“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi beynəlxalq təşkilatlara səsləndi

Ermənistana qarşı sanksiyalar tətbiq olunsun

"Həsrət Yolu" Əsir və Girovlara Kömək İctimai Birliyi Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə müraciət qəbul edib. Müraciətdə bildirilir ki, Ermənistanın xalqımıza qarşı yeritdiyi etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində bu gün Azərbaycanda 1 milyondan artıq soydaşımız hüquqları pozulmuş halda, öz doğma el-obasından qovularaq məcburi köçkün həyatı yaşamağa məhkum olunub, 100 minlərlə insan işgəncə və zorakılıqlara məruz qoyularaq şikəst və əlil edilib, 20 mindən artıq vətəndaşımız qətlə yetirilib, 4090 nəfər soydaşımız itkin düşüb, 900 nəfərdən çox soydaşımız şahid ifadələrinə əsasən əsir və girov götürülərək qarşı tərəfdə hüquqları pozulmuş şəkildə ağır fiziki və mənəvi işgəncələrə məruz qalaraq saxlanılır. Erməni əsir və girovluğunda qəbul olunmuş beynəlxalq hüquq normalarına, konvensiyalara və İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin 5-ci maddəsinə zidd olan işgəncə, təhqir və zorakılıqlara, qeyri-insani alçaldıcı hərəkətlərə məruz qaldıqdan sonra azad edilmiş 1400 nəfərdən çox soydaşımız mənəvi-psixoloji gərginlik şəraitində yaşayır, onların 169 nəfəri uşaq (65 nəfər azyaşlı qız), 289 nəfəri qocadır (114 nəfər yaşlı qadın). Onlarla şəxs əsirlik dövründə məruz qaldığı işgəncələr nəticəsində ruhi xəstə vəziyyətində qayıdıb. 155 nəfər (55 nəfər qadın) qayıtdıqdan sonra məruz qaldıqları mənəvi və fiziki iztirablara dözməyərək dünyasını dəyişib. 550 nəfər isə əsir və girovluqda qəddarcasına qətlə yetirilib ki, onların da 104 nəfəri qadındır.
"Həsrət Yolu" Əsir və Girovlara Kömək İctimai Birliyi 10 dekabr 1948-ci ildə BMT-nin Baş Assambleyasının qəbul etdiyi İnsan Hüquqları Haqqında Ümumi Bəyannaməsinin müddəalarını kobudcasına pozduğuna görə  işğalçı dövlətə qarşı sanksiyaların tətbiq olunmasına çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00