ATƏT müşahidə missiyasının qərəzi
Prezident seçkiləri başa çatsa da, lakin seçkilər barədə hələ də müzakirələr, dəyərləndirmələr davam edir. Bir qayda olaraq seçkilərdən sonra səsvermə prosesini izləyən yerli və beynəlxalq müşahidəçilər seçki məntəqələrində apardıqları müşahidələrin nəticələrini açıqlayır, hesabatla çıxış edirlər.
12 Aprel 2018 19:05 SiyasətVə ya seçki qanunvericiliyindən xəbərsiz müşahidəçilər
Prezident seçkiləri başa çatsa da, lakin seçkilər barədə hələ də müzakirələr, dəyərləndirmələr davam edir. Bir qayda olaraq seçkilərdən sonra səsvermə prosesini izləyən yerli və beynəlxalq müşahidəçilər seçki məntəqələrində apardıqları müşahidələrin nəticələrini açıqlayır, hesabatla çıxış edirlər. Səsvermə prosesi başa çatandan az sonra, eləcə də seçkinin ertəsi günü yerli və beynəlxalq müşahidəçilər tərəfindən verilən açıqlamalar ondan ibarətdir ki, aprelin 11-də Azərbaycanda baş tutan prezident seçkiləri azad və ədalətli, demokratik şəraitdə keçirilib. İstər MDB, istər TürkPA, istər Şanxay Əməkdaşlıq Təşkilatı, istərsə də digər bu kimi müşahidə missiyalarının verdikləri açıqlamalar bir daha təsdiqləyir ki, prezident seçkiləri ciddi qanun pozuntuları olmadan, demokratik şəraitdə baş tutub. Və birmənalı olaraq bir fikir vurğulanıb ki, 11 aprel seçkiləri ilə Azərbaycan dövləti bir daha demokratik prinsiplərə sadiqliyini nümayiş etdirib, onu əyani şəkildə ortaya qoyub. Ancaq deyəsən əksər beynəlxalq müşahidəçilərin prezident seçkiləri ilə bağlı nikbin dəyərləndirmələri adəti üzrə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən ATƏT-i, onun Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu razı salmayıb. Hər halda sözügedən qurumların müşahidə missiyasının ötən gün 11 aprel seçkilərinin nəticələri ilə bağlı verdikləri açıqlamalar belə deməyə əsas verir. Müşahidə missiyasının yaymış olduğu birgə bəyanata nəzər yetirdikdə qanunların aliliyi, demokratik hüquq və azadlıqlardan bəhs edənlərin qeyd edilən məsələlərdə nə qədər qərəzli, qeyri-obyektiv olduqları aydın şəkildə sezilir. Məsələn, ATƏT müşahidə missiyası iddia edir ki, Azərbaycanda prezident seçkiləri məhdudlaşdırılmış siyasi mühitdə baş tutub. Həqiqi demokratik seçkilərin şərtləri olan fundamental hüquq və azadlıqları məhdudlaşdıran qanunlar çərçivəsində baş verib. ATƏT-in seçkilərin məhdudlaşdırılmış siyasi mühitdə baş verdiyini iddia etməklə təkcə Azərbaycana qarşı qərəzi, kinini ortaya qoymuş olmur, eyni zamanda yaydığı bəyanatla dünyanı aldatmış sayılır. Nədən ki, Azərbaycanda prezident seçkiləri ATƏT-in iddia etdiyi kimi məhdudlaşdırılmış siyasi mühitdə deyil, çoxsaylı və müxtəlif siyasi düşərgələri təmsil edən namizədlərin mübarizəsi şəraitində baş tutub. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyası ilə yanaşı müxalifət partiyalarının da namizədləri mübarizə aparırdı ki, onların içərisində həm sağçı, həm mərkəzçi, həm də solçu namizədlər vardı. Mövcud reallıq bundan ibarət olduğu halda ATƏT-in Azərbaycanda keçirilmiş prezident seçkilərinin məhdudlaşdırılmış siyasi mühitdə keçdiyini iddia etməsi bu qurumun iç üzünü, yalanını ortaya çıxarmış olur. Deməli, ATƏT və onun Demokratik Təsisatlar və İnsan Haqları Bürosu hələ də Azərbaycana qarşı qərəzli mövqeyindən əl çəkməyib və fürsət düşdükcə, imkan yarandıqca Azərbaycanı hədəf seçir.
Yaxud bəyanatda göstərilən və seçkilərin fundamental hüquq və azadlıqları məhdudlaşdıran qanunlar çərçivəsində baş verdiyi iddiası da böhtandan, eyni zamanda Azərbaycanda keçirilən demokratik seçkilərə kölgə salımaqdan başqa bir deyil. Çünki elə adıçəkilən qurumun Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası hələ seçkidən bir xeyli əvvəl Bakıda olaraq seçkiqabağı mühitlə yaxından tanış olmuşdular. Heç şübhəsiz ki, missiya Bakıda olduğu müddət ərzində prezidentliyə namizədlərin təbliğatı üçün istər televiziyada istərsə də yazılı mediada yaradılan şəraitin də əyani şahidinə çevriliblər. Həmçinin namizədlərə öz təbliğatlarını aparmaq üçün paytaxt və regionlarda kifayət qədər şərait yaradılıb. Belə olan halda seçkilərin fundamental hüquq və azadlıqları məhdudlaşdıran qanunlar çərçivəsində baş verdiyini iddia etmək siyasi riyakarlıqdan başqa bir şey deyil.
Və ya missiyanın irad kimi bildirdiyi bir məsələyə diqqət çəkək. Kifayət qədər gülünc doğuran bu iddianın səslənməsi əslində seçkini müşahidə etməyə gələn bu missiya üzvlərinin adi hüquqi biliklərinin olmadıqlarını, Azərbaycan qanunvericiliyindən xəbərsiz olduqlarını aydın şəkildə ortaya qoyur. Belə ki, missiya üzvləri təbliğat kampaniyası zamanı debatlarda İlham Əliyevin deyil, onun nümayəndəsinin iştirakını nə qədər gülməli olsa qüsur kimi göstərir. Həmçinin o da bildirilir ki, təbliğat zamanı debatlarda iştirak etməyən İlham Əliyev xarici səfərlər edib, qonaq qarşılayıb, regionlarda görüşlər keçirib. Əcaba bu nə məntiqdir. Nə vaxtdan namizədin nümayəndəsinin debatlarda iştirakı qadağan olunub. Yaxud mütləq namizəd özü iştirak etməlidirmi debatlarda? Budurmu sizin yanaşmanız? Göründüyü kimi bu adamlar adi hüquqi prosedurlardan, qanunlardan xəbərsizdirlər. O ki qaldı prezident İlham Əliyevin təbliğat müddətində regionlara səfərləri, ölkəmizə səfər edən dövlət başçılarını qarşılamasına, əslində bu da təbliğatın bir növüdür və yaxşı olar ki, ağızlarını açıb gözlərini yumaraq Azərbaycana qarşı boş-boş, mənasız və qərəzli mövqedən çıxış edən həmin müşahidəçilər hərdən müşahidə apardıqları ölkələrin seçki qanunvericiliyi ilə də tanış olsunlar. Yoxsa bu kimi hallar onların özlərini biabır etməkdən başqa bir şey deyil. Eyni zamanda ATƏT kimi bir təsisatın qeyri-ciddi imicini formalaşdırır.
S.İsmayılbəyli