Separatçı rejimlərə dəstək layihəsi
23 May 2018 12:29 SiyasətVə ya Ermənistanı blokadadan çıxarmaq üçün şimaldan gələn yeni təşəbbüslər
Günümüzdə regionda və beynəlxalq aləmdə maraqlı proseslər cərəyan etməkdədir. Dünənə qədər bir-birinə əks qütbdə olan dövlətlər, ölkələr yaxınlaşmağa meyil göstərir, yaxud əksinə yaxın strateji müttəfiq olan ölkələr ani qərarlar və gözlənilməz addımlarla münasibətləri pozur, ikitərəfli əməkdaşlığa xələl gətirirlər. Bəzən isə iki ölkə arasında müəyyən incikliklərin yaranmasına düşünülməmiş addımlar, lazımsız qərarlar səbəb olur. Necə ki, zaman-zaman region ölkələrindən bəzilərinin Azərbaycana olan münasibətində bunu müşahidə edirik. Bir məqamı da xüsusi qeyd etmək yerinə düşər ki, bəzən Azərbaycanın region ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığına üçüncü qüvvələrin, kənar təsirlərin təxribat xarakterli addımları səbəb olur. Və yaxın tariximizdə biz bunun dəfələrlə şahidinə çevrilmişik.
Qeyd edək ki, Azərbaycanın region ölkələri arasında daha çox Rusiya və Gürcüstanla münasibətlərinin korlanması, bu ölkələr arasında mövcud olan strateji əməkdaşlığa zərbə vurulması hallarına daha çox rast gəlmişik. Onu da qeyd etmək yerinə düşər ki, bəzi hallarda belə bir mənfi tendensiyanın meydana gəlməsinə, yaranmasına hətta adı çəkilən ölkələrdə müəyyən siyasi post tutan fərdlər və qruplar da maraqlı olub. Ümumiyyətlə, götürəndə isə kimin hansı təxribat xarakterli addımları və Azərbaycanla münasibətlərə zərbə vurmaq cəhdindən asılı olmayaraq ümumiyyətlə, bu mövqe haqlı olaraq həmin dövlətin rəsmi mövqeyi kimi təqdim edilir.
Qeyd etdiyimiz kimi Azərbaycanın region ölkələri arasında daha çox Gürcüstanla münasibətlərinin korlanmasına cəhdlər göstərilir. Demək olar ki, müntəzəm olaraq bu məsələ ortaya atılır və Bakı-Tbilisi münasibətlərini zərbə altında qoymağa cəhdlər göstərilir. Ümumiyyətlə, belə cəhdlərə hələ Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsi gündəmə gələndən start verilib. Və bu prosesdə daha çox erməni lobbisi, Gürcüstanda yaşayan ermənilər xüsusi fəallıq nümayiş etdirirlər. Düzdür, hər dəfə bu kimi cəhdlər heç bir fayda verməyərək uğurcuzluğa düçar olsa da, lakin Bakı-Tbilisi əlaqələrinə zərbə vurmaq istiqamətində fəaliyyətlər davam etməkdədir. Qeyd edək ki, bir müddət əvvəl Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin reallaşmasından sonra bu istiqamətdə fəaliyyətlər bir qədər də intensivləşib. Bu dəfə prosesə şimal qonşumuzun da cəlb edilməsi məsələnin kifayət qədər ciddiliyindən xəbər verir. Söhbət Abxaziya və Cənubi Osetiya dəmir yolu xətti layihəsinin təmir edilərək istifadəyə verilməsi təşəbbüsündən gedir. Məlumat üçün qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsindən sonra seprataçı rejimləri birləşdirən sözügedən xəttin də bərpası məsələsi gündəmə gəlib və bu prosesdə Moskva daha çox fəallıq nümayiş etdirir.
Gürcüstanın Moskvanın təşəbbüsünə qoşulub Abxaziya və Cənubi Osetiya dəmir yolu xəttinin bərpasına "yaşıl işıq" yandırması haqlı olaraq Azərbaycanda ciddi etirazla qarşılanıb və birmənalı olaraq Tbilisinin bu addımı Azərbaycanla strateji tərəfdaşlığa zərbə, xəyanət kimi qiymətləndirilib. Elə Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də bu fikirdədir. O, bildirib ki, Gürcüstanla Rusiya arasında buzlar əriməyə başlayır. Məhəmməd Əsədullazadənin sözlərinə görə, Bidzina İvanaşvilinin "Gürcü arzusu" Partiyası növbəti seçkilərdə Rusyanın dəstəyini almaq üçün ölkəsinin ərazi bütövlüyünə qarşı getməkdə israrlı görünür: "Rəsmi Tiflis, Rusiya- Gürcüstan arasında gömrük məntəqələrinin açılması, separatçı Abxaziya və Cənubi Osetiyadan keçməklə dəmir yol və magistral yolun açılması ilə bağlı danışıqlar aparır. Rusiya Abxaziyadan dəmir yolunun açılmasında ona görə maraqlıdır ki, bu dəmir yol vasitəsi ilə Ermənistanda olan hərbi bazasının təchizatını qısa şəkildə həyata keçirəcək. Ermənistana və işğal olunmuş ərazilərimizə zirehli texnikanın daşınmasını asanlaşdıracaq. Həmçinin Rusiya ilə Ermənistan arasında birbaşa dəmir yolu xətti işə düşməklə Ermənistanın blokadası yarılmış olacaq". Politoloq hesab edir ki, Azərbaycanın Gürcüstanla strateji tərəfdaşlığına rəğmən rəsmi Tiflis Azərbaycan əleyhinə belə razılaşmaya gedirsə, Azərbaycan Gürcüstandan investisiyalarını geri çəkməlidir: "Qeyd edim ki, bu anlaşma əldə olunarsa, İvanaşvili kölgəsi altında olan gürcü hökumətindən Azərbaycana qarşı bu qədər zərbə vurulmayıb. Bundan əlavə, bu hakimiyyət öz ərazi bütövlüyünə hörmət etmirsə, təbii ki, Azərbaycanla maraqlarıda nəzərə almayacaq". Politoloq deyib ki, Çexiyanın paytaxtı Praqada mayın 24-də Rusiya və Gürcüstan rəsmi nümayəndələri - Georgi Abaşizde və Qriqori Karasin arasında növbəti görüş keçiriləcək: "Bu görüşdə tərəflər razılığa gəlib müqavilə imzalasalar, Ermənistanla Rusiya arasında dəmir yolu bərpa olunmaqla, Gürcüstan hakimiyyəti Azərbayacana qarşı xəyanət etmiş olacaq. Rusiya Abxaziyadan keçməklə, Ermənistana hərbi yüklərini çatdıracaq və Qarabağ münaqişəsinin həllində danışıqların dayanmasına gətirəcək. Çünki, Ermənistan bundan sonra çətin danışıqlar masası arxasına gəlsin. Göründüyü kimi rəsmi Tiflis, Moskva ilə separatçı və öz suverenliyinə təhdid olan anlaşamaya getməklə, regionda təhlükəsizliyi riskə atır".
Süleyman