İranla sərhədlər bağlandı?

Zeynəb Xanlarova: “Onlar bizim qardaşlarımızdır, qardaşı da, qardaşdan ayırmaq olarmı?”

"Mən bu memorandumun ləğv edilməsinin əleyhinəyəm. Çünki bu insanların gediş-gəlişini çətinləşdirəcək. Bəllidir ki, sərhədyani ölkələrdə insanlar dolanışıq üçün gedib ticarət edirlər. Odur ki, mən bu sənədə qarşı çıxıram". Bunu BAXCP sədri Qüdrət Həsənquliyev Milli Məclisdə "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti" arasında sərhədyani rayonlarda yaşayan Azərbaycan və İran vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında Memorandumun təsdiq edilməsi haqqında  qanun layihəsinin müzakirəsi zamanı deyib. Q.Həsənquliyev əlavə edib ki, İran dini dövlətdir və məqsədi aydındır: "Ermənistana hər cür dəstək verir, onu ayaqda saxlayır. Amma İranda 35 milyon bacı-qardaşımız var. Hesab edirəm ki, onların bura gəliş-gedişinə mane yaratmaq lazım deyil. Qoy farslarda gəlib dünyəvi dövlətin necə olduğunu görsünlər". YAP icra katibi, deputat Siyavuş Novruzov isə bildirib ki, müasir tələblər var və buna uyğun olaraq qərarlar qəbul etmək lazmdır: "Memorandumun vaxtı bitdiyi üçün qüvvədən düşmüş sayılır. Burada qeyri-adi bir şey yoxdur". Millət vəkili Zeynəb Xanlarova isə bəyan edib ki, bu məsələnin əleyhinə səs verəcək: "Qüdrət müəllim sanki ürəyimdəkiləri söylədi. Onlar bizim qardaşlarımızdır. Qardaşı da, qardaşdan ayırmaq olarmı? Ora gedib gəlirlər. Bəziləri əməliyyat üçün gedirlər, çoxunun qohum-əqrəbası var. Təbii ki, oradan pis niyyətlə bura gəlmək istəyənlər ola bilər. Bəs KQB nə üçündür? Bu adamları yoxlayıb üzə çıxarmalıdır". Sonda məsələ səsə qoyularaq qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00