalinin enerji təhlükəsizliyi, enerjinin təchizatı məsələsində problemlər yaranmasın. Yaransa belə onun fəsadları bu dərəcədə geniş olmasın. İllər boyu prezidentin dövlət büdcəsindən bu məqsədlə vəsaitlərin ayrılmasında güddüyü əsas məqsəd əhalinin ən çətin anda qarşılaşdığı risklərin mümkün qədər az itgi ilə aradan qaldırılmasından ibarət olub. Amma biz gördük ki, adi qəza ilə ölkənin enerji sistemi iflic vəziyyətinə düşdü və belə vəziyyətdə prezidentin məmurlarla gözlənildiyi bu sərt davraşının və rəftarının şahidi olduq". Bu sözləri "Bakı-Xəbər" qəzetinin baş redaktoru, ekspert Aydın Quliyev sözügüdən məsələyə münasibətini bildirərkən deyib.
Ekspert bildirib ki, burada ciddi bir məsələ məmurların prezidentin sərt münasibətindən hansı nəticəni çıxaracaqlarıdır: "Sözün açığı mən gözləyirdim ki, birbaşa sahə ilə bağlı adamlar prezidentin göstərdiyi o sərt reaksiyalardan sonra məhz həmin an xalqdan, prezidentdən üzr istəyərək istefa verəcəklər. Təəssüflər olsun ki, bunu görə bilmədik. Bəlkə cənab prezident özü də bunu gözləyirdi amma illər boyu ölkənin enerji sistemini belə bərbad bir vəziyyətə qoymaq bir yana qalsın, heç olmasa sonda bütün bu səhvlərin, yanlışlıqların əvəzində mərdanə şəkildə istefa vermək nümunəsi göstərmək daha yaxşı olardı. Bəlkədə bu olacaq amma hər halda gözləyək.
Aydın Quliyev son olaraq vurğulayıb ki, bu, prezidentin yaranmış vəziyyətlə bağlı tam obyektiv və hərtərəfli məlumatlara malik olmasının nəticəsidir: "Prezidentin çıxışında həm məmurlara prinsipial münasibət göstərməsini həm də, Azərbaycan cəmiyyətindəki birliyin və həmrəyliyin çox ciddi faktor kimi qiymətləndirilməsini, çətin günlərdə xüsusilə də ölkədə polisin asayişin qorunması və yol hərəkətinin təhlükəsizliyinin təmin olunması sahəsində göstərdiyi fəaliyyətə lazımi qiymət verməsini doğru düzgün hesab edirəm".
Hazırda qarşıya qoyulan məqsəd qəzaya qədər həyata keçirilən işlərdə yanlışlıqların araşdırılması və burada günahkarların məsulyyətə cəlb olunmasıdır
.jpg)
"Dünyada elə bir dövlət yoxdur ki, təbii fəlakətlərdən, hansısa qəzalardan sığortalansın. Biz zaman-zaman hətta dünyanın inkişaf etmiş ölkələrində belə təbii fəlakətlərin, qəzaların baş verməsinin, bunun nəticəsində xeyli sayda insanın zərər çəkməsinin şahidi olmuşuq. Lakin bu məqamda əsas olan fəlakətlərin, qəzaların nəticələrinin tez bir zamanda aradan qaldırılması, dövlət orqanları ilə yanaşı, sadə vətəndaşların da həmrəylik nümayiş etdirərək baş verənlərə daha dolğun, kamil şəkildə yanaşmalarıdır. Bir neçə gün öncə Mingəçevirdəki İstilik Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində ölkəmizin enerji təminatında yaranmış problemlərin tez bir zamanda aradan qaldırılması üçün möhtərəm Prezidentimizin tapşırığı ilə Dövlət Komissiyası yaradıldı, aidiyyəti qurumlar səfərbər edildi. Bununla baş verə biləcək daha böyük problemlərin qarşısı alındı, ölkənin enerji təminatı bərpa edildi." Bu fikirləri "Olaylar"a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, iyulun 4-də Azərbaycan Respublikasının Prezidenti yanında ölkənin enerji sistemindəki vəziyyətlə bağlı keçirilən müşavirədə də bu məsələlər ciddi şəkildə müzakirə edildi, dövlətimizin başçısı xüsusi tapşırıqlar verdi: "Ölkəmizin başçısı müşavirədə Dövlət Komissiyasının qarşısında dayanan vəzifələri xatırlatdı və qəzanın səbəblərinin aşkar edilməsinin vacibliyini bildirdi. Qarşıda duran əsas vəzifələrdən biri də görüləcək tədbirlər haqqında təkliflər vermək və gələcəkdə belə qəzaların təkrarlanmaması üçün tədbirlər planı hazırlamaqdır. "Bu işlərdə günahı olan bütün insanlar müəyyən edilməlidir və onlar cəzalandırılmalıdır" deyən möhtərəm Prezidentimiz baş vermiş hadisəyə xüsusi həssaslıqla yanaşır və daim nəzarət edir. Təbii ki, insanların da bu məsələyə münasibəti xüsusi olaraq vurğulanmalıdır. Son bir neçə gündə Fövqəladə Hallar Nazirliyi və daxili işlər orqanlarının gördükləri təcili və təxirəsalınmaz tədbirlərlə yanaşı, sadə insanlar da bu məsələ ilə bağlı böyük məsuliyyət, əsl vətəndaş həmrəyliyi göstərdilər. Bir sözlə, dövlətimiz və cəmiyyətimiz bu çətin sınaqdan üzüağ və şərəflə çıxdı."
"İki sahil" qəzetinin baş redaktoru vurğulayıb ki, bu hadisədən yenə də öz şəxsi maraqları, çirkin niyyətləri üçün istifadə etməyə çalışanlar da tapıldı: "Qeyd etdiyimiz kimi, son bir neçə gündə yaranan problemə Azərbaycan cəmiyyəti kifayət qədər dolğun, kamil reaksiya verdi və dövlət orqanları ilə birlikdə sadə insanlar da qəzanın nəticələrinin tez bir zamanda aradan qaldırılması üçün var qüvvəsi ilə çalışdı, hər kəs əlindən gələni etdi. Təəssüf ki, ölkə daxilindəki bəzi dağıdıcı müxalifət ünsürləri, eləcə də xaricdə oturub milli maraqlarımızı baltalamaqla məşğul olan erməni xislətli "soydaşlarımız" baş verənlərdən yenə də hansısa formada öz xeyirləri üçün "yararlanmağa" çalışdılar. Onlar sosial şəbəkələr vasitəsilə insanlara kriminal xarakterli çağırışlar edərək yenə çaşqınlıq yaratmağa, "sahiblərinin" sifarişlərini yerinə yetirməyə cəhd etdilər. Lakin unutdular ki, Azərbaycan cəmiyyəti 1991-1992-ci illərin cəmiyyəti deyil. Dövr dəyişib, insanlar bu cür yalanlara inanmırlar. Xaricdə oturub boş-boş danışmaqdan başqa işi-gücü olmayan bu ünsürlər fürsət düşən kimi Azərbaycanı gözdən salmağa çalışırlar. Bir insan öz vətəninə, millətinə qarşı bu qədərmi qərəzli olar?! Bu insanların bir adı var: satqın, xəyanətkar... Ancaq hər zaman olduğu kimi, yenə də onların qaranlıq arzuları ürəklərində qaldı. Vətəndən uzaqda ermənilərin və ermənipərəst dairələrin pulları ilə "bəslənən" belələrinin yeri ancaq tarixin zibilliyidir."
.jpg)
"Prezident İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirənin keçirilməsi göstərdi ki, Azərbaycanın təhlükəsizliyi ilə bağlı bütün məsələlər dövlət başçısının nəzarətindədir" Bunu açıqlamasında "SƏS" Media Qrupunun rəhbəri Bəhruz Quliyev deyib.
Ekspert bildirib ki, ölkə rəhbərinin Mingəçevir İstilik Elektrik Stansiyasında baş vermiş qəza ilə yaxından maraqlanması Azərbaycan Prezidentinin ölkədə baş verənlərə nə qədər həssaslıqla yanaşdığının əyani sübutudur.
Bəhruz Quliyev qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığı ilə yaradılan Dövlət Komissiyası və bu komissiyanın üzərinə qoyulan vəzifələrin əsas məqsədi qəzanın baş vermə səbəblərini araşdırmaq və hadisədə məsuliyyətli olan şəxslərin cəzalandırılmasıdır: "Heç bir ölkə bu cür hadisələrdən sığortalanmayıb. Dünya təcrübəsində belə hadisələrin olduğunu görmək mümkündür. Hətta ABŞ-da, Avropa ölkələrində belə qəza səbəbindən elektrik enerjisi saatlarla dayandırılıb. Lakin ölkə başçısının ötən gün keçirilən müşavirədə də qeyd etdiyi kimi hazırda qarşıya qoyulan məqsəd qəzaya qədər həyata keçirilən işlərdə yanlışlıqların araşdırılması və burada günahkarların məsulyyətə cəlb olunmasıdır".
Siyasi ekspert söyləyib ki, Prezident İlham Əliyevin ötən gün müşavirədə vətəndaşların qəza nəticəsində nə qədər əziyyət çəkdiyini xüsusi vurğulaması, dövlət başçısının həyata keçirdiyi siyasətin mərkəzində vətəndaş amilinin dayandığını bir daha göstərmiş oldu: "Prezident hər zaman olduğu kimi bu məsələdə də vətəndaşların yanında oldu və onlara çətin sınaqda həmrəylik göstərdiklərinə görə təşəkkürünü bildirdi. Ölkə başçısının müşavirədə söylədiyi kimi, həqiqətən də dövlət qurumlarının və vətəndaşların həmrəylik göstərməsi nəticəsində Azərbaycan cəmiyyəti çətin sınaqdan şərəflə çıxa bildi".
Nigar Orucova