AXCP İctimai Palatadan kənar, təkbaşına təşkilatlanır

Həsən Kərimov: “AXCP-nin təşkilatlanması İctimai Palatanın möhkəmlənməsinə xidmət edir”

Xəzər Teyyublu: "AXCP təkbaşına təşkilatlanmaq və aksiya keçirməkdə sərbəstdir"

AXCP-in İctimai Palatadan kənar təkbaşına rayon yerlərində təşkilatlanması barədə məlumatlar yayılıb. İctimai Palataya daxil olan bəzi siyasi partiyalar bunu heç də birmənalı şəkildə qarşılamırlar. Bəzi müxalifət nümayəndələrinin fikirlərinə görə AXCP bunu öz siyasi maraqlarına uyğun şəkildə həyata keçirir ki, bu da İctimai Palatanın qaydalarına zidd hərəkət hesab olunur. KXCP sədrinin müavini Xəzər Teyyublunun sözlərinə görə istənilən siyasi təşkilat təkbaşına qərar qəbul etməkdə müstəqildir: "Əgər hər hansı bir siyasi təşkilatın ayrı-ayrı yerlərdə geniş strukturları varsa onun təkbaşına təşkilatlanmaq hüququ var. Yəni, burada böyüdüləsi heç bir şey yoxdur. AXCP-də təkbaşına təşkilatlanmaq və aksiya keçirməkdə sərbəstdir".
AXCP sədrinin müavini Həsən Kərimovun sözlərinə görə burada İctimai Palatanın qaydalarına zidd hərəkətlər yoxdur: "AXCP-nin təkbaşına təşkilatlanmasının başqa partiyaya heç bir dəxli yoxdur. Xalq Cəbhəsi bütün ili təşkilatlanmaqla məşğul olub. Partiyanın strukturlarını möhkəmləndirir, təşkilata yeni üzvlərin cəlb edilməsi ilə bağlı işlər görülür. AXCP-nin təşkilatlanması İctimai Palatanın möhkəmlənməsinə xidmət edir. 2012-ci ili "Təşkilatlanma ili" elan etmişik, ona görə də tez-tez partiyanın rayon şöbələrində müşavirələr keçirir, məclislər təşkil edirik" (OLAYLAR İA)
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00