AXCP Müsavatsız yeni birlik yaradır - ANALİZ
Əli Kərimli İsa Qəmbəri müxalifətdən dışlayır
11 Dekabr 2012 13:41 SiyasətDekabrın 7-də 8 siyasi partiya liderinin və Ziyalılar Forumu təmsilçisinin iştirak etdiyi toplantı müxalifəti silkələyib. "Qarabağ" blokunun təşəbbüsü ilə "Asiman" restoranında keçirilən toplantıda ADP sədri Sərdar Cəlaloğlu, KXCP sədri Mirmahmud Mirəlioğlu, ALP sədri Əvəz Temirxan, VİP sədri, Əli Əliyev, AXCP sədri Əli Kərimli, Ümid partiyasının sədri İqbal Ağazadə, AMİP sədri Yusif Bağırzadə və Ziyalılar Forumunun təmsilçisi Rafiq Əliyevin iştirak etdiyi bildirilir. Görüşə Müsavat dəvət edilməyib. Ziyalılar Forumunun nümayəndəsi Rafiq Əliyev məclisə qatılsa da, qısa müddətdən sonra toplantını tərk edib. Görünür, Rafiq müəllim toplantının siyasi mahiyyət daşıdığını görərək məclisi tərk edib. Amma indi müzakirə olunan Müsavatın toplantıda nədən iştirak etməməsidir. AXCP sədri Əli Kərimli deyib ki, İsa Qəmbərin görüşdən xəbəri olub. ADP sədri Sərdar Cəlaloğlu da bunu təsdiq edib. O hətta deyib ki, İsa Qəmbərə özü telefon açıb, amma Müsavat başqanı görüşə gəlməyib. Bu, Müsavatın yeni birlikdə təmsil olunmaq istəməməsi anlamına gəlir. Müsavatın bəlli kursu var və bu kurs hələ də davam edir. Müsavat AVİP və Ümidi müxalifət partiyası hesab etmir. Öncədən də bəlli idi ki, Müsavat Partiyası İqbal Ağazadə, Əli Əliyev olan birliyə qoşulmayacaq. Bunu bilə-bilə AXCP-nin İctimai Palatanın razılığı olmadan bu görüşə getməsi Müsavata açıq-aşkar təzyiqdir. ADP-nin niyyəti zatən, bəlli idi. ADP İctimai Palatanın dağılmasını, AXCP-nin Müsavatdan ayrılmasını istəyirdi. AXCP müttəfiqini incidəcək addıma getməməli idi. Getdisə, deməli AXCP-nin niyyəti başqadır. Müsavat başqanı İsa Qəmbər "prezident seçkilərində iştirak edəcəyəm" bəyanatını verəndən sonra AXCP-nin bur cür davranacağını söyləyirdilər. AXCP-nin İctimai Palatadan kənarda birlik axtarışlarına çıxdığı da məlum idi. ADP-dən sızan xəbərlərə görə, Sərdar Cəlaloğlu bir neçə dəfə Müsavat yetkililəri ilə təmaslarda olmuşdu. Məsələ burasındadır ki, AXCP Müsavata təzyiq üçün özü bunu istəyirdi. AXCP-nin tələbi qəti idi: Müsavat indidən AXCP sədrinin namizədliyini dəstəkləyəcəyini bəyan etməlidir. Müsavat buna hazır deyildi və bu addım partiyanın parçalanmasına səbəb ola bilərdi. Aydın məsələ idi ki, Müsavat buna razı olmayacaq. Müsavatı yolundan çəkindimək üçün AXCP təzyiq rıçaqlarını işə salmalı idi. "Səkkizlyin" son görüşü Müsavata təzyiq xarakteri daşıyır. KXCP sədrinin görüşdə iştirakı da Müsavat mesajdır. Müsavat KXCP-dən qopmuş fraksiya adlanan təxribatçılara öz qərargahında yer verir. Görünür, Müsavatsız birliyə qoşulmaqla KXCP cavab qaytardığını düşünür. Amma KXCP Əli Kərimli ilə bir yerdə ola bilməyəcəyindən partiyanın "Səkkizlik"də qalması da real görünmür. Yəqin ki, Müsavatdan əlverişli təklif gələn kimi KXCP "Səkkizliyi" tərk edəcək. "Səkkizliy"in isə daha da möhkəmlənəcəyi gözlənilir. Əli Kərimli və müavinləri son dəfə Müsavata mesaj veriblər: "AXCP sədrinin vahid namizədliyi qəbul olunarsa, seçkiyə İP-lə getmək olar". Müsavat yəqin ki, bu şərti qəbul etməyəcək. O halda "Səkkizliy"in bazasında yeni siyasi birlik yaranacaq. Müsavatın isə yeganə yolu qalır: AXCP-dən sonra İctimai Palatanı qoruyub saxlamaq! Müsavat İP-i yalnız bir halda:-KXCP-ni quruma cəlb etməklə yaşada bilər.
Aydın