Nemət Pənahlının həyat yoldaşından SOS

Məhbus siyasətçi Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı hüquq müdafiəçilərinə müraciət edib. "Qafqazinfo"ya daxil olan müraciətdə deyilir:

"Hörmətli hüquq müdafiəçiləri! Milli azadlıq mübarizəsinin öncül simalarından olan Nemət Pənahlı 2011-ci ilin yanvar ayından həbsdədir. Onun həbsinə qurama bir səbəb göstərilsə də, əsil səbəb siyasi görüşləri, xüsusilə 2010-cu ilin parlament seçkisi zamanı qarşılaşdığı qanunsuzluqlar, hüquq pozuntuları, ayrı-seçkilik faktlarını mətbuat vasitəsilə kəskin tənqid etməsidir.

Nemət Pənahlı bütün şüurlu ömrünü Azərbaycanın müstəqillik mübarizəsinə və daha sonra müstəqil Azərbaycanda rüşvətxorluq və korrupsiyaya qarşı mübarizəyə həsr edib və buna görə çox təzyiqlər və məhrumiyyətlər yaşayıb.

O, saxlandığı cəzaçəkmə müəssisəsində də əqidəsinə uyğun olaraq rüşvətxorluq və korrupsiyaya qarşı imkanları daxilində mübarizə aparmağa çalışıb, rastlaşdığı qanunsuzluqlar, dustaqların haqlarının tapdanması haqda ərizələr tərtib edərək, onları dustaqlara imzaladıb və aidiyyəti orqanlara göndərib. Buna görə dəfələrlə şantaj və təzyiqlərə məruz qalıb.

Son hadisə dekabrın 5-də baş verib. Nemət Pənahlı məhbus Musa Hacıyevin 17 saylı Cəzaçəkmə Müəssisəsinin rəis müavini Rafiq Məmmədov və rəis əvəzi Samir Hüseynovun ondan rüşvət aldıqları barədə ərizəsini aidiyyəti orqanlara çatdırılmasında ona yardımçı olub. Bu addımı atdığına görə müəssisə rəhbərliyi Nemət Pənahlını təxribata çəkib, bəzi dustaqları onun üstünə qaldıraraq müəssisədə böyük bir qalmaqal yaradıb. Hadisədən sonra Nemət Pənahlı 5 gün müddətə cəza təcridxanasına salınıb. O, cəza təcridxanasına salınan gündən aclıq aksiyasına başlayıb və buna görə cəzası daha 5 gün artırılıb.

Hörmətli hüquq müdafiəçiləri. Nemət Pənahlı ağır şəkər xəstəsidir. Heç bir tibbi yardım görmür. Onun cəza təcridxanası şəraitində aclıq aksiyası keçirməsi səhhətinə ciddi təhlükədir. Sizdən Nemət Pənahlının şiddət, təzyiq və cəza görməsinə münasibət bildirməyinizi, bu faktların hakim dairələrə çatdırılmasını xahiş edirəm. Nemət Pənahlıya qarşı davranışların qarşısı alınmalı və buna görə məsuliyyət daşıyan şəxslər cavab verməlidirlər"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00