“Qəbələ RLS-in gələcək taleyi bəlli deyil” - AÇIQLAMA
Eldar Sabiroğlu: “Bu barədə Azərbaycan hökuməti qərar verəcək”
12 Dekabr 2012 13:16 Siyasət"Rusiya tərəfindən Qəbələ RLS-in fəaliyyətinin dayandırılmasının heç bir siyasi anlamı yoxdur". Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Azərbaycan Qəbələ RLS-lə bağlı Rusiya ilə əməkdaşlığı davam etdirmək niyyətində olub."Lakin obyektin icarə haqqı çox az olduğundan bizim şərtimiz oldu ki, bu məbləğ artırılsın. Bunu isə Rusiya qəbul etmədi və RLS-in istismarını dayandırdı. Buna baxmayaraq bizim Rusiya ilə müxtəlif istiqamətlərdə əməkdaşlığımız davam etdiriləcək. Müdafiə nazirləri səviyyəsində də əməkdaşlıq mövcuddur və bu əməkdaşlığın davam etdirilməsi üçün heç bir problem yoxdur". Stansiyanın Azərbaycan tərəfindən təhvil alınması məsələsinə gəlincə, E. Sabiroğlu bildirib ki, Qəbələ RLS-dəki inventarlar Rusiyaya məxsusdur. İnventarlar aparıldıqdan sonra RLS-lə bağlı təhvil-təslim işlərinə yaxın vaxtlarda başlanacaq. Mətbuat xidmətini rəhbəri Qəbələ RLS-in bundan sonrakı taleyinə də münasibət bildirib: "Bu barədə Azərbaycan hökuməti qərar verəcək. RLS böyük bir ərazini tutur. Qəbələ də artıq kurort zonasına çevrilib. Ola bilər ki, ərazidən bu məqsədlə də istifadə olunsun". "OLAYLAR"İA