AXC-nin iqtisadi platformasının mülkiyyət plüralizmi
7 May 2018 11:49 SiyasətAzərbaycan Xalq Cumhuriyyəti elan edildikdən sonra bütün sahələrdə olduğu kimi iqtisadi sahədə də müxtəlif tədbirlər həyata keçirməyə başladı. Beləliklə, AXC-də sosial ədalət istehsal vasitələri üzərində mülkiyyət formaları vasitəsi ilə bərqərar edilirdi. AXC öz iqtisadi platformasında mülkiyyət plüralizmini nəzərdə tuturdu. Burada dövlət mülkiyyəti, xüsusi, şəxsi, səhmdar, bələdiyyə mülkiyyəti formalarının və digər mülkiyyət formalarının inkişafı üçün bərabər imkanlar yaradılırdı. O zaman geniş yayılmış bolşevizm mövqeyindən fərqli olaraq AXC və onun liderləri fabrik, zavod, torpaq və digər əsas istehsal vasitələri üzərində xüsusi mülkiyyəti rədd etmirdilər. Əksinə, belə hesab edirdilər ki, "bu cür mülkiyyəti tamamilə aradan qaldırmaq indiki vəziyyətdə insanların şəxsi təşəbbüs qüvvətini zorakı olaraq aradan götürür". Eyni zamanda, AXC-də xüsusi mülkiyyətin miqyası müəyyənləşdirilir, bu işdə ifrata varmağın zərərli olduğu göstərilirdi. Qeyri-məhdud mülkiyyət hüququ və mənimsəmədə ifratçılıq mülkiyyətin yoxluğu qədər zərərli hesab edilirdi. AXC-nin iqtisadi modelində nəzərdə tutulurdu ki, xüsusi mülkiyyətin mövcudluğu mülkiyyətin tamamilə xırdalanmasına aparıb çıxarmamalıdır. Xüsusən də fabrik və zavodların bu cür xırdalanması qeyri-mümkündür və "burada çalışan əməkçinin işdəki mövqeyi xüsusi surətdə hazırlanan əmək haqqında qanunların tətbiqi ilə təmin olunmalıdır". Respublikanın yaratdığı iqtisadi qanunçuluğa görə, dövlət mülkiyyətinə və qismən də bələdiyyə mülkiyyətinə "dövlətin sərvət və gəlir qaynağını təşkil edən yeraltı mədənlər", həmçinin "dəmiryolu, işıq, su, teleqraf və s. bu kimi ümumi işlərə xidmət edən sahələr" daxil edilirdi. AXC-nin aqrar proqramı da iqtisadi fikir baxımından öyrənilməyə layiqdir. Bu proqramın əsasını aqrar islahatı haqqında "Müsavat" fraksiyasının və Torpaq Nazirliyinin nöqteyi-nəzərini əks etdirən qanun layihələri təşkil edirdi. Göstərilən qanun layihələrinin müəyyən fərqlərinə baxmayaraq, məqsədi torpaqsız və aztorpaqlı əhalini torpaqla təmin etməkdən ibarət idi. Həm də xüsusi torpaq mülkiyyətini ləğv etmək deyil, torpağı xüsusi mülkiyyətə elə istehlak normaları üzrə vermək nəzərdə tutulurdu ki, bir tərəfdən kənd əhalisini gəlirlə təmin etmək mümkün olsun, digər tərəfdən istifadəsiz xüsusi sahibkar torpaqları qalmasın."Müsavat" fraksiyasının qanun layihəsində torpaqların əvəzsiz verilməsi, digər qanun layihəsində isə müəyyən əvəz müqabilində verilməsi əksini tapmışdı. Birinci qanun layihəsində əvvəlki sahibkarların mülkiyyətində 75 desyatin, digər qanun layihəsində isə yerli şəraitdən asılı olaraq müxtəlif miqdarda torpaq sahəsinin saxlanması müəyyənləşdirilmişdi. AXC-nin iqtisadi platformasında pulun inflyasiyasının qarşısını almaq, inflyasiya şəraitində əmək haqqını tənzimləmək, ümumiyyətlə, pul tədavülünü, xaricə xammal satışını qaydaya salmaq, gömrük siyasəti, sahibkarlarla dövlət arasında münasibətlərin vergi vasitəsilə tənzimlənməsi qaydaları, Rusiya ilə və qonşu respublikalarla iqtisadi əməkdaşlıq şərtləri, iqtisadi fikir və təcrübəni öyrənmək baxımından diqqətəlayiqdir. Mövcud olduğu 23 ay ərzində AXC bir sıra cari təsərrüfat və mədəniyyət məsələlərinin həllində böyük uğurlar qazandı. Neft sənayesi ağır vəziyyətdən çıxarıldı, dağıdılmış Bakı-Batum neft kəməri bərpa olundu, Bakı-Culfa dəmir yolu inşa edildi, Kür çayı üzərində körpü salındı, maarif və mədəniyyət, xaricdə yüksək ixtisaslı milli kadrlar hazırlanması sahəsində işlər yoluna qoyuldu. Azərbaycan Dövlət Bankı yaradıldı, milli pul nişanları buraxıldı, Xəzər dəniz gəmiçiliyi inkişaf etdirildi, Bakı Universiteti və bir çox ibtidai məktəblər açıldı. Müstəqil dövlətin atributu kimi milli pul vahidinin buraxılması AXC-nin maliyyə siyasətinin mühüm tərkib hissəsi idi. 1918-ci ilin əvvəlindən Bakıda yeni kağız pullar-"Bakı bonları" buraxıldı (o vaxtadək "Nikolay" pulları və "Kerenski" pul vahidləri işlənirdi). Milli pul vahidinin möhkəmləndirilməsi, onun alıcılıq qabiliyyətinin qorunub saxlanması hökumətin iqtisadi siyasətinin əsas qayğısı oldu. Çünki AXC-nin milli valyutası inflyasiya şəraitində dövriyyəyə buraxılmışdı. Hökumət həm əvvəlki dövrdən miras qalan, həm də respublikanın mövcudluğu dövründə baş verən inflyasiyaya qarşı mübarizə aparırdı. Bu məqsədlə aşağıdakı tədbirlər həyata keçirildi: müstəqil dövlətin maliyyə, vergi, bank-kredit sistemi yaradıldı; Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Bankı açıldı, Maliyyə Nazirliyinin 20 iyul 1919-cu il tarixli qərarı ilə əmtəələrin sərbəst ixracı təmin edildi, AXC parlamentinin bu məsələyə həsr olunan 24 noyabr 1919-cu il tarixli iclasında müxtəlif fikirlər müzakirə olundu. Həmin iclasda qərar qəbul olundu ki, əsas diqqət xəzinənin doldurulmasına yönəldilməlidir. Xəzinəyə müəyyən rüsum keçirmək şərti ilə xammal ixracına icazə verilməsinə dair qanun qəbul edildi, xaricə gizli yolla gümüş, qızıl, platin aparılmasına görə məsuliyyət məsələsinə baxıldı və bu məsələ 20 oktyabr 1919-cu il tarixli qanunda öz geniş əksini tapdı. Respublikanın sərhədləri daxilində mal mübadiləsini tənzimləmək məqsədilə 1919-cu ilin avqust ayından xaricdən Azərbaycana gətirilən bir sıra zinət əşyalarına müvəqqəti gömrük tarifləri tətbiq olundu. Daxili bazarı tənzimləmək məqsədilə Azərbaycandan kənara göndərilən əmtəələr üçün yeni müvəqqəti gömrük qaydalarının tətbiq edilməsi haqqında qanun təsdiq edildi. Çevik vergi siyasəti yeridildi, dövlət xərclərinin ixtisar edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirildi. Xaricdən ölkəyə gömrüksüz gətirilən malların siyahısı müəyyənləşdirildi, bu siyahıya 200-dən çox məhsulun adı daxil edildi.
Azərbaycan Xalq Cumhuriyyəti xarici ölkələrlə də iqtisadi əməkdaşlığa üsünlük verirdi. Məlum olduğu kimi XIX-XX əsrin əvvəllərində Azərbaycan Rusiya İmperiyasının tərkib hissəsi olduğundan onun iqtisadi həyatı bilavasitə Rusiya ilə sıx bağlı idi. Digər qonşu ölkələrdə sənaye inkişaf etmədiyindən, Azərbaycan ehtiyac duyduğu sənaye və fabrik məmulatlarını əsasən Rusiyadan əldə edirdi. Lakin həmin dövrdə çarizmin Rusiya İmperiyası ərazisində yürütdüyü mürtəce hakim millətçilik siyasətinin təsiri altında böyüməkdə olan rus sənaye kapitalı bütün Cənubi Qafqaza, o cümlədən Azərbaycana öz sənayesini yaymağa və inkişaf etdirməyə ixtiyarı olmayan, Rusiyaya özünün müxtəlif növ xammalını göndərərək, oradan fabrik məmulatlarını idxal etməyə möhtac qalan bir müstəmləkə kimi baxırdı.1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının qəbul etdiyi İstiqlal Bəyannaməsi xalqın müstəqillik əzmini nümayiş etdirdi. Cümhuriyyət hökuməti dövrün çətinliklərinə baxmayaraq, ölkənin sosial-iqtisadi inkişafı və xarici-iqtisadi ticarət əlaqələri yaradılması istiqamətində mühüm addımlar atdı. XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycandan Rusiyaya əsasən neft və neft məhsulları, həmçinin pambıq, balıq, düyü, şərab, meyvə, xam ipək, gön-dəri, xalça və s. göndərilir, oradan isə taxıl, kartof, çay, qənd, bitki yağları, manufaktura malları, dəmir, tikinti materialları, sement, kimyəvi mallar gətirilirdi. Rusiya ilə əmtəə mübadiləsi başlıca olaraq Vladiqafqaz dəmir yolu vasitəsilə həyata keçirilirdi. Neft və neft məhsulları isə əsasən dənizlə Həştərxana daşınırdı. Məsələn, 1916-cı ildə Bakı şəhərindən aparılan və ümumi həcmi 408,8 mln.pud olan neft məhsullarının 366,4 min pulu Xəzər dənizi vasitəsilə daşınmışdır ki, bu da Xəzər dənizi vasitəsilə daşınan bütün əmtəə mallarının 89,6%-ni təşkil etmişdir. Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsulları da əsasən dənizlə və dəmir yolu vasitəsilə daşınırdı. Azərbaycanı Rusiya və digər xarici ölkələrlə əlaqələndirən əsas yol-nəqliyyat xətləri, Qara və Xəzər dənizləri, Vladiqafqaz və Zaqafqaziya dəmiryolları, eləcə də Volqa çayının su-nəqliyyat xətti olmuşdur. Qışda Volqa çayında naviqasiya dayandırıldıqdan sonra isə Volqa çayının su-nəqliyyat xəttini Vladiqafqaz dəmir yolu xətti əvəz edirdi. Azərbaycan Rusiya və Qərbi Avropa ölkələri ilə əlaqəni Qara dəniz vasitəsilə (əsasən Batum və Poti vasitəsilə) yarada bilirdi. Zaqafqaziya dəmiryolu xətti Qara və Xəzər dənizlərini əlaqələndirməklə yanaşı, Vladiqafqaz dəmir yolu ilə də qovuşaraq fasiləsiz dəmir yolu xətti yaradırdı. Zaqafqaziya dəmiryolu xətti özünun yolayrıcıları - Culfa-Təbriz vasitəsilə İranla, Gümrü-Sarıqamış vasitəsilə isə Türkiyə ilə əmtəə mübadiləsini mümkün edirdi. Ərzaq Nazirliyi digər ölkə və vilayətlərdən ərzağın alınması və tədarükü üçün öz nümayəndə və müvəkkillərini Ukraynaya və Kubana göndərməyi qərara almışdır. Ərzaq Nazirliyinin müvəkkilləri yerli ərzaq təşkilatları, kooperasiyalar ilə, həmçinin ayrı-ayrı şəxslərlə əmtəə mübadiləsinin yaradılması haqqında danışıqların aparılması üçün Şimali Qafqaza, Qara dəniz quberniyalarına və Kuban vilayətinə də ezam edilmişdilər. Öz növbəsində, həmin vilayətlərin nümayəndələri də özlərinə lazım olan məhsulları əldə etmək üçün Azərbaycana gəlirdilər. Həmin ölkə və vilayətlərlə Azərbaycan arasında qənaətbəxş münasibətlərin yaradılması mümkün olmuşdur. Müstəqilliyin ilk aylarından etibarən Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyinin qorunması, onun qonşu ölkə və vilayətlərlə həyata keçirdiyi əmtəə mübadiləsini nizamlı surətdə təşkil etmək üçün Cümhuriyyət hökuməti tərəfindən bir sıra mühüm qərarlar qəbul edilmişdir. Belə ki, hökumətin 19 iyun 1918-ci il tarixli qərarı ilə Ərzaq Nazirliyinə tapşırılırdı ki, gündəlik tələbat mallarının və mal-qaranın ixracına qadağa qoyulması haqqında təcili olaraq qərar dərc etsin. Hökumətin 22 iyun 1918-ci il tarixli qərarı ilə xarici ölkələrə şərab və digər ərzaq məhsullarının, 27 iyun 1918-ci il tarixli qərarla ilə isə xaricə pambıq, ipək, yun, metal, mal-qara, çörək və digər məhsulların ixrac edilməsi qadağan olundu. Hökumətin 1918-ci il iyununun 22-də qəbul etdiyi digər qərarla xaricə ərzaq məhsullarının ixrac edilməsinin qarşısını almaq məqsədilə, Poylu stansiyasında sərhəd postu təsis edildi. Ümumilikdə, Azərbaycan Şərqlə, eləcə də Şərqin Qərblə ticarət əlaqələrində böyük tranzit yolu rolunu oynayırdı.
Nurlan