Hüquqi və demokratik olmaq üçün ölkədə dövlət, vətəndaş cəmiyyəti, KİV və xalqın birliyi gərəkdir
«Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir»
11 Dekabr 2017 15:07 Siyasət"Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir"
Heydər Əliyev
Dünyanın inkişaf etmiş, güclü, hüquqi və demokratik dövləti olması üçün hər hansı bir ölkənin dövlət, vətəndaş cəmiyyəti, KİV və xalqın birliyinə sahib olması gərəkdir. Söhbət ondan gedir ki, vətəndaş cəmiyyətinin inkişaf etmədiyi, qanunların aililiyinin təmin olnmadığı, vətəndaşların hüquq və azadlıqlarının qorunmadığı, söz, mətbuat və fikir azadlığının bərqərar olmadığı ölkə demokratik və hüquqi dövlət sayıla bilməz, bu ölkədə ictimai və dövlət maraqları müdafiə oluna bilməz. Bu baxımdan Azərbaycanı dünyanın ən demokratik və hüquqi dövlətlərindən biri hesab etmək olar. Çünki Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə dövlət quruculuğu məsələsinə xüsusi önəm verilib. Bu sahədə ardıcıl və məqsədqyönlü işlər görülüb. Qeyd edək ki, Ümumilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra 1993-cü ildən Azərbaycanda bütün atributlara malik güclü dövlət yaradıcılığına, quruculuğuna başlanılıb.
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli dövlət quruculuğu sahəsində görülən işlərə münasibətini belə ifadə edib: "Dövlət quruculuğu və onun hüquqi təminatı prosesi uğurlu xətt, istiqamət üzrə davam etdirildi. Bu, həqiqətən də, böyük nailiyyətdir. Hərçənd, Heydər Əliyevin fəaliyyəti daha dərin qatları özündə ehtiva edir. Yəni müasir Azərbaycanda dövlət quruculuğu ilə yanaşı ümumilikdə dövlətçiliyin inkişafı ulu öndərin adı ilə bağlıdır. Tarixə ekskurs etsək görərik ki, Azərbaycanda dövlətçiliyin inkişafı ən çox onun ərazisində dövlət qurumlarının və siyasi liderlərin, böyük sərkərdələrin fəaliyyət göstərdiyi dövrlərlə bağlıdır. Və belə dövrlər Azərbaycan tarixində az olmamışdır. 1993-cü ildən sonra bu istiqamətdə hadisələrin axarına diqqət yetirəndə, onun məqsədyönlü surətdə başqa bir məcraya yönəldildiyinin şahidi oluruq. Əsas kurs insanlarda etnik-milli duyğularla yanaşı, ictimai-siyasi özünüdərk duyğusunun, vətəndaşlıq duyğusunun formalaşdırılmasına yönəldilib. Heydər Əliyevin əsas amalı dövlət işini ümumxalq işinə çevrmək idi. Bu xüsusda ulu öndərin çox maraqlı bir fikri yada düşür: "Bir var dövlət işi ilə məşğul olan adamlar, bir də var adi vətəndaş. Adi vətəndaş da, əgər həqiqətən də vətəndaşdırsa, deməli, öz vətəninə, burada gedən proseslərə, dövlətinə biganə qala bilməz". Heydər Əliyevin böyüklüyü həm də onda idi ki, o, siyasəti iqtisadiyyatdan, mədəniyyətdən, milli-mənəvi dəyərlərdən təcrid etmirdi. Onun özünün bir şəxsiyyət kimi hərtərəfli hazırlıqlı olması, bütün sahələrdə yüksək intellektual səviyyəyə malik olması xarici siyasət kursunun da kompleks şəkildə həyata keçirilməsinə imkan verirdi. Və əgər biz Heydər Əliyevin çıxışlarını diqqətlə izləsək, görərik ki, onun ən böyük nailiyyət hesab etdiyi hadisə Azərbaycanın müstəqilliyi, ən çox vurğuladığı və diqqət verdiyi vəzifə isə müstəqilliyin dönməzliyinin təmin edilməsi idi. Üstəgəl, Azərbaycanın öz maraqlarına uyğun işlənib-hazırlanmış müstəqil siyasi kursu da Heydər Əliyevin əsəridir. Bu gün də həmin kurs böyük uğurla davam etdirilir. Və ya istər böyük və ya kiçik, uzaq ya da qonşu dövlətlərlə, istərsə də iqtisadi və mədəni-mənəvi sahələrdəki tərəf-müqabillərlə münasibətdə Azərbaycan ilk növbədə öz milli maraqlarından çıxış edir. Hazırda cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Heydər Əliyev siyasəti, eyni zamanda, uzun illər boyunca öyrəndiyimiz və öyrənəcəyimiz Heydər Əliyev irsi dövlətçiliyimizin, dövlət quruculuğunun gələcəyi üçün də yetərli təminatdır".
Həqiqətən də demokratiya və insan hüquqları, sosial tərəqqi kimi ümumbəşəri dəyərlərə sadiq olan və hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən Azərbaycan insanların layiqli həyat şəraitinin, rifah səviyyəsinin, cəmiyyətdə özlərini təsdiqetmə imkanlarının artırılması üçün ciddi səylər göstərir. Bu səylərin artırılması istiqamətində "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında" ölkə prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamı var. Bu sərəncamda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi istiqamətində Azərbaycanda vətəndaş cəmiyyəti inistitutları ilə birgə əməkdaşlıq edilməsi nəzərdə tutulub. Konstitusiyamızın 12-ci maddəsində müəyyən edilib ki, insan və vətəndaş hüquq və azadlıqlarının, ölkə vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu məqsədə nail olmaq üçün qəbul edilən qanunların ilk növbədə Konstitusiyamızda və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş insan hüquq və azadlıqlarının təmin olunmasına yönəldilməsi zəruridir. Ölkədə yaranmış qanunyaradıcı təcrübə göstərir ki, qanunların hazırlanması zamanı Konstitusiyamız və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr rəhbər tutulur, habelə bir çox qanun layihələri onların hazırlanması prosesi zamanı insan hüquqları sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatların ekspertizasına təqdim olunur, onların rəyi nəzərə alınmaqla qəbul edilir. Bütün bunların nəticəsidir ki, son illər Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması yönündə kifayət qədər iş görülüb. Əvvəlki illərlə müqayisədə artıq insanlar öz hüquq və azadlıqlarını daha aktiv müdafiə edə bilirlər.
Bir sözlə, müstəqillikdən sonrakı illər ərzində ölkəmizdə vətəndaş cəmiyyətinin qurulmasını, dövlətimiz tərəfindən bu sahəyə ayrılan diqqət və qayğıya məmnuniyyətlə yanaşır, bunu müsbət qiymətləndiririk. Sosial-iqtisadi inkişaf həm də paralel olaraq vətəndaş cəmiyyətinin inkişafı deməkdir. Bu baxımdan da Azərbaycan dövləti, iqtisadiyyatı daha da gücləndikcə, eləcə də imkanlar genişləndikcə regionlarda da vətəndaş cəmiyyətləri gücləndirilir. Etiraf etməliyik ki, hazırda müəyyən yad ünsürlər, missionerlər regionlarımıza gələrək öz fəaliyyətləri, maliyyə imkanları ilə çirkin niyyətlərini həyata keçirmək üçün vətəndaşlarımızı cəmiyyətlərinə üzv etməyə, oyunlarının alətinə çevirməyə çalışırlar. Fikrimizcə, regionlarımızda vətəndaş cəmiyyəti inkişaf etsə, güclü olsa, belə hallar baş verməz və insanlarımız buna tutarlı cavab verərlər. Ona görə də bölgələrimizdə də gənclərin, vətəndaşların vətəndaş cəmiyyəti institutlarının işinə geniş şəkildə cəlb edilməsi nəticəsində ölkəmizdə yüksək səviyyəli vətəndaş cəmiyyətinin formalaşmasına nail olunacaq. Güclü vətəndaş cəmiyyətinin yaradılması isə insanların yad, kənar təsirlərə məruz qalmasının, ona qoşulmasının qarşısını almaqla bərabər, vətəndaşların öz vətəndaş təşəbbüslərini inkişaf etdirməsi ilə yanaşı, ölkəmizin, dövlətimizin, vətəndaş cəmiyyəti institutlarımızın inkişafında yaxından iştirak etməsinə və onların iş yerləri ilə təmin olunmasına gətirib çıxaracaq.
Onu da bildirək ki, son zamanlar Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunda, həmçinin vətəndaş cəmiyyəti institutlarının inkişafında, formalaşmasında, onların əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsində, eləcə də cəmiyyətin hakimiyyətin fəaliyyəti haqqında, hakimiyyət orqanlarının isə cəmiyyətdə baş verən proseslər barədə informasiya ilə təmin edilməsində KİV-lərin əhəmiyyətli və əvəzsiz rolu artır. Yazılı və elektron KİV-lər informasiya mənbəyi, informasiya yayım vasitəsi olmaqla yanaşı, həm də milli dövlətçilik baxışlarının, milli dövlətçilik mənafelərinin ifadəçisi və təbliğatçısı kimi dövlət və cəmiyyətdə aparıcı yer tutur.
"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev bildirir ki, media vətəndaş cəmiyyətinin formalaşmasında çox böyük paya malikdir. Çünki media vətəndaş cəmiyyətinin digər elementlərinin, məsələn, siyasi partiyaların və QHT-lərin fəaliyyət istiqamətlərinin bütün cəmiyyətə aşılanması, həmçinin onların haqqında ictimai rəyin yaradılması prosesində böyük rol oynayır və bu, medianın fəaliyyətinin mühüm istiqamətlərindən biridir: "Media siyasi partiyaların və QHT-lərin fəaliyyətinin cəmiyyətə və dövlətə düzgün çatdırılması, təqdimat olunması, dövlətin QHT-lərlə və siyasi partiyalarla bağlı siyasətinin həm praktiki, həm də qanunvericilk tərəflərinin düzgün izah olunması, təqdimatının edilməsi də medianın üzərinə düşən funksiyalardan biridir. Məsələn, əgər media dövlətin vətəndaş hüquqları ilə bağlı siyasətinin həm praktiki tərəflərini, həm də onun qanunvericilik istiqamətini lazımi qədər cəmiyyətə çatdıra, müdafiə edə və təqdimat eləyə bilməsə, dövlət və vətəndaş arasında qarşılıqlı və anlaşıqlı mühit və normal münasibətlər yarana bilməz".
Azərbaycan Mətubat Şurasının sədri Əflatun Amaşovun fikrincə, media vətəndaş cəmiyyəti institutları ilə cəmiyyət arasında, eləcə də sözügedən institutlarla hakimiyyət arasında təkanverici bir qüvvə rolunu oynayır. Bu da o deməkdir ki, vətəndaş cəmiyyətinin formalaşdırılmasında və inkişafında media əhəmiyyətli paya malikdir. Onun dediyinə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Azərbaycan Mətbuat Şurasının və dövlət qurumlarının vətəndaş cəmiyyəti istiqamətində həyata keçirdikləri müsabiqələrin həm vətəndaş cəmiyyətinin inkişafında, həmçinin bu müsabiqələrə qatılan jurnalistlərin vətəndaş cəmiyyəti haqqında araşdırmalar aparmaqla bu sahə üzrə biliklərinin təkmilləşdirilməsində, həm də ictimaiyyətin vətəndaş cəmiyyəti haqqında məlumatlandırılmasında çox böyük rolu var: "Çünki sözügedən müsabiqələrə təqdim edilən yazılarda vətəndaş cəmiyyəti, onun formalaşması, inkişafı, sözügedən cəmiyyətin hazırki vəziyyəti, problemlər, çıxış yolları, vətəndaş cəmiyyətinin inkişafı sahəsində əldə olunan təcrübələr və nailiyyətlər, eləcə də digər məsələlər öz əksini tapır. Ayrı-ayrı mətbuat orqanlarında dərc edilmiş, internet portallarında və saytlarda yayılmış məqalələr əhali arasında maarifləndirmə işlərinin aparılmasında, insanların vətəndaş cəmiyyəti haqqında daha çox məlumat əldə etməsində mühüm rol oynayır. Bütün bunlar da vətəndaş cəmiyyətinin inkişafına təkan verir. Ona görə də gələcəkdə də bu cür müsabiqələrin keçirilməsi həm bu sahədə araşdırma aparacaq jurnalistlərin, həmçinin oxucuların vətəndaş cəmiyyəti barədə ətraflı və dolğun məlumat almasına imkan verəcək, həm də insanlar vətəndaş cəmiyyəti institutlarının fəaliyyətlərindən xəbərdar olacaqlar".
Nahid Canbaxışlı
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür