Azərbaycanın adı ilə qoşa çəkilən ad - HEYDƏR ƏLİYEV
12 Dekabr 2012 09:00 SiyasətDövlət və millət öz dahiləri ilə yaşayır, inkişaf edir, tanınır və varlığını sübut edir. O xalq xoşbəxtdir ki, onun tarixin üzünü öz ölkəsinə çevirə biləcək bir lideri var. Müasir Azərbaycanın tarixinin də adının qoşa anıldığı bir lideri-Heydər Əliyevi var. O lider ki, ömrünü VƏTƏNi Azərbaycan üçün fəda etməyi bacardığı kimi Vətənini sevib- sevdirməyi də bacardı. Onun üçün Vətən Azərbaycanın hər daşından, torpağından, hər bir insanından ibarət idi. Vətəni hər şeyi ilə bütöv görürdü, ona bəslədiyi sevgi də elə Azərbaycanın özü qədər böyük idi. Bu böyüklüyün zirvəsinə ucalmaqla Azərbaycanı da ucaldırdı. Onu tanıyanlar Azərbaycanı tanıyırdılar. Ona heyran qalanlar Azərbaycana heyran olurdular. Onun düşmənləri Azərbaycanın düşmənləri idi. O hər şeyi ilə heyrətləndirməyi bacarırdı- siyasi təfəkkürü, dünyagörüşü, liderlik bacarığı, vətənə və millətə böyük sevgisi-bir sözlə Tanrının bəxş etdiyi bütün özəllikləri ilə TƏK idi. Buna görə də xalqın ən çətin anında həyatı üçün bütün təhlükələrə rəğmən ön sırada olmağı bacarırdı. Sevdiyi vətəninin bir parçasına çevrilmək üçün Tanrının ona ərməğan etdiklərini bu xalqa qaytarırdı. Bütün sevgisini də daxil etdiyi böyük VƏTƏN məhəbbəti onu da, bu vətəni də yaşadırdı. Vətəninin keçmişində, bu günündə, gələcəyində yaşamağı bacaranlar DAHİdir. O dahiliyə aparan yolda öz bacarığına, ağlına, siyasi zəkasina güvəndiyi kimi, vətəninin ona məhəbbətinə də güvənirdi. Bu böyük sevgini, etimadı doğrultmaq üçün Tanrı tərəfindən görəvləndirildiyini bilirdi. Bilirdi ki, Vətəninə o, məhz o lazımdır. İnsan öz imkanlarını düzgün qiymətləndirəndə doğrudan da faydalı olur. O da dahiliklə uzaqgörənliyin birləşdiyi bir fəhmlə Azərbaycanın gələcəyi üçün etməli olduqlarının fərqində idi. Azərbaycan onun addımları ilə yeriyəcəkdı. O büdrəsəydi, Azərbaycan yıxılacaqdı. O sussaydı, Azərbaycan lal olacaqdı. O çətinliklərə sinə gərməsəydi, Azərbaycan zamanın axarında məhv olacaqdı. O bunları bilirdi, üzərinə götürdüyü işin məsuliyyətini böyük vətən sevgisi ilə birləşdirib Azərbaycan üçün hər şeyin ən yaxşısına nail olacağını bilirdi.
Azərbaycan onun böyük sevgisində yaşayır, ucalırdı. Onun üçün Azərbaycan əbədi məhəbbət idi, heç bir zaman azalmayacaq bir əzəli eşq, bir ilahi məhəbbət. Bu məhəbbətdən yoğrulanlar üçün bu vətən hər şeyin fövqündə dayana bilərdi. Heydər Əliyev də öz Vətən sevgisi ilə hər şeyin fövqündə dayanırdı. Azərbaycan kimi...
Zaman keçir, hər şey dəyişir, dəyişməyən bircə ilahi Vətən məhəbbətidir. Bu məhəbbət insanı Tanrıya daha da yaxınlaşdırır, onu bütövləşdirir, mənəvi kamilliyə yüksəldir. Vətən sevgisi sərhəd tanımır, qarşısına çəkilən sədləri dağıtmağa qadirdir. Vətəndən uzaqda olub vətəni sevmək, onun üçün çalışmaq.. Tarixi keçmişinə güvənən bir ölkə kimi görmək təkcə siyasi məqsəd deyil, həm də həyat amalıdır. Siyasət bu amal uğrunda qurulanda qalib olur- Heydər Əliyev siyasəti kimi...
Vətən eşqi ilə yoğrulan bu siyasətin Azərbaycana qazandırdıqları bəlkə illər sonra daha yaxşı anlaşılacaq. O zamana qədərsə biz yaşanan tariximizlə qürür duymağın əbədi həzzini yaşayacağıq. Azərbaycan öz dahi övladının gözləri ilə baxacaq dünyaya...
Selcan