AXCP seçki hazırlıqlarına başlayıb - AKTUAL

Partiya rayonlarda toplantıları təkbaşına keçirir, Müsavatla müttəfiqliyə son qoyulur

İctimai Palatanın dağılacağı haqqında verilən proqnozlar özünü doğrultmaqdadır. Qurum daxilindən sızan məlumatlara görə, İP dekabrın sonuna qədər buraxılmalıdır. İlk baxışda bu xəbər dezinformasiya kimi görünə bilər. Amma məsələ burasındadır ki, İP-in əsas təşkilatlarından olan Müsavatla AXCP-nin son vaxtlardakı davranışları da İP-in ömrünə az qaldığını göstərir. Palatanın buraxılacağını dəqiqləşdirən məsələlərdən biri Müsavat Partiyasının prezident seçkilərinə hazırlığa başlamasıdır. Bir aydan artıqdır ki, partiyanın başqanı İsa Qəmbər İP-lə məsləhətləşmədən namizəd olacağını açıqlayıb. Müsavatın rayon təşkilatlarında iş aparılır ki, İsa Qəmbəri dəstəkləmək lazımdır. Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı ABŞ-a səfər edib və onun başqanın və özünün piarı ilə məşğul olduğu sirr deyil.   Müsavatçılar sosial şəbəkələrdə məsələni kəskin qoyurlar: Müsavatın prezidentliyə namizədi Müsavatdan olmalıdır! Yəni Əli Kərimli olmamalıdır! Maraqlıdır ki. AXCP-də də eyni proses gedir. Müsavatdan güzəştə nail ola bilıməyən AXCP artıq müstəqil fəaliyyətə keçib. Sosial şəbəkələrdə Müsavata və İsa Qəmbərə qarşı piar aparan cəbhəçilər məsələni qəti qoyurlar: Müxalifətin vahid namizədi Əli Kərimli olmalıdır. Keçirilən hər icazəsiz askiyadan sonra cəbhəçilər sosial şəbəkələrdə aksiyanı öz adlarına çıxır, müsavatçıların passiv olduğunu göstərməyə çalışırlar. AXCP sədri Əli Kərimlinin "vahid namizəd praymerizlə müəyyən edilsin" təklifindən sonra isə İctimai Palatada çat dərinləşib, vahid namizəd məsələsində ümidsizlik yaranıb. Artıq İctimai Palatada qurumun buraxılacağı günü gözləyirlər. Məsələ kifayət qədər dəqiqləşib. Müsavat da, AXCP də ayrı-ayrılıqda toplantılar keçirir, seçkiyə ayrılıqda hazırlaşırlar. Ötən həftə AXCP 5-6 rayonda müstəqil toplantılar keçirib. Xəbərlərin təqdimatından aşkar hiss edilir ki, AXCP Müsavatdan ayrılmaq istədiyini hər kəsə göstərmək istəyir. Bu arada İctimai Palata üzvü olmayan şəxslər mətbuata açıqlama verərək AXCP sədrinin vahid namizəd olmasını əsaslandırmağa çalışırlar. ADP üzvü, partiya sədri Sərdar Cəlaloğlunun qardaşı Qurban Məmmədov "Azadlıq"da dərc olunmuş müraciətində İsa Qəmbərin də, Əli Kərimlinin də şanlı namizəd olduğunu bildirib, amma AXCP sədrinin daha üstün olduğunu vurğulayıb. Q.Məmmədov bildirib ki, Müsavat başqanı "müxalifətin qələbəsi naminə" iddiasından geri çəkilməli, Əli Kərimlini  müdafiə etməlidir. ADP yetkilisi hesab edir ki, Əli Kərimli gənclər arasında daha yaxşı iş aparıb və "onların kumirinə çevrilib".  Qurban Məmmədov siyasi karyerası boyunca daim Müsavat başqanına qarşı olub. Bu baxımdan Müsavatın təbliğat ruporu onu asanlıqla zərərsizləşdirə biləcək. Amma məsələ burasındadır ki, Cəlaloğlu qardaşlarından o birisi də, ADP sədri Sərdar Cəlaloğlu da eyni fikirdədir. ADP sədrinin müavini Zakir Hüseyn hesab edir ki, ADP-də əksəriyyət Əli Kərimlini dəstəkləmək niyyətindədir. Belə çıxır ki, ADP-nin niyyətini Qurban Məmmədov dilə gətirib. İctimai Palata dağılan kimi ADP-nin də olduğu yeni qurumun yaranacağı realdır. Ola bilsin ki, AXCP sədrini namizədliyini dəstəkləyən yeni seçki bloku yaransın. Bu blokda ALP, ADP və Müsavatla münasibətləri yaxşı olmayan digər partiyalar da ola bilər. Yəqin ki, dekabr-yanvar aylarında İctimai Palata buraxılacaq. Fevral-mart ayları seçki qurumlarının yaranma vaxtıdır. Mart ayına qədər AXCP ətrafında seçki bloku yaranacaq.

Aslan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00