Azərbaycanlı millət vəkilləri Rumıniyada seçkiləri izləyib
11 Dekabr 2012 15:59 SiyasətDekabrın 9-da Rumıniyada keçirilən parlament seçkilərini ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Azay Quliyev və millət vəkili Eldar İbrahimov müşahidə ediblər. Bu haqda Azərbaycanın Rumıniyadakı səfirliyi məlumat yayıb. "OLAYLAR"ın məlumatına görə, millət vəkilləri seçkiləri izləyəcək ATƏT ölkələrinin parlament üzvləri üçün təşkil olunmuş seçki öncəsi brifinqdə iştirak edib. Dekabrın 9-da millət vəkilləri Buxarestin 1-ci sektor bələdiyyəsində seçki məntəqələrini gəzib, seçkilərin beynəlxalq standartlara və milli qanunvericiliyə uyğunluğunu yoxlayıb, məntəqələrdəki komissiya üzvləri ilə fikir mübadiləsi aparıb, seçici fəallığını və ümumilikdə prosesin gedişatını yaxından izləyiblər. Növbəti gün, 10 dekabr tarixində, Azərbaycan millət vəkilləri seçki prosesinin yekunlarına həsr olunmuş ATƏT Parlament Assambleyasının nümayəndələrinin iclasında öz müşahidələrini açıqlayıblar.