Parlamentdən Gürcüstanın baş nazirinin bəyanatına etiraz
Milli Məclisin dekabrın 29-da keçirilən sonuncu plenar iclasında millət vəkilləri Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin erməni mallarının fors-major hallarında Abxaziya və Cənubi Osetiya vasitəsilə nəqliyyat dəhlizlərindən keçməsinin mümkünlüyü barədə verdiyi bəyanata ciddi etiraz edib.
29 Dekabr 2017 15:42 SiyasətOqtay Əsədov: "Hesab etmirəm ki, Gürcüstan Azərbaycanla bağlı strateji müttəfiqliyə arxa çevirsin"
Milli Məclisin dekabrın 29-da keçirilən sonuncu plenar iclasında millət vəkilləri Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin erməni mallarının fors-major hallarında Abxaziya və Cənubi Osetiya vasitəsilə nəqliyyat dəhlizlərindən keçməsinin mümkünlüyü barədə verdiyi bəyanata ciddi etiraz edib. Deputat Fərəc Quliyev bu bəyanatın Azərbaycanın maraqlarına uyğun olmadığını qeyd edib: "Gürcüstan-Rusiya müharibəsi zamanı Azərbaycan birmənalı şəkildə Gürcüstanın ərazi bütövlüyünü dəstəklədi. Ermənilər isə Axalkalidə fərqli davranmağa başladılar. Azərbaycan güzəştli qiymətlərlə Gürcüstana enerji ixrac edir. Gürcüstan hakimiyyəti isə ermənipərəst siyasət yürüdür. Odur ki, Azərbaycan bu ölkəyə etdiyi güzəştləri yenidən nəzərdən keçirməlidir". Deputat Qüdrət Həsənquliyev də həmkarının dikirlərini müdafiə edərək Gürcüstanın Azərbaycandakı səfirinin XİN-ə çağırılmalı olduğunu bildirib: "Bir neçə il əvvəl Nino Burcanadze Gürcüstan parlamentinin spikeri idi. Səhv etmirəmsə, NATO PA-nın iclasına dəvət edilmişdi. O çıxışı zamanı bildirdi ki, Rusiya qaz kəmərlərini partladır, bizi qışın soyuğunda dondurub öldürmək istəyir. Azərbaycan özünün bir çox kəndlərinin qazını kəsib Gürcüstan əhalisinə qaz verdi ki, bizdə camaat odun yandırıb isinə bilər. Amma Gürcüstan soyuqdan donub ölməsin". Deputat bildirib ki, Azərbaycan hər zaman bir qonşu kimi öz ləyaqətimizi etibarlılığımızı göstərmişik: "Həmin iclas zamanı ona sual verdilər ki, Kosovanın həll variantı keçmiş sovet respublikalarındakı ölkələrindəki münaqişələrə tətbiq oluna bilərmi? O da dedi ki, nə Moldovaya, nə də Gürcüstana tətbiq oluna bilər. Qarabağın adını isə çəkmədi. Bu artıq həmin ölkənin rəhbərliyinin Azərbaycana olan münasibətidir. Sözsüz ki, o bundan sonra siyasi elitadan uzaqlaşdırıldı. Onu qeyd etmək istəyirəm ki, Azərbaycan Gürcüstana qarşı çox ləyaqətlə davranıb. 2008-ci ildə Rusiya ilə müharibə zamanı tibbi yardım göstərdik. Bakı - Tibilisi -Ceyhan qaz kəməri çəkilərkən güzəştli tariflər müəyyənləşdirdik. Bakı - Tibilisi -Qars çəkilərkən onların kreditlərini ödədik. Bu gün Gürcüstana ucuz qiymətə qaz satılır. Gürcüstanda investisiya qoyuluşuna görə Azərbaycan birinci yerdədir. Belə olduğu halda biz özümüzü elə aparmamalıyıq ki, sanki heç nə baş verməyib. Hesab edirəm ki, Gürcüstanın Bakıdakı səfiri Xarici İşlər Nazirliyinə dəvət olunmalıdır. Deyilməlidir ki, sizin bu hərəkətiniz ləyaqətsiz hərəkətdir. Biz Gürcüstan xalqına, ictimai təşkilatlara müraciət etməliyik. Azərbaycan bildirməlidir ki, bununla Gürcüstan çox şey itirəcək. İşğal altında olan torpaqlar üzərindən bunlar dəmiryol xətti açmaq istəyirlər. Azərbaycan buna çox ciddi reaksiya verməlidir". Millət vəkili Rasim Musabəyov qeyd edib ki, Gürcüstanın muxtariyyətlərinin müstəqilliyini Rusiya tanıyır, Ermənistan beynəlxalq arenalarda verdiyi bəyanatlarla ərazi bütövlüyünün əleyhinə çıxır: "Hesab edirəm ki, erməni məhsulları üçün dəhlizin açılması Gürcüstana fayda vermir, Azərbaycanda da narahatlıq doğurur. Keçən il İran, Ermənistan və Gürcüstan ərazisindən keçməklə qaz nəqli ilə bağlı gedən danışıqlar nəticə vermədi. Baş nazirin verdiyi bəyanatın da nəticə verəcəyini düşünmürəm. Gərək Azərbaycanla Gücrcüstan arasında etimad pozulmasın. Biz müttəfiqik və narazılıqları aradan qaldırmalıyıq". Deputat Əflatun Amaşov qeyd edib ki, Gürcüstanın Azərbaycanın maraqlarına zidd addım atacağına inanmır: "Gürcüstanın belə bir addımı atması zorla qoparılmış ərazilərinin müstəqilliyini tanıması deməkdir. Bu işğalçıya dəstək kimi qiymətləndirilə bilər. Azərbaycan Gürcüstanın ərazi bütövlüyün hər zaman dəstəkləyib. Gürcüstan hər baxımdan bizə yaxın ölkədir". Millət vəkillərinin qaldırdıqları məsələyə münasibət bildirən Milli Məclisin sədri Oqtay Əsədov qeyd edib ki, Azərbaycan ən çətin vaxtlarda Gürcüstana kömək edib: " Ola bilər, kimlərsə bu müttəfiqliyi pozmaq istəyirlər. Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə İşçi Qrupuna bununla bağlı tapşırıq veriləcək. Məsələ araşdırılmalıdır. Bu saziş hətta gürcü politoloqlar tərəfindən də kəskin etiraza səbəb olub və bunu pisləyiblər. Onlar bu sazişi Azərbaycan-Gürcüstan strateji müttəfiqliyinə xələl gətirən amil kimi dəyərləndiriblər. Ona görə də hesab etmirəm ki, Gürcüstan Azərbaycanla bağlı strateji müttəfiqliyə arxa çevirsin və bu mümkün deyil".
Sonra millət vəkilləri gündəlikdə duran qanun layihələrinin müzakirəsini davam etdiriblər. İlkin olaraq "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" yeni qanun üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Layihə barədə məlumat verən Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, sözügedən layihə hərbi doktrinaya, milli maraqlara və beynəlxalq normalara tamamilə uyğundur. Qanun layihəsi səsə qoyularaq təsdiqlənib. Ardınca "Azərbaycan Respublikası ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamənin təsdiq edilməsi" barədə qanun layihəsinin müzakirəsi aparılıb. Sənəd barədə məlumat verən deputat Səməd Seyidov deyib ki, sənəddə Xəzər dənizinin bölünməsi məsələsi də öz əksini tapıb və bu məsələdə Azərbaycanla Türkmənistan bir mövqe nümayiş etdirir: "Hesab edirəm ki, sənəddə Azərbaycan - Türkmənistan münasibətlərinin Xəzər dənizi nöqteyi-nəzərdən ifadə edilməsi müsbət haldır. Həmçinin sənəddə Azərbaycan, Əfqanıstan, Türkmənistan, Gürcüstan, Türkiyə nəqliyyat sahəsindəki münasibətləri də öz əksini tapıb. Azərbaycan Avropa Birliyinə daxil olan 9 dövlətlə strateji partnyoruluğu təsdiq edib. Bizim region dövlətlərindən Gürcüstanla strateji partnyorluq səviyyəsində münasibətlərimiz var. Bu silsiləyə qardaş ölkə Türkmənistanın da daxil olması müsbət haldır". İclasın sonunda Dünya Azərbaycanlıların Həmrəyliyi günü münasibətilə Milli Məclisin müraciəti qəbul olunub. Bununla da MM-in payız sessiyası başa çatıb.
Alim