“Rusiya Ermənistanı silahlandırır” - RƏY

Qabil Hüseynli: “Kreml Azərbaycana qarşı kinini gizlədə bilmir”

Rusiyanın Azərbaycanla olan münasibətləri gərginləşdikcə Ermənistan yenə də bu situasiyadan xeyir götürməkdədir. Rusiya bir tərəfdən Azərbaycanla münasibətləri gərginləşdirir, digər tərəfdən Ermənistanı sürətlə silahlandırır. Kremlin bu qərarlara getməsi prezident Putinin məqsədyönlü ideyalarının görüntü effektidir. Rəsmi Moskvanın Qəbələ RLS-dən imtina etməsi onsuz da gərgin olan Rusiya-Azərbaycan münasibətlərinə qüvvətli zərbəsini vurdu. Rusiyanın Azərbaycanla münasibətləri gərginləşdirməsinin əsl səbəbi Azərbaycanın Qərbi Avropa, Amerika, Avropa İttifaqı və NATO istiqamətli dəyərlərə üstünlük verməsidir. Sözsüz ki, Azərbaycan tərəfin Rusiyaya nəzərən hu seçimi heç də Kremlin baxışlarını əks etdirmir. Putinin də Kreml tribunasından Azərbaycana barmaq silkələməsi də onun hiyləgər ideyalarının görüntüsüdür. Azərbaycan hakimiyyətinin yürütdüyü siyasət Moskvada güzgü effekti ilə əks olunmadığından demək olar ki, Putinin Azərbaycana qarşı qaş çatmaları çox müzakirə olunacaq. Məhz bu istiqamətə politoloq Qabil Hüseynli ilə fikir mübadiləsi apardıq.

Strateji maraqları naminə Qəbələ RLS Rusiyanı tam qane edirdi. Rəsmi Moskva bu cür qurğuya yenidən sahib ola bilməyəcəyi halda ondan imtina etdi 

- Azərbaycan Rusiya ilə münasibətlərin inkişaf etdirilməsinin tərəfdarıdır. Rusiya Qəbələ RLS-nin bağlanmasını özü istədi, bu barədə Azərbaycana nota göndərərək bəyan etdi ki, RLS-dən imtina edir. Danışıqlar uzun müddət davam etdi və Rusiya Azərbaycanın heç bir şərtini qəbul eləmədi. Halbuki, Qəbələ RLS-nin yaratdığı bir sıra ekoloji, iqtisadi xarakterli problemlər vardı ki, onları aradan qaldırmaq üçün icarə xərclərinin artırılması əsas şərtlərdən biri idi. Amma, təəssüflər olsun ki, Rusiya buna razı olmadı və özü obyektiv imtina etdi.

Putinin qaşları yenə düyünlənib. Ermənistanın silahlandırılması, Rusiyadakı azərbaycanlıların sıxışdırılması, Şimali Qafqaza yeni qoşun növlərinin cəmlənməsi ilə demək istəyir ki...

Qeyd edək ki, son zamanlar Rusiyanın Azərbaycana qarşı münasibətlərində soyuqluq hiss edilir. Kreml Azərbaycana qarşı kinini gizlədə bilmir. Məsələn, Xəzər dənizində Hərbi Donanmanın xeyli gücləndirilməsi, Şimali Qafqaza yeni qoşun hissələrinin yerləşdirilməsi Rusiyanın Azərbaycana qarşı psixoloji təzyiq vasitəsidir. Üstəlik də Azərbaycanın qaz siyasətinə maneə olan siyasət yeridilməyə başlayıb. "Cənub Axını" qaz kəməri bir ideya kimi mövcud idi. Yalnız Türkiyə ilə iki il bundan qabaq danışıqlar olmuşdu. Azərbaycan Türkiyə ilə Azərbaycan qazının Avropaya çıxarılması üçün saziş imzaladıqdan sonra Rusiya "Cənub Axını" qaz kəmərini fəallaşdırmağa çalışdı. Tikintini başlamasa da tikintinin başlanması haqqında simvolik bir mərasim keçirdi və Azərbaycanın Avropaya çıxaracağı qazın miqdarından daha çox və daha tez qaz çıxaracağını bəyan etdi. Azərbaycanın acığına Vladimir Putinin göstərişi ilə Ermənistanın silahlandırılması davam edir. Bu yaxınlarda Putinin Ermənistana səfəri gözlənilir. Bundan əvvəl isə Ermənistana xeyli miqdarda silah-sursat bağışlanmışdı. Yəni, Rusiyanın Ermənistandakı hərbi bazaları və şəxsi heyəti Ermənistan Silahlı Qüvvələrinə tabe edilmişdi. Bu 5 milyard dollardan çox silah və qoşun heyəti deməkdir. Bu yaxınlarda da daha bir ideya irəli sürüldü ki, "Kollektiv Təhlükəsizlik Müqaviləsi"nə üzv olan ölkələrin raketdən müdafiə sistemi yaradılacaq. Yəni, Ermənistan Rusiyanın raket şiti ilə müdafiə olunacaq. Bunlar hələ ki üzdə olan addımlarıdır. Rusiya öz daxilində ora işləmək üçün getmiş azərbaycanlılara qarşı rus dilinin öyrənilməsi ilə bağlı müəyyən addımlar atır. Həmçinin Rusiya hakimiyyəti Azərbaycan daxilində qarışıqlıq yaratmaq üçün Rusiyadakı Azərbaycan diasporunun bütün işlərinə qarışır. Bütün bunlar Kremlin anti-Azərbaycan siyasətinin bir siyahısıdır.

Rəsmi Moskva Azərbaycana qarşı açıq şəkildə meydan oxusa Putinin buradan hansı çıxarları olacaq?

Azərbaycan da bir neçə il bundan qabaqkı dövlət deyil. Azərbaycan ona qarşı olan hər hansı təxribatlara qarşı tədbir alacaq potensiala malik olan bir dövlətdir. Buna gösrə də Rusiyanın Azərbaycana qarşı iri miqyaslı mübarizəyə girməsi əsla onun xeyrinə olmayacaq. Çünki, Rusiya Azərbaycana qarşı açıq şəkildə mübarizəyə girişsə Cənubi Qafqazda müxtəlif sivilizasiyalara məxsus olan ölkələr baş-başa gələ bilər.

Mənsur Rəğbətoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00