“Milyarderlər İttifaqı”nın yaranmadan süquta uğraması onun məntiqi sonluğudur” - FİKİR
Zahid Oruc: “Söyün Sadıqovu bəzi dairələr media “qəhrəmanı”na çevirməkdədirlər”
10 Dekabr 2012 13:00 SiyasətPrezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Milyarderlər İttifaqı" adlanan Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqının (RATİ) ünvanına səsləndirdiyi ittihamlara sözügedən qurumun təsisçilərindən olan bəzi şəxslərin cavab reaksiyası cəmiyyətdə birmənalı qarşılanmayıb. Millət vəkili, Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib ki, əslində, bu, hər bir vətəndaşın öz münasibətini bildirməli olan bir məsələdir. Dövlət başçısı İlham Əliyev dəfələrlə öz nitqlərində aydın şəkildə bəyan edir ki, bütün dünyada Azərbaycan əleyhinə olan qüvvələrin başında erməni diasporu dayanır. Dağlıq Qarabağda işğalçı müharibənin, torpaqlarımızın işğalının əsas səbəbkarı, on illər keçməsinə baxmayaraq, həmin ərazilərin azad edilməməsinin ən böyük günahkarı Azərbaycanın dünyada uğurlarını gözü götürməyən və bütün fəaliyyətini ona qarşı yönələn siyasət üzərində quran erməni diasporudur: " Dövlətimizin bu məsələyə münasibəti Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin öz çıxışında bildirdiyi kimi, birmənalıdır. Bu məsələdə həm də ən pisi odur ki, burada Azərbaycan xalqının adından istifadə etməklə "Milyarderlər ittifaqı"nın əsas təşkilatçılarından biri erməni diasporunun lideri ilə danışıqlar aparır, eyni masa arxasında oturur. Şəxsən mənim üçün bunun bir adı var-vətənə və xalqa xəyanət yolunu tutmaq". Millət vəkilinin dediyinə görə, yaranmadan iflasa uğrayan bu təşkilat Azərbaycan diasporunun müstəqillik illərində formalaşan qüvvələrini parçalayır: "Diasporun güclənməsi üçün ona paralel, alternativ təşkilat yaratmaqmı lazımdır? Sual olunur: Erməni diasporunu istər dünyada, istər Rusiyada kimsə parçalamağa cəhd edə bilərmi? Ara Abramyan kimdir? Ümumdünya Erməni Konqresinin və Rusiya Erməniləri İttifaqının sədri. Yəni, söhbət Azərbaycan dövlətinin və xalqının birinci düşməni olan diaspor təşkilatından gedir. O hər dəfə Azərbaycana qarşı bütün sahələrdə savaş açmaq, xüsusilə də, informasiya müharibəsini gücləndirmək haqda bəyanat verir, hər həftə Serj Sərkisyandan telefonla məsləhətlər aldığını qeyd edir. Belə çıxır ki, Söyün Sadıqov Azərbaycan xalqının yaşadığı faciələrin başında duran və əli qana batanlarla bir yerdədir.Təsəvvür edin ki, həmin Abramyan özünün sentyabrın 7-də Ramil Səfərovun azad edlməsinə qarşı Moskvada təşkil etdiyi mitinq haqda fikrini bildirən, Söyün Sadıqovun sədri olduğu "Azərros"un vitse-prezidentini, Nijeqorod Azərbaycan diasporunun sədri Vudadi Abbasova cinayət işi açılmasını tələb edib. Rusiya Federasiyası DİN-nin ekstremizmə qarşı mübarizə İdarəsinə şikayət edərək onu məhkəməyə verib". R.Aslanova xatırladıb ki, V.Abbasov ümummilli məsələlərdə prinsipial mövqeyi ilə məlum olan insandır: "Erməni kimi ikiüzlü olmaq gərəkdir ki, oktyabrın 23-ü Söyün Sadıqovla "bəyanat və dialoq" maskası taxasan, oktyabrın 24-ü isə onun müavini olan diaspor rəhbərinə cinayət işi açmaq üçün müraciət edəsən. Ancaq imzalanacaq birgə bəyanat xatirinə bu barədə susmağa üstünlük verilib. Söyün Sadıqovun həmin bəyanata əsasən ermənilərlə yaratdığı işbirliyi, daha dəqiq desək, "işçi qrupu" yəqin bunu müzakirə edib. Məsələnin mahiyyəti odur ki, erməni xisləti özünü çox tezliklə büruzə verdi. Hələ üstəlik Abramyanın təşkilatı bu günlərdə Rusiyada "2012-ci İlin Təşkilatı" mükafatına layiq görülüb. Eyni zamanda, müxalifət mediasında belə bir absurd sual tez-tez səslənir ki, niyə Rusiyada yaranan bir diaspor təşkilatından YAP iqtidarı narahatlıq keçirir? Bu zaman qarşılıqlı olaraq belə bir sual yaranır: erməni kimliyinin, milli birlik məsələsinin müxalifətə dəxli yoxdurmu? Məgər ümummilli məsələlərdə eyni mövqedən çıxış etmək yalnız iqtidara aiddirmi və müxalifəti düşündürməməlidirmi? Azərbaycan xalqı bu məsələlərdə tərəddüd edənlərin aqibətinin dəfələrlə şahidi olub. Hər kəsin mövqeyi dövlətçiliyin mənafeyinə aid olan məsələlərdə açıq-aydın olmalıdır". Komitə sədrinin eyni zamanda qeyd etdiyinə görə, səslənən ən absurd fikirlərdən biri də budur ki, onlar Rusiya vətəndaşlarıdır və Azərbaycanla məsləhətləşməyə ehtiyacları yoxdur: "Necə deyərlər, əlavə şərhə ehtiyac yoxdur. Adında xalqın, dövlətin əks edildiyi təşkilat yaradılır, lakin bu xalqla, dövlətin maraqları ilə hesablaşmaq gərəksiz hesab edilir? O zaman bu nəyə xidmət edir? Bunun çox yanlış və təhlükəli bir yol olmasının fərqində olanlar, dövlətçiliyə sadiq insanlar əminik ki, orada adlarının təmsil edilməsini heç bir vəchlə qəbul etməyəcəklər və etmirlər də. Bir məsələni də qeyd etməliyəm ki, qarşısına diasporun fəaliyyətini gücləndirmək məqsədi qoyan Söyün Sadıqovun qısa vaxtda "gördüyü işlər" bu ölkədə mövcud olan diaspor qüvvələrimizə, azərbaycanlı adına bir ləkə kimi qəbul edilir. Təşkilatın yaranmadan süquta uğraması və özünü ifşa etməsi onun məntiqi sonluğudur. Artıq baş verən fikir ayrılığı və təşkilatı tərk edənlər bunu aşkar sübut edir. "Milyarderlər ittifaqı" adlanan təşkilat əslində artıq yoxdur.Təsis olunub qeydiyyatdan keçmək hələ heç nə demək deyil. Artıq cəmiyyətdə yaranmamış iflasa uğrayan bu təşkilat haqda ümumi təsəvvürlər formalaşıb. Ərazi bütövlüyümüz təmin olunmamış işğalçı müharibənin başlıca səbəbkarı və ideya müəllifi olan dünya miqyaslı erməni diasporunun başçısı ilə danışıqlara getmək, Azərbaycanda ictimai -siyasi sabitiyi pozmaq istəyən qüvvələrlə bir sırada olmaq kimi qəbul edilməlidir. Artıq hətta, peşmançılıq belə mənasızdır. Öz şəxsi mənafeyi naminə Azərbaycan dövlətinin maraqlarının əleyhinə gedən nəinki bu qurum, istənilən digər qurum və ya şəxs heç nəyə nail ola bilməz. Xalq da, tarix də belələrini heç zaman bağışlamır". R.Aslanova onu da bildirib ki, müstəqillik dövrünün ən böyük nailiyyətlərindən biri də budur ki, Azərbaycan xalqı bu gün də, gələcəkdə də milli birliyin əleyhinə olan istənilən cəhdlərə qarşı sarsılmaz mövqeyini, qətiyyətini ortaya qoyub və bundan sonra da belə olacaq: "Bu məsələdə tərəddüd edənlərin mövqeyinə isə yalnız acımaq olar. Azərbaycanda bu qüvvələrin nəyə isə nail olacağını düşünənlər də əbəs yerə ümidlənməsinlər. Son 20 ildə Azərbaycan xalqı, onun inandığı siyasi lideri görünməmiş təzyiq və təhlükələr dalğasında hər dəfə daha da möhkəmlənib, daha da sıx birləşib. Müdrik xalqımız artıq dostunu və düşmənin ayırd etməyi çox gözəl bilir və dövlət başçısı Prezident Ilham Əliyevə alternativ olmadığına bir daha əmin olaraq bu dəfə də öz seçimində Azərbaycanın gələcəyini yalnız onunla gördüyünü sübut edəcək".
***
Millət vəkili Zahid Oruc isə bildirib ki, "Milyarderlər İttifaqı"nın, xüsusilə, Söyün Sadıqovun müxalifləşdirilməsi və onun üzərində konkret olaraq anti-hakimiyyət cəbhəsi açılması, bizim buna qədərki dövrdə müxtəlif ehtimallarımızı tamamilə təsdiq edir. Yəni, biz bəyan edirdik ki, Rusiyanın ayrı-ayrı dairələri Azərbaycanın xarici siyasət istiqamətlərinə, ölkə daxilində müxtəlif məsələlərə müdaxilə üçün o məkanda uzun müddətdən bəri yaşayan, çalsan, milyonlarını milyarda çevirən şəxsləri ələ almaqda və Azərbaycan əleyhinə siyasətə qoşmaqdadırlar: "Söyün Sadıqov elə bir tanınmış persona deyil, onu sadəcə, bəzi dairələr son dövrlər media "qəhrəmanı"na çevrməkdədirlər və hiss olunur ki, əslində xüsusi bir potensialı daşımasa da, həmin şəxs ancaq faktiki olaraq, bağlı olduğu mərkəzlərlə pis işləmir. Bu dövr ərzində guya ki milli-mədəni hüquqlar üzərində qoruyuculuğunun onun hansı azərbaycanlıların nə qədər hissəsinin həyatlarını yaxşılaşdırmağa, hüquqlarını qorumağa yetdiyini söyləmək çox çətindir. Bunu necə deyərlər, özü təqdim edir. Ancaq həmin adam tərəfindən ölkə daxili siyasi məsələlərin şərhi kifayət qədər diletant təsirləri yaradır. Bir tərəfdən ona görə ki, söhbət məhz həmin o ittifaqa münasibətdən gedirdisə, bu dövlətin maraqlarını, Rusiya ilə əlaqələrini, dostluq münasibətlərini genişləndirməyi hədəf edən bir qurum öz hədəflərini Azərbaycanın ən yüksək dairələri - dövlət başçısı və onun komandası tərəfindən razılaşdıraraq həyata keçirməli idi. Ola bilməz ki, bu "birlik" özü-üzünə ad qoyan bir halda meydana çıxır və guya ki, Rusiyanın içərisində idarəetməyə, ictimai-siyasi həyata müdaxilə edəcəklər, aktiv olacaqlar, azərbaycanlıların mənafelərini dövlət idarəçiliynə daşıyacaqlar, ancaq bu, sanki Azərbaycan hakimiyyətindən kənarda reallaşır. Ikincisi isə, bundan dərhal sanki alternativ bir hakimiyyət komandası görərəkdən dövlət və onu siyasi strukturları ona qarşı çıxmazdılar. Məsələnin şübhəli məqamları ondan ibarətdir ki, bu qurumun içərisində yer alanların anti-Azərbaycan mövqeləri var və bu özünü göstərməkdədir". Z.Oruc qeyd edib ki, məsələnin başqa tərəfi isə müəyyən dövr ərzində fəaliyyət aparan Rüstəm İbrahimbəyovu, əslində burada zorla ilişib qalan və bu məqamda ziyalıların simvolu adı ilə bir cəbhə açıb, daha çox şəxsi incikliyini və davasını aparan şəxsi öz cinahına yuvarlatmaq, oradan isə açdıqları barrikada da ona meydan vermək niyyətidir: "Bu da sübut edir ki, ona xalq mövqeyi gözünü qatmaq, ona belə bir rəyi vermək alınmır. Çünki keçmiş dövrlərdə İbrahimbəyov artıq dərəcədə kommunist elitasının yanında olub, xüsusi ictimai mənafelərin müdafiəçisi kimi özünü göstərməyib, düzdür, çox ünlü əsərlərə imzasını atıb, tanınmış bir personadır, bununla belə, nə müstəqillik mübarizəmizdə, nə də Qarabağ müharibəmizdə yer alıb. Hərçənd ki buna ciddi ehtiyacımız vardı, xeyli sayda ünlü simalar Azərbaycan üçün işləyəcəkləri təqdirdə, səngərdəki tankdan-topdan daha çox səsləri çıxardı, görünərdi, bunun effekti də olardı. Amma olar bunu etmədilər. Ona görə indi məhz mühüm məqamlarda, xüsusilə də, regiondakı hadisələrin müəyyən mənada gərginləşdiyi dönəmlərdə Rusiya işərisində sanki bir milli-etnik zolaq yaradılıb və onun içərisinə Sadıqovlar da qatılıb, həmcinin, "Talış-Muğan Respublikası" ideyasını çoxdan bəri gündəmdə saxlayan, ölkədən qovulmuş, geniş xalq dayağı tapmayanlar da ələ alınır. Bununla yanaşı, "Sadval"ın əli ilə Azərbaycan əleyhinə bir savaş meydanı özünü göstərməkdədir". Millət vəkili belə zənn edir ki, S. Sadıqov əgər Gürcüstan variantından ürəklənibsə və hansısa anti-hakimiyyət, narazı insanların mövqeyini özündə daşımaq istəyirsə, bu, alınmayacaq: "Dediyim ki, o, elə bir ciddi persona deyil. Həddən artıq aparıcı xarizmatik keyfiyyətlərə malik olan, həm də indiyə qədərki dövrdə maliyyə imkanlarını vətəndaş üçün xərcləyən, hətta, humanitar miqyasda adı populyar simalardan deyil. Ona görə öz "xidmət"ini bu cür reallaşdırır, bəlkə həm də öz mülklərini qorumaq üçün belə bir fəaliyyət aparır. Amma çox yaxşı olardı ki, Rusiya öz niyyətlərini daha aydın bir formada təqdim etsin. Bunu da heç şübhəm yoxdur ki, Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri zamanı bunlar baş verəcək. İndi kənar təzyiqlər əgər ona görədirsə ki, Azərbaycan xarici siyasət istiqamətini dəyişsin, iqtisadi məsələlərdə Rusiya daha önəmli rol oynasın, onların yer aldığı birliklərdə Azərbaycan da yer alsın, yəni, Putinin hədəfləri budursa, onu söyün sadıqovların və digərlərinin əli həyata keçirmək çox yanlışdır. Bu bizə Yeltsin dövrünün təzyiq rıçaqlarını, maneralarını xatırladır. Odur ki, Söyün Sadıqovun aralıq dövrdə istifadəsı, sonradan atılması onu gələcəyinə, elə milli varlığına da böyük zərbə vuracaq".
Alim