Prezident Tomas O.Melianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Bu gün Prezident İlham Əliyev ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müşaviri Tomas O.Melianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. "Azadinform" xəbər verir ki, ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müşaviri Tomas O.Melia nümayəndə heyətinin üzvlərini dövləti başçısına təqdim edib. Regiona səfərlərinə Azərbaycandan başladıqlarını deyən qonaq bildirib ki, səfərin əsas məqsədi region ölkələri ilə tərəfdaşlıq əlaqələrinin yeni istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparmaqdır.ABŞ Beynəlxalq İnkişaf Agentliyi administratorunun Avropa və Avrasiya Bürosu üzrə müavini xanım Aleksander Peyc təmsil etdiyi qurumun Azərbaycanda həyata keçirdiyi müxtəlif sosial və humanitar layihələrin bundan sonra da davam etdiriləcəyini bildirib. Dövlət başçısı Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə daha da genişləndirmək üçün yaxşı imkanların olduğunu qeyd edib. Dövlət başçısı ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müşaviri Tomas O.Melianın Azərbaycana səfərinin əlaqələrimizin daha da inkişaf etdirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00