Bəyanatlar verməklə münaqişə həll olunmur - AÇIQLAMA
11 Dekabr 2012 12:02 Siyasət"ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyəti nəticə verməlidir. Dublində ATƏT-in XİN Şurasının toplantısı çərçivəsində həmsədr ölkələrin nümayəndələri bəyanat verməklə kifayətləndilər. Amma bəyanat verməklə məsələ həll olunmur". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib. Millət vəkili bildirib ki, həmsədr ölkələr münaqişə tərəflərini siyasi iradə nümayiş etdirməyə çağırsalar da, konkret nəticə yoxdur: "Əslində, həmsədr ölkələr siyasi iradə nümayiş etdirib, münaqişənin həlli yönündə ciddi addımlar atmalıdırlar. Çünki bu dövlətlər dünya siyasətinə təsir etmək gücündədirlər. Ermənistanın işğalçılıq siyasətinə son qoymaq onlar üçün elə də ciddi problem deyil. Bu dövlətlər yaxşı bilirlər ki, Ermənistanın işğalı nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, yüz minlərlə dinc insan öz torpaqlarından didərgin düşüblər. Həmsədr dövlətlər bu işğala son qoymaqla dünyada beynəlxalq hüququn və insan hüquqlarının ali prinsip olduğunu və bu məsələdə heç kimə fərq qoyulmadığını nümayiş etdirə bilərlər. Görünən isə odur ki, onlar bu addımı atmağa o qədər də maraqlı deyillər".