“Səddam ssenarisi” İrana qarşı: Ərəb ölkələri Vaşinqtonun anti-İran alyansına qoşulacaqmı? – ÖZƏL
16:38 SiyasətABŞ Prezidenti Donald Trampın BMT Baş Assambleyası çərçivəsində Fars körfəzi ölkələrinin liderləri və xarici işlər nazirləri ilə İran məsələsini müzakirə etmək üçün görüş keçirəcəyi gözlənilir. "Axios"un məlumatına görə, sentyabrın 22-də keçirilməsi planlaşdırılan görüşdə ABŞ-ın İranla bağlı müharibədən sonrakı strategiyası müzakirə edilə bilər.
"Donald Trampın istədiyi Körfəz İttifaqının yaradılmasıdır. Vaxtilə bu siyasəti Corc Buş irəli sürmüşdü. O da Səddam Hüseynə, yəni İraqa qarşı bir Körfəz koalisiyası formalaşdırmışdı. İndi isə ABŞ bu siyasəti yenidən İrana qarşı həyata keçirmək istəyir".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, ABŞ uzun müddətdir bunun üzərində çalışır və ABŞ çərçivəsində məhz Fars körfəzi ölkələrinin liderləri, söhbət ərəb liderlərindən gedir, onlarla İrana qarşı koalisiya məsələsini müzakirə edir. Ehtimal ki, ABŞ müttəfiqləri bu dəfə İrana daha güclü və öldürücü bir zərbə endirmək üçün səylər göstərir və böyük həcmdə, geniş bir koalisiyanın əməliyyatını planlaşdırır. Çünki ABŞ-nin bu cür uzaq məsafədən İrana hücumları effektiv nəticə vermir. Eyni zamanda açıq görünür ki, quru əməliyyatları olmasa, hətta desant qüvvələri cəlb olunmasa belə, İrana qarşı əməliyyatlar istənilən sistemli nəticəni verməyəcək.
"Düşünürəm ki, ABŞ-nin, Trampın ehtimal ki, özündə bir planı var və Körfəz liderlərini həmin sessiya çərçivəsində bu planın həyata keçirilməsinə cəlb etmək istəyəcək və bunun üçün çalışacaq. Bu isə, əlbəttə ki, gələcəkdə İrana qarşı genişmiqyaslı əməliyyatların başlanmasına rəvac verə bilər. Ancaq biz onu da nəzərə alaq ki, bu günə qədər Tramp məsələ ilə bağlı istədiyinə nail ola bilmir. Yəni Körfəz ölkələri, düzdür, nə qədər İranla münasibətləri gərgin olsa da, bu cür əməliyyatlarda iştirak etmək istəmirlər. Xüsusilə də İranın son toqquşmalar zamanı bu ölkələrə ciddi şəkildə zərbələr endirməsi onları bu plandan uzaq durmağa məcbur edir", - deyə siyasi şərhçi vurğulayıb.
Səidə Ramazanova