Qəbələ RLS məsələsi Azərbaycan-Rusiya münasibətlərinə təsir edə bilər

Üzeyir Cəfərov: “Azərbaycanın siyasi və hərbi rəhbərliyi baş verə biləcək təxribat hadisələrinin qarşısını almağa hazır olmalıdır”

Rusiya Azərbaycanın mülkiyyəti olan Qəbələ Radiolakasiya Stansiyasını(RLS) işlətmək barədə yeni müqavilə bağlamaqdan imtina etdi. Rəsmi Moskva iddia edir ki, Azərbaycan yeni müqavilədə icarə müqaviləsinin qiymətini bahalaşdırıb və ona görə də bu ölkəyə həmin qiymətlərlə icarə sərf etmir. Azərbaycan da Rusiyanın bu cavabını normal qarşılayıb və stansiyanın fəaliyyətinin dayandırılmasına qərar verib. Bununla da Azərbaycan ərazisində olan sonuncu rus əsgəri ölkə ərazisindən çıxıb. İki ölkə arasında icarə müqaviləsinin pozulması müxtəlif fikirlərlə qarşılanır. Bəziləri bunun Rusiya-Azərbaycan münasibətlərinə mənfi təsir eədcəyini, bəziləri Rusiyanın bundan sonra Azərbaycana qarşı sərt addımlar atacağını düşünür. Hətta bu məsələdən sonra Azərbaycan ərazisində təxribatların da olacağından ehtiyatlananlar var. Ehtiyatda olan polkovnik-leytenanat, hərbi ekspert Üzeyir Cəfərov da iki ölkə arasında münasibətlərdə soyuqluq yarana biləcəyini düşünür.  Onun sözlərinə görə, Azərbaycan tərəfin icarə haqqını bahalaşdırması Rus əsgərlərinin Azərbaycandan çıxarılması kimi atılan addımlardandır: "Mən düşünürəm ki, iki ölkə arasında olan münasibətlərdə soyuqluq yaranacaq və bu da özünü müxtəlif sahələrdə biruzə verəcək. İndi Azərbaycanın siyasi və hərbi rəhbərliyi tam ciddiyətı ilə baş verə biləcək təxribat və ya xoşagəlməyən hadisələrin qarşısını almaq üçün ayıq-sayıqlığını artırmalıdır". 

Qəbələ Radiolakasiya Stansiyasının Rusiyaya artıq lazım olmaması və bu ölkənin həmin səbəbdən yenidən icarə müqaviləsi bağlamaması fikirlərinə gəlincə isə, hərbi ekspert bu fikri cəfəngiyyat adlandırıb. Onun sözlərinə görə bu obyekt Rusiya üçün regiona nəzarət üçün olduqca vacib idi: "Rusiya tərəfinə Qəbələ RLS lazım olmasaydı, onlar bu qədər dirəniş göstərməzdilər və buna bu qədər vaxt, enerji sərf etməzdilər. Sadəcə, görünür bizim təsəvvür edə bilməyəcəyimiz hansısa ciddi hadisə baş verib ki, Rusiya prezidenti Putin belə sərt və gözlənilməz qərarı verib".

Üzeyir Cəfərov Qəbələ RLS-in Azərbaycan tərəfindən istifadə edilməsinə də münasibət bildirib. Onun sözlərinə görə, Azərbaycanın yaxın gələcəkdə bu obyekti normal işlətməsi çətin olacaq: "Əvvala Azərbaycanda o qədər də çox mütəxəssis yoxdur ki, onlar bu stansiyanı işlədə bilsinlər.  İkincisi də, bu  stansiya bizim üçün o qədər də əhəmiyyət daşımır. Azərbaycan heç bir halda RLS-dən istifadə etməyəcək. Çünki, buna bizim həm mütəxəssizlərimizin azlığı, həm də digər amillər imkan verməyəcək.  Artıq Qəbələ RLS tarixin yaddaşına köçməkdədir. Və bu qərar bizim üçün asan və rahat göründüyü qədər, təsəvvür etdiyimiz və etmədiyimiz qədər problemlər və çətinliklər yaşada bilər.  Yaxşı olar ki, stansiya bağlanar və Qəbələdə turizm obyektləri tikilməyə başlanır". Üzeyir Cəfərov bildirib ki, stansiya hansısa basqa ölkəyə icarəyə verilsə, o zaman Azərbaycan Rusiya tərəfin təzyiqləri ilə üzləşə bilər: "Amma, fikirləşmirəm ki, belə bir addım bizim tərəfimizdən atılsın.  Digər tərəfdən, heç bir ölkə bu stansiyanın işlədilməsində maraqlı deyil.  Ən azından həmin ölkələr Rusiyaya görə bu addımı atmaz. Yararlı olmağına stansiya RLS kimi tam yararlıdır və dünənə kimi o onlayn rejimdə öz funksiyalarını yerinə yetirirdi. Özü də ən yüksək səviyyədə.  O stansiya keçmiş SSRİ-dən qalan stansiya idi və Rusiya tərəfi də SSRİ-nin varisi kimi o stansiyadan öz məqsədləri üçün istifadə edirdi".

Samir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00