Nəticə verməyən səfərlər və həlli müşkülə dönən Qarabağ problemi
Artıq 2017-ci ilin də başa çatmasına sayılı günlər qalıb. Təəssüflər olsun ki, başa vurmaqda olduğumuz bu il də Dağlıq Qarabağ probleminin həlli istiqamətində heç bir müsbət nəticə ilə yadda qalmayacaq.
27 Noyabr 2017 14:10 SiyasətArtıq 2017-ci ilin də başa çatmasına sayılı günlər qalıb. Təəssüflər olsun ki, başa vurmaqda olduğumuz bu il də Dağlıq Qarabağ probleminin həlli istiqamətində heç bir müsbət nəticə ilə yadda qalmayacaq. Düzdür, il ərzində problemin həlli istiqamətində diplomatik fəallıq artsa da, lakin göstərilən cəhdlər nəticə vermədi. Xüsusilə, bu sırada ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Rusiyanın diplomatik fəallığı qeyd edilməlidir. Hətta artan Rusiya diplomatik fəallığı fonunda il ərzində bir neçə dəfə Moskvanın problemi həll etmək astanasında olduğu və ilkin olaraq Azərbaycanın işğal altında saxlanılan 5 rayonunun tezliklə azad ediləcəyi kimi iddialar da səsləndi. Və problemin həllində son nöqtənin Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrovun regiona səfəri çərçivəsində Azərbaycan və Ermənistan rəsmiləri ilə keçirəcəyi görüşdə qoyulacağı ehtimalları da səslənirdi. Buna ümid edənlər də vardı, Lavrovun timsalında Rusiyanın növbəti diplomatik fəallığının fiaskoya uğrayacağını söyləyənlər də. Beləliklə, ikinci arqumentdən çıxış edənlərin proqnozları nə qədər acı da olsa özünü doğrultdu. Beləliklə, Rusiya xarici işlər naziri Sergey Lavrovun regiona səfəri, Azərbaycan və Ermənistan rəsmiləri ilə görüşü baş tutdu. Dağlıq Qarabağ problemi də keçirilən görüşlərdə əsas müzakirə predmeti oldu. Lakin hər zaman olduğu kimi bu səfər də nəticəsiz yekunlaşdı. Və bir daha Rusiyanın hələlik Dağlıq Qarabağ problemini həll etmək iqtidarında olmadığı aydın şəkildə ortaya çıxdı. Elə politoloq Elxan Şahinoğlu da bu qənaətdədir. O, bildirib ki, "Atlas" Araşdırmalar Mərkəzinin əvvəlki yazılarında proqnozlaşdırdııdığı kimi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bölgəyə səfəri nəticə vermədi. Politoloq bildirib ki, Sergey Lavrov Bakıda və İrəvanda münaqişənin həllini sürətləndirəcək heç nə demədi: "Tam əksinə söylədikləri münaqişənin həllinin uzanmasına xidmət edirdi. Birincisi, Sergey Lavrov işğal altındakı torpaqların boşaldılmasıyla bağlı BMT qətnamələri barədə Bakıda bunu dedi ki, bu istiqamətdə səyləri davam etdirmək lazımdır. Halbuki, BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğaldan azad olunmasıyla bağlı 1990-cı illərin əvvəllərində qəbul etdiyi 4 qətnamə yekdilliklə qəbul olunub və icrası məcburi xarakter daşıyır. İkincisi, Sergey Lavrov İrəvanda dedi ki, münaqişənin həllini bəndlərə bölmək doğru deyil, problemin həllinə kompleks yanaşmaq lazımdır. Bu elə rəsmi İrəvanın mövqeyi ilə üst-üstə düşür. Onlar da münaqişənin həllinin paket həllini dəstəkləyirlər. Yəni Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması Dağlıq Qarabağda keçiriləcək referendumla əlaqələndirilir. Azərbaycan bu varianta razı deyil. Rəsmi Bakı münaqişənin həllində mərhələlilik prinsipini dəstəkləyir. Lavrov isə bu barədə bir kəlmə də demədi. Rusiyanın xarici işlər naziri Bakıdakı görüşləri sırasında bircə dəfə də "Azərbaycanın ərazi bütövlüyü" ifadəsini işlətmədi". Politoloq deyib ki, Rusiya siyasətçiləri eyni problemə fərqli prizmalardan yanaşırlar: "Rusiya xarici işlər naziri Cənubi Qafqaz ölkələrinə səfər etdiyi günlərdə Rusiyanın Federasiya Şurasının spikeri Valentina Matbiyenko Serbiyada səfərdə idi. Matviyenko Serbiyanın prezidenti Aleksandr Vuçiçlə görüşündə dedi ki, Rusiya Kosovo məsələsində birmanlı olaraq Serbiyanın ərazi bütövlüyünü dəstəkləyir. Bununla Rusiya separatizm məsələsində Serbiya ilə Azərbaycan arasında fərq qoyduğunu göstərdi. Sergey Lavrov Moskvaya qayıtdıqdan sonra erməni mətbuatında belə xəbərlər yayıldı ki, guya Moskva Dağlıq Qarabağ ətrafındakı 5 rayonun əvəzinə 2 və ya 3 rayonun boşaldılmasını istəyir. Bunun da adını qoyublar "Putin planı". Əslində nə "Lavrov planı", nə də "Putin planı" mövcuddur. Sadəcə, Rusiya rəsmilərinin münaqişənin həlliylə bağlı parça-parça şəklində müəyyən təklifləri var. Bu təkliflər isə Azərbaycanın maraqlarına cavab vermir. Bu arada, Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan ikinci dəfə eyni cümləni təkrarladı: "Dağlıq Qarabağ münaqişəsinin həlli Vladimir Putindən asılıdır". Ərdoğan bununla hamıya iki mesaj göndərir. Birinci mesajın əhəmiyyəti odur ki, Putin istəsə münaqişəni həll edə bilər, sadəcə indiki mərhələdə Kremlı sahibinin bu münaqişəni həll etməyə marağı yoxdur.
İkinci mesajın əhəmiyyəti isə odur ki, münaqişə və onun həlli Rusiyanın tam nəzarəti altındadır, ATƏT və Minsk Qrupu, o cümlədən Türkiyə təkbaşına heç nə edə bilməz. Beləliklə, Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında son günlər intensivləşən səfərlər və danışıqlar heç bir nəticə vermədi. Bu vəziyyət Azərbaycanı qane etmir. Bu o deməkdir ki, cəbhə bölgəsində gərginlik azalmayacaq. Tam əksinə, Azərbaycan ordusunun snayperləri və kəşfiyyat qrupları işğal altındakı torpaqlarda yerləşən postları neytrallaşdırmaqda davam edəcəklər. Böyük dövlətlər bölgədə müharibə imkanlarının qarşısını almağa çalışsalar da, Azərbaycan ordusunun işğalçı ordunun itkisinin artmasına mane olmurlar, mane ola da bilməzlər. Hazırki mərhələdə əsas məqsəd işğalçı dövlətin resruslarını zəiflətməkdir. Bu elə belə də davam edəcək".
Füzuli