Avropa Parlamentinin vitse-prezidentidən Qarabağla bağlı çağırış

Heidi Hautala: "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün səylər göstərilməlidir"


Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasının ikinci sessiyası mayın 8-də də öz işini davam etdirib. İclasının ikinci sessiyasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar, mövcud vəziyyət müzakirə olunub. Sessiyada çıxış edən Xarici İşlər Nazirliyinin idarə rəisi, səfir Kamil Xasıyev deyib ki, Dağlıq Qarabağ münaqişəsi regionda qeyri-sabitliyin əsas amilidir. Belə münaqişələr təhlükəsizliyə təhdiddir. BMT-nin Təhlükəsizlik Şurası Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul edib, orada torpaqların işğaldan azad edilməsi qeyd edilir. Bundan başqa, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, GUAM da bu mövqedədir. Beynəlxalq ictimaiyyətin rəyinə baxmayaraq, Ermənistan işğal olunmuş torpaqları azad etməyib. Bu torpaqlarda hərbi gücünü saxlayır, o torpaqlardan qovulmuş yüz minlərlə azərbaycanlının torpaqlarına qayıtmasının qarşısını alır. Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həlli mümkün olmur. Səfir bildirib ki, Ermənistanın dağıdıcı siyasəti nəticəsində bu münaqişə davam edir, ona görə bunun həlli sülh yolu ilə mümkün olmur: "Ermənistan Azərbaycanın cəbhəyanı kəndlərini atəşə tutur, orada mülki şəxslər də əziyyət çəkir. 2016-cı ilin aprelində də bu cür təxribata əl atıb, yaşayış məntəqələrini atəşə məruz qoyub. Nəticədə isə bir neçə Azərbaycan vətəndaşı həyatını itirib". O həmçinin qeyd edib ki, 2014-cü ildən bu yana Azərbaycan və Ermənistan prezidentləri arasında 8 görüş baş tutub: "Azərbaycanın işğal olunmuş ərazilərinə indiyədək qeyri-qanuni maliyyə qoyuluşları aparılıb və bu, indi də davam etdirilir. Bu ərazilərdə yaradılmış qondarma rejimin fəaliyyətinə dəstək göstərilməsi Dağlıq Qarabağ münaqişəsinin həllini yubadır". Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi regionda qeyri-sabitliyin əsas amillərindən biridir: "Belə münaqişələr regionlarda qeyri-sabitliyə gətirib çıxarır. BMT-nin qətnamələrinə görə, münaqişə həll olunmalıdır. Bu qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü təsdiq edilib. Bu qətnamələrdə təkrarən təsdiqlənib ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir". K.Xasıyev deyib ki, ümumilikdə beynəlxalq cəmiyyətin fikirlərinə, beynəlxalq hüquq normalarının pozulmasına baxmayaraq, Ermənistan işğalçı mövqeyindən geri çəkilməyib: "Ermənistan status-kvonu saxlamağın tərəfdarıdır. O, fiziki güclərini möhkəmləndirməyə çalışır, orada yaşayan azərbaycanlıların öz evlərinə qayıtmasının qarşısını alır. Son illər ərzində də təmas xətti boyunca Ermənistan-Azərbaycan qüvvələrinin dayandığı ərazilərdə Azərbaycan kəndlərinin atəşə tutulması davam etdirillib, Azərbaycan vətəndaşları da hədəf olub". Onun sözlərinə görə, Azərbaycan gözləyir ki, Avropa İttifaqı və ona üzv ölkələr beynəlxalq öhdəliklərə uyğun olaraq, eyni vəziyyətlərdə tətbiq etdiyi müəyyən iqtisadi-siyasi tədbirləri işə salsın. Bu, Azərbaycanın ərazi bütövlüyünün pozulmasının qarşısını ala bilər: "Bu, hər hansı malların, xidmətlərin Dağlıq Qarabağa satılmasının qarşısını ala bilər. Ümid edirik ki, bu addım qeyri-qanuni əməliyyatların qarşısını alacaq".

 Milli Məclsin sədrinin birinci müavini Ziyafət Əsgərov çıxışında qeyd edib ki, bu gün Azərbaycanın əzəli və əbədi torpağı olan Şuşanın işğalından 26 il ötür. Şuşa 1992-ci ilin mayın 8-də Ermənistan tərəfindən işğal olunub. Birinci vitse-spiker bildirib ki, Şuşanın ermənilər tərəfindən işğalı nəticəsində 100-lərlə Azərbaycan vətəndaşı həyatını itirib. Ona görə də Şuşada həyatını itirən vətəndaşlarımızı 1 dəqiqəlik sükutla yad edək". Şuşada həlak olanlara bir dəqiqəlik sükutla yad edilib. Çıxışını davam etdirən birinci vitse-epiker qeyd edib ki, Ermənistan bu gün terror siyasəti ilə məşğuldur. Ermənistanda terror dövlət siyasətidir. O, qeyd edib ki, Ermənistan hakimiyyəti erməni xalqını girov götürüb. "Bu işğalçılıq siyasətinə son qoyulmalıdır. Bu həm də Cənubi Qafqaz regionunda inkişafa səbəb olar. Ermənistan beynəlxalq hüququ saymır. Biz istəyirik ki, sülh olsun, əməkdaşlıq edək, amma torpaqlar azad edilsin. Bu, həm də Cənubi Qafqaz regionun inkişafına da səbəb olar. Avropa İttifaqı, Avropa Parlamenti Dağlıq Qarabağ probleminin həlli ilə bağlı addımlar atmır. Niyə Ermənistana sanksiyalar tətbiq etmirsiz? Niyə? Axı hər şey aydındır. Dağlıq Qarabağda narkotik bitkiləri əkib-becərilir, bunun qarşısı niyə alınmır? Axı bu hamının problemidi. Ədalət prinsipi niyə işləmir?" Z.Əsgərov qeyd edib ki, Dağlıq Qarabağda terrorçular yetişdirilir, narkotik bitkilər əkilir: "Bu narkotik vasitələr Dağlıq Qarabağdan Avropaya ixrac olunur. Bu, tək Azərbaycanın deyil, hamının problemidir. Beynəlxalq hüquqda çoxdan ədalət prinsipi yoxdur. Nə vaxtdan beynəlxalq hüquq sizin üçün məşğuliyyət, bizim üçün məhdudiyyət olub? 1994-cü ildə bizə ATƏT-in Minsk qrupunu sırıdılar. Əgər BMT qətnamələri yerinə yetirilməyəcəksə, ATƏT-in Minsk qrupu nəyə lazımdır? Biz müharibə istəmirik. Ancaq nə qədər gözləməliyik? Dağlıq Qarabağda Azərbaycanın suverenliyi bərpa olunmalıdır. Avropanın ədaləti, demokratiyası budurmu?! Bu sualı mənə dəfələrlə seçicilər də ünvanlayıb".

Milli Məclisin Xankəndidən olan deputatı Flora Qasımova da qeyd edib ki, bu gün Azərbaycan ərazisi olan Şuşanın işğalından 26 il ötür. Neçə illərdir ki, ATƏT-İn Minsk qrupu münaqişənin sülh yolu ilə həllinə çalışır. Amma heç bir nəticə əldə olunmur. Mən başa düşə bilmirəm ki, işğalçı məlum ola-ola niyə bunu uzatmaq istəyirlər? Deputat bildirib ki, Ermənistan rəhbərliyi işğal altında olan Azərbaycan torpaqlarında süni məskunlaşma aparır: "Necə olar ki, Azərbaycanda 1 insanın haqqı tapdalanan kimi Avropa təşkilatları xəbər tutur. Amma işğalçı da bəlli olduğu halda bu münaqişənin həlli istiqamətində addım atmırlar".
Flora Qasımova deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin iki yolu var: Sülh və müharibə. "Mən qadınam, amma müharibə istəmirəm. Çünki müharibə nəticəsində insanlar həyatını itirir. Niyə 20 ildən çoxdur ki, münaqişənin həlli istiqamətində hər hansı bir addım atılmır? Bizdə belə bir məsələ var: "iştah diş altındadır". Onlar Azərbaycanın işğal altında olan ərazilərindəki abidələri özəlləşdirirlər, qəbirləri dağıdırlar. Bu insanlığa yaraşan sifətdirmi? Siz bu söhbətləri çox eşidirsiniz. Bəlkə də öyrəşmisiniz. Bu gün Ermənistan əsgərlərinin anası deyir ki, niyə mənim oğlu başqa ölkənin ərazisində şəhid olur? Siz əgər sülh istəyirsinizsə əlinizi qaldırın. İşğal nəticəsində həmçinin bizə 100 milyardlarla ziyan dəyib. Ən çox da mənəvi ziyan".

Millət vəkili, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmayıb, davam edir. Bunun çox ağır nəticələri var. Ermənistan bir neçə dəfə Rusiya və Qazaxıstan bazarlarına Dağlıq Qarabağın məhsullarını çıxarmağa cəhd edib. Azərbaycanın sərt təpkisindən sonra bu, aradan qaldırıldı. Avropa İttifaqı səviyyəsində də bu məsələ həll edilməlidir. Dağlıq Qarabağda və digər münaqişə ocaqlarında təhlükəli tendensiyalar baş verir. Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Amma bəzən çalışırlar ki, Azərbaycanı gözdən salsınlar, deyirlər ki, guya ölkədə insan hüquq və azadlıqları pozulur. Bunlar doğru deyil. Dağlıq Qarabağ münaqişəsi yalnız Cənubi Qafqaz regionu üçün deyil, Avropa üçün də təhlükə yaradır, ona görə də həll edilməlidir". Millət vəkili Elman Nəsirov qeyd edib ki, Azərbaycan Avropa Parlamentindən qətnamələrin icrası mexanizminin formalaşmasında dəstək gözləyir: "Siz deyirsiniz ki, biz qətnamələr qəbul etməklə siyasi mesaj veririk. Buna görə də biz bilirik ki, Avropa İttifaqı münaqişənin həllində rol oynamayacaq. Şəxsən mən hesab edirəm ki, heç vaxt bu münaqişəni ATƏT, Avropa İttifaqı həll etməyəcək. Bu münaqişəni Azərbaycan xalqı, Ali Baş Komandan İlham Əliyev həll edəcək". Milli Məclisin deputatı Sahibə Qafarova bildirib ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində minlərlə insan, o cümlədən qadınlarımız əsir və itkin düşüb: "Biz bu məsələ ilə bağlı beynəlxalq təşkilatlarla çalışırıq. Azərbaycan hökumətinin bu istiqamətdə səylərinə baxmayaraq, qaçqın və məcburi köçkün qadınların heç də hamısı cəmiyyətə tam inteqrasiya olunmayıblar. Çünki o insanlar doğma torpaqlarına qayıtmaq istəyirlər. İşğal olunmuş ərazilərdən qovulmuş insanların hüquqları bərpa olunmalıdır". Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev deyib ki, təqribən 30 il ərzində məcburi köçkün kimi doğulmuş uşaqlar hələ öz vətənlərini görməyiblər. Buna baxmayaraq, öz doğma torpaqlarını görmək ümidlərini itirməyiblər: "Bütün qüvvələr münaqişənin sülh yolu ilə həllinə yönləndirməlidir. Bu günə qədər münaqişənin həlli üçün bir addım da atılmayıb. Biz münaqişənin həlli üçün bacardığımız qədər öz təkliflərimizi verməyə çalışırıq".

Avropa Parlamentinin vitse-prezidenti Heidi Hautala isə deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün səylər göstərilməlidir: "Bütün səylər göstərilməlidir ki, bu münaqişə sülh yolu ilə həll edilsin. Münaqişənin həlli üçün başqa yol - müharibədən, hərbdən başqa yol varmı? Bəli, var. Biz əlimizdən gələni etməliyik ki, münaqişə sülh yolu ilə həll edilsin". Avropa Parlamentinin ümumi katibliyinin nümayəndəsi Florian Karmona Avropa Parlamentinin qətnamələr qəbul etməklə siyasi mesaj verdiyini nəzərə çatdırıb: "Ancaq biz bu qətnamələri icra edə bilmirik. Biz inanan tərəfdaşa çevrilmək üçün ikili standartlara yol verməməliyik. Buna da çalışırıq. Avropa İttifaqı olaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi nümayəndə də təyin etmişik. Bununla biz istəyirik ki, münaqişənin həllində aktiv olaq. Çünki bu münaqişə bizə də təsir edir. Biz başa düşürük ki, regionda sabitlik önəmlidir və Azərbaycan Cənubi Qafqaz regionunda sabitliyin qorunub saxlanmasında çox önəmli tərəfdaşdır. Minsk qrupuna gəldikdə, qrupda Rusiya həmsədrdir". Avropa Xarici Fəaliyyət Xidməti və Avropa Komissiyasının Qonşuluq və genişlənmə danışıqları üzrə Baş İdarəsinin rəhbəri Vassilis Maraqos Avropa İttifaqının Dağlıq Qarabağ ərazisindən heç bir mal və xidmət ixrac etmədiyini vurğulayıb: "Söhbət burada mənşə ölkələrlə bağlı sui-istifadə hallarından gedir. Avropa Komissiyası bununla bağlı ölkələrə müvafiq bildirişlər göndərib. Bu baxımdan düşünmürəm ki, bu məsələ ilə bağlı ikili standartlardan çıxış edirik. Avropa İttifaqı Dağlıq Qarabağ ərazisindən heç bir mal və xdmət ixrac etmir ".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31