Qlobal qarşıdurmaların genişlənməsi Qafqaz üçün nə vəd edir? – ŞƏRH – ÖZƏL

Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfrans iştirakçıları ilə görüşündə qlobal qarşıdurmaların coğrafiyasının genişləndiyini və bir çox ölkələrin bu toqquşmalara cəlb olunduğunu bildirib. Dövlət başçısı vurğulayıb ki, mövcud şəraitdə Türk dünyasını və Qafqaz bölgəsini sülh daxilində saxlamaq üçün birgə böyük səylər göstərilməlidir. Geosiyasi və mədəni mövqeyi ilə Cənubi Qafqaz və Türk dünyası arasında əsas əlaqələndirici halqa olan Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşir. Ölkəmiz Orta Dəhliz, Cənub Qaz Dəhlizi və Türk Dövlətləri Təşkilatı çərçivəsindəki təşəbbüsləri ilə Mərkəzi Asiyanı Qafqaz, Türkiyə və Avropa ilə birləşdirən mühüm iqtisadi, nəqliyyat və mədəni-siyasi mərkəz rolunu oynayır.

İlham Əliyevin qlobal qarşıdurmalar fonunda etdiyi sülh çağırışı Qafqaz və Türk dünyası üçün hansı real təhlükələrdən xəbər verir?

"İlham Əliyevin bu çıxışı təsadüfi deyil - o, konkret kontekstdə səslənib. Azərbaycan-Ermənistan arasında sülh hələ tam oturuşmayıb, baxmayaraq ki, ölkə artıq bir ildən çox sülh şəraitində yaşayır. Prezident həm də dünyada gedən proseslərin idarəolunmaz səviyyəyə çatdığını və xaotik vəziyyətin həm mövcud münaqişələr çərçivəsində dərinləşə, həm də genişlənə biləcəyini vurğulayıb".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əfsanə İbrahimova deyib. Siyasi şərhçinin sözlərinə görə, real təhlükələr kontekstində bildirilir ki, regional münaqişələrin "bulaşma" riski mövcuddur - Prezidentin qeyd etdiyi kimi, artıq bir çox ölkə fəal şəkildə qarşıdurmalarda iştirak edir və qanlı toqquşmaların coğrafiyası genişlənir. Bu, sadəcə ritorik ifadə deyil: Yaxın Şərqdəki, Ukraynadakı və digər bölgələrdəki gərginliklərin Cənubi Qafqaza sirayət etmə ehtimalı nəzərdə tutulur. 

Digər əsas mövzu nəqliyyat enerji dəhlizləridir. Nəqliyyat-enerji dəhlizləri sülhün zəmanətçisi ola bilərmi?

İlk olaraq optimist arqumentlə yanaşsaq, Orta Dəhliz, Cənub Qaz Dəhlizi kimi layihələr qarşılıqlı iqtisadi asılılıq yaradır, nəqliyyat-enerji infrastrukturuna investisiya qoymuş dövlətlər münaqişədən daha çox itirər. Bu, "iqtisadi qarşılıqlı asılılıq sülhü təşviq edir" nəzəriyyəsinə uyğundur və Zəngəzur dəhlizi kimi layihələr də regional inteqrasiyanı dərinləşdirə bilər. Real zəmanət daha çox siyasi sazişlərdən, təhlükəsizlik architekturasından və institusional mexanizmlərdən asılıdır. Realist qiymətləndirmə budur ki, dəhlizlər sülhü asanlaşdıran amil ola bilər. Prezidentin sözlərini analiz edərək deyə bilərik ki, qlobal qarşıdurmaların coğrafiyası həqiqətən genişlənir və artıq iki tərəfli münaqişələr deyil, çoxsaylı ölkələrin fəal iştirak etdiyi mürəkkəb proseslər gedir. Belə bir mühitdə Azərbaycan kimi strateji mövqeyə malik ölkənin sabitlik çağırışı xüsusi çəki daşıyır, çünki Azərbaycan sadəcə kənar müşahidəçi deyil, regionun sabitliyinin əsas dayaqlarından biridir. Ölkəmizin bu mövzuda həqiqətən güclü tərəfləri çoxdur. Bunların ən vacibi məhz balanslaşdırılmış diplomatiyadır. Çünki Azərbaycan həm Rusiya, həm Türkiyə, həm İran, həm də Qərblə iş birliyini davam etdirə bilən nadir ölkələrdəndir. Bu, kiçik ölkə üçün böyük diplomatik məharət tələb edir. Real infrastruktur nailiyyətimiz nəzər salsaq görərik ki, Orta Dəhliz və Cənub Qaz Dəhlizi sadəcə layihə deyil, artıq işləyən, Avropaya enerji təhlükəsizliyi verən konkret infrastrukturdur. Bakı-Tbilisi-Ceyhan kimi layihələr onilliklər əvvəl planlaşdırılıb və uğurla icra olunub. Türk dünyasının həqiqi inteqrator roluna gəlsək, bu mövzuda deyə bilərəm ki, Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində Mərkəzi Asiya ilə Avropa arasında körpü rolunu faktiki olaraq öz üzərinə götürüb, sadəcə şüar səviyyəsində deyil. 

Dəhlizlər sülhün zəmanətçisi ola bilərmi?

Azərbaycanın üstünlüyü ondadır ki, coğrafi mövqeyini iqtisadi əməkdaşlığa çevirə bilib - bu, region üçün nadir uğur nümunəsidir. İnfrastruktur özlüyündə tam zəmanət olmasa da, Azərbaycanın timsalında görürük ki, məhz belə layihələr qonşularını masa arxasına gətirməyə, qarşılıqlı marağı artırmağa kömək edir. Sabit, əməkdaşlığa açıq Azərbaycan olmadan bu dəhlizlərin heç biri mümkün olmazdı, bu mənada ölkə həqiqətən regionun sabitlik "lövbərlərindən" biridir.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31