İranla sərhədlər bağlanır - GÜNDƏM
Siyavuş Novruzov: “Biz müxtəlif dini cərəyanların, narkotik dövriyyəsinin qarşısını almaq üçün belə addımlar atmalıyıq”
11 Dekabr 2012 16:26 SiyasətDekabrın 11-də Milli Məclisin növbəti plenar iclası keçirilib. Cari məsələlər üçün ayrılmış vaxt ərzində çıxış edən millət vəkili Vahid Əhmədov Gürcüstandakı soydaşlarımızın Azərbaycana gəlib-getməsi sahəsindəki problemlərdən danışıb. O, azərbaycanlıların təhsil sahəsində çətinliklərlə üzləşdiyini, məktəblərdə kitab belə tapılmadığını bildirib. YAP icraçı katibinin müavini Siyavuş Novruzov Gürcüstandakı soydaşlarımızın gürcü cəmiyyətinə inteqrasiya etməli olduğunu söyləyib: "Gürcüstandakı soydaşlarımızın gürcü dilini öyrənməsi, ali təhsil alması vacibdir. Biz birinci vitse-spiker Ziyafət Əsgərovla da bu məsələ ilə maraqlanmışıq. Deyirlər ki, kadr gətirin. Gürcü dilini bilir? Yox! Ali təhsili harada alıb? Elşad Abdullayevin universitetində. Azərbaycanlılar Gürcüstan cəmiyyətinə inteqrasiya olunmalıdırlar". Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərarı yüksək dəyərləndirən YAP icraçı katibi Əli Əhmədov isə müxalifətin dekabrın 10-da keçirmək istədiyi icazəsiz aksiyasını yolverilməz hesab edib. Spiker Oqtay Əsədov da ilk Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsinin prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsi olduğunu vurğulayıb: "Bu Azərbaycan xalqının qələbəsidir. Bununla bağlı prezidentimizi də təbrik edək". İclasda "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası arasında cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına (yuyulmasına) və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" sazişin təsdiq edilməsi, "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında mədəni sərvətlərin talanması ilə mübarizə və onların geri qaytarılmasının təmin edilməsi sahəsində əməkdaşlıq haqqında" sazişin təsdiq edilməsi və "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında lizinq fəaliyyətinin genişləndirilməsi üçün əlverişli hüquqi, iqtisadi və təşkilati şəraitin yaradılması haqqında" sazişin təsdiq edilməsi barədə qanun layihələri müzakirəyə çıxarılıb. Qanun layihəsi təsdiqini tapdıqdan sonra millət vəkiklləri "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında axtarış və xilasetmə xidmətlərinin əlaqələndirilməsi haqqında" Sazişin təsdiq edilməsi, "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında "Azərbaycan - Türkiyə Toxumçuluq və Araşdırma Birgə Müəssisəsi"nin fəaliyyətinin nizamlanması haqqında" Protokolun təsdiq edilməsi barədə qanununun layihələrin müzakirəsini aparıblar. Sonra Cinayət Məcəlləsi, Mülki Məcəllə, İnzibati Prosessual Məcəllə, "Mühasibat uçotu" haqqında qanunun layihələrində dəyişikliklər edilməsi məsələsi müzakirəyə çıxarılıb. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, siyasi partiyada üzvlüyə məcbur edənlərin cəzalandırılması üçün Cinayət Məcəlləsinə 169.1 maddəsinin əlavə edilib. Qanun layihəsində təklif olunan həmin maddədə siyasi partiyaya daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur etməyə görə 1000 manatdan 3000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulur. İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər layihəsində siyasi partiyalar tərəfindən dövlət orqanlarının və vəzifəli şəxslərin fəaliyyətinə müdaxilə edilməsinə, həmçinin xarici dövlətlərin siyasi partiyalarının, onların bölmələrinin və təşkilatlarının yaradılmasına və fəaliyyətinə, ləğv edilmiş siyasi partiyanın adından çıxış etməyə və ya fəaliyyət göstərməyə görə, yaxud onun fəaliyyətinin qanunsuz təşkilində iştirak etməyə görə fiziki şəxslər 750-1500 manat, vəzifəli şəxslər 1500-3000, hüquqi şəxslər 8000-15000 manat miqdarında cərimə ediləcək. Bu əməlin təkrar törədilməsinə görə isə layihədə fiziki şəxslərin 1500-3000 manat, vəzifəli şəxslərin 3000-6000 manat, hüquqi şəxslərin 15000-30000 manat miqdarında cərimələnməsi nəzərdə tutulur. "Mühasibat uçotu" haqqında qanuna təklif olunan dəyişikliklərə görə, siyasi partiyalar maliyyə hesabatlarını sadələşdirilmiş mühasibat uçotunun aparılması qaydalarına uyğun tərtib etməlidir. Siyasi partiyalar illik maliyyə hesabatlarını hər il aprel ayının 1-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına verməlidir. Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə KİV-də dərc etdirməlidir. Əli Hüseynli deyib ki, komitənin iclasında siyasi partiya qanunvericiliyinə təklif olunan dəyişiklər çərçivəsində "Dövlət qulluğu haqqında" qanuna təklif olunan dəyişikliyə yenidən baxılması barədə təklif verilib. Qanunun 4.2-ci maddəsinə təklif olunan "dövlət orqanlarında siyasi partiyaların təşkilatlarının yerləşdirilməsinə və ictimai birliklərinin strukturlarının yaradılmasına yol verilmir" dəyişikliyinə yenidən baxılması haqqında qərar verilib: "Bunu qanunvericilik təşəbbüsü subyekti ilə müzakirə etdik və dəyişikliyin layihədən çıxarılmasına qərar verildi. Bundan başqa, siyasi partiyalar haqqında qanunvericiliyin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsində təklif edilən 49-4.1 dövlət və yerli özünüidarəetmə orqanlarında siyasi partiyaların təşkilatlarının yerləşdirilməsinə görə təklif olunan cərimə də ləğv olunub. Beləliklə, dövlət və yerli özünüidarəetmə orqanlarında siyasi partiyaların təşkilatları yerləşdirilə biləcək". Millət vəkili Qüdrət Həsənquliyev bəzi şəxslərin məqsədli şəkildə partiyaya daxil olub, sonradan zorla üzvlükdən çıxarıldığını iddia edə biləcəklərini söyləyib: "Ona görə də bu məsələyə yenidən baxmaq lazımdır".
***
"Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında sərhədyanı rayonlarda yaşayan Azərbaycan Respublikası və İran İslam Respublikası vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında" Memorandumun ləğv edilməsi barədə məlumat verən hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu memorandumun kökündə SSRİ dövründəki mövcud qaydalar əksini tapıb. Hazırda Azərbaycan hazırda bütün ölkələrlə münasibətləri tənzimləyən bir viza sistemi yaradıb. Eyni zamanda sərhəd rejimini, təhlükəsizliyi tənzimləyən qanunlar mövcuddur: "Miqrasiya, vətəndaşların gedib-gəlməsini tənzimləyən mükəmməl qanunvericilik bazası yaradılıb. Hüquqi baxımdan belə bir Memorandumun müddəalarına ehtiyac qalmır. Hər iki dövlətin səlahiyyətli orqanı bu Memorandumun ləğvi barədə mövqeyini bildirir. Azərbaycan Xarici İşlər Nazirliyi dekabrın 9-da Memorandumun ləğvi barədə mövqeyini bildirir". Əli Hüseynli deyib ki, hansısa dövlətlə xüsusi norma düşünülmür: "Bütün dövlətlərə aid edilən bir baza yaradırıq". Millət vəkili Fuad Muradov deyib ki, belə sənədlərin imzalanması və ləğv edilməsi beynəlxalq praktikada asanlıqla həyata keçirilib: "İrana gəlincə, həmişə problem olur. Məsələn, Arazda Xudafərin su anbarının tikilməsinə nə ehtiyac var? Xəzərlə bağlı da İranla belə problemlər olur. Bir müddət əvvəl Kürün səviyyəsinin qalxması ilə bağlı problem yarandı. Xudafərin su anbarı bizim üçün təhlükədir, bunun tikilməsinə ehtiyac yox idi. İndi tikilib, Azərbaycan bu məsələyə diqqətini artırmalıdır ki, çaylarda suyun səviyyəsi artarkən təhlükə olmasın. Bu Memoranduma gəlincə, burada heç bir siyasi məqsəd yoxdur. Artıq dünya dəyişib". Vitse-spiker Ziyafət Əsgərov isə Fuad Muradovu məsələni siyasiləşdirməkdə ittiham edib: "Əvvəlcə deyirsiniz ki, burada siyasi məsələ yoxdur, sonra da onu siyasiləşdirirsiniz. Bunu necə başa düşək? Biz də deyirik ki, bu məsələdə siyasi heç nə yoxdur. Çox qəribə danışırsınız". YAP icra katibinin müavini Səyavuş Novruzov deyib ki, bu gün İranla bağlı statistikaya baxılsa, İrandan Azərbaycan vətəndaşlarının nə isə alması, ticarət əlaqəsi qurması halı sıfır səviyyəsindədir: "Bu Memorandum sərhəd bölgələrində yaşayanların ticarət əlaqəsini nəzərdə tuturdu. Bu gün Azərbaycan vətəndaşları viza almadan İrana keçə bilər. Lakin biz müxtəlif dini cərəyanların qarşısını almaq, narkotik dövriyyəsinin qarşısını almaq üçün belə addımlar atmalıyıq. Bu, tək forsa yox, orada yaşayan soydaşımıza da aiddir. Biz Azərbaycana gələn şəxslərin kim olduğunu bilməliyik. Bu günün tələbi odur ki, belə olmalıdır". Qanun layihələri səsverməyə çıxarılaraq qəbul edilib.
Alim